Özünü “distribüter” adlandıran şirkət yalan danışır? – ARAŞDIRMA
Böyük şirkətlər “Şurataz LTD” ilə əməkdaşlıqlarını inkar edirlər
Mərhum rejissor Rasim Ocaqovun çəkdiyi “İstintaq” filmində Azərbaycan SSR-in nazirlərindən birinin rəhbərlik etdiyi cinayətkar şəbəkənin fəaliyyəti araşdırılır.
Bu cinayətkar şəbəkə Bakıda “xarici istehsal” adı ilə geyimlər buraxan gizli sexlər yaratmışdı. Aktyor Aleksandr Kalyaginin məharətlə oynadığı müstəntiq Seyfinin sayəsində, nazirin rəhbərlik etdiyi cinayətkar şəbəkə ifşa olunaraq məsuliyyətə cəlb edilir.
Bu il mayın 19-da Qafqaznews.az saytında “Mikayıl İsmayılovun şin biznesindəki yaxın adamı kimdir?” başlıqlı yazı dərc olunmuşdu.
“Mənbə bildirir ki, “Şurataz LTD”nin rəhbəri Xaliq Abbasov  Mikayıl İsmayılovla  yaxın dost olduğu üçün  iki ildir  SOCAR-ın nəqliyyat idarəsinə baha qiymətə şin satır, nəticədə milyonlarla manat pul qazanır”, – deyə yazıda bildirilir.
Məqalədə həmçinin bildirilir ki, “Şurataz LTD” şirkəti dünyanın tanınmış istehsalçılarından “Goodyear” və “Michelin” kimi şirkətlərin distribüteridir.
Biz qərara gəldik ki, öyrənək ki, “Şurataz LTD” şirkəti doğrudanmı bu markaların distribüteridir?
Şirkətin Günel adlı satış meneceri (təəssüf ki, o, soyadını bizə bildirmədi – red.) bildirdi ki, “Şurataz LTD” həqiqətən də Azərbaycanda “Goodyear” və “Michelin”in distribüteridir.
“O şirkət “Michelin”in distribüteri deyil. “Şurataz”ın satdığı şinlər Azərbaycana Dubaydan gətirilir”, – deyə bizə “Michelin” nümayəndələri bildirdilər.
Biz həmçinin “Goodyear”ın Moskvadakı nümayəndəliyi ilə əlaqə saxladıq.
Şirkət nümayəndəsi Natalya Oleqova bizə bildirdi ki, “Goodyear”ın Bakıda distribüteri yoxdur.
Tanınmış iqtisadçı Oqtay Haqverdiyevin sözlərinə görə, özünü əsassız olaraq Azərbaycanda başqa şirkətin distribüteri kimi qələmə vermək cinayət əməli sayılır.
“Azərbaycan CM-də bu və ya digər əməlin cəzasını nəzərdə tutan xüsusi maddə var”, – deyə iqtisadçı kavkaznews.az-a açıqlamasında vurğuladı.
Sənan Məmmədli

Kavkaznews.az