“Kəpəz”dəki maliyyə pozuntularının təfərrüatı: Nərimanoğlu hamıdan “haqq” alırmış
“Kəpəz”də sular durulmur. Hər keçən gün yeni faktlar ortaya çıxır, yeni məsələlər gündəmə gəlir.

Sport7.az xəbər verir ki, yeyintilərin yeni təfərrüatları məlum olub.
Maliyyə fırıldağı ifşa edilən və “Kəpəz”in Müşahidə Şurasından kənarlaşdırılan Mikayıl Nərimanoğlu başqalarını da oyununa alət edibmiş. Çox böyük məbləğlərin arxasına keçən və bu səbəbdən AFFA rəhbərliyinin qəzəbinə gələrək departament müdirliyindən də qovulan Mikayıl bəyin geri dönüşü mümkün deyil. Komitələrlə iş üzrə koordinator təyin edilən Nərimanoğlu qısa müddətdən sonra bu işlə də vidalaşacaq.
Onu “Kəpəz”də tora salan icraçı direktor Cabir İbrahimov isə indi özü cəncəldədi. Mikayıl bəyin ardınca, indi də onu çək-çevir edirlər.
Maraqlıdı ki, Gəncə klubunda bu cütlüyün yeyintisinin 2 milyon manatdan çox olduğu haqda şaiyələr gəzir. Təbii ki, klubun büdcəsinin 1 milyon manat civarında olduğunu nəzərə alsaq, hətta 2-3 ilə də bu qədər yeyinti mümkünsüzdü. Amma Nərimanoğlu gizləndikcə və açıqlama vermədikcə belə şaiyələr də qaçılmazdı.
Bununla belə, AFFA-nın baş katibi Elxan Məmmədovun “maliyyə pozuntusu var, amma kritik həddə deyil” açıqlaması da düşünməyə əsas verir? Əcəba, nə qədərdi?
Özəl mənbələrimizdən dəqiqləşdirmişik ki, Mikayıl bəy hər xırda xərcdən də öz payını götürürmüş. Onun ən böyük yeyintiləri isə məşqçilərdən olub. Baş məşqçinin real maaşının üzərinə 3,5 min əlavə edərək özü götürürmüş. Köməkçilərin əməkhaqqı 2000 manatdısa, Mikayıl bəy onları siyahıya 5000 manat kimi salırmış. Uşaq məşqçilərinin maaşı 400 manatdı, amma Nərimanoğlu onlara görə AFFA-dan 600 manat tələb edirmiş.
Özünün aldığı 7000 manatla kifayətlənməyən Mikayıl bəy bir sıra adamların adına da maaş yazıb, özü götürürmüş. Onlardan biri də komandanın sabiq icraçı direktoru Mehman Allahverdiyevin bacanağıdı. UEFA tələblərinə görə, hər klubda təhlükəsizlik məsələlərinə cavabdeh rəhbər şəxs olmalıdı. Gəncə klubunda da bu post var imiş, 2 il öncə İlham adlı şəxs bura təyinat alıbmış. Amma Allahverdiyevin bacanağı təyin olunduğu gündəcə işdən “alınmadı” bəhanəsi ilə uzaqlaşdırılıbmış. Bununla belə, onun adına 2 ildi maaş yazılırmış və ciblərə ötürülürmüş. İbrahimovun detalları açmasından sonra İlham bəy kluba gələrək sənədlərini istəyib və yeyintinin üstü açılıb.
Xatırlayırsızsa, bir neçə gün öncə klubun təhlükəsizlik xidmətinə Elmar Əliyev təyinat aldı. Onun təyinatı elə bu hay-küydən sonra boşalan postun doldurulması üçün reallaşdı. Çünki bu vəzifə boş qala bilməzdi. Amma klub onu kimin yerinə təyin etdiyini açıqlamadı. Deməli, vakant posta görə kəsilən maaş 2 ildi Nərimanoğlunun cibinə gedirmiş. Mikayıl bəy oğlunun da adını klubun maaş cədvəlinə salıbmış.
Əslində, əksər klublarımızda bu cür oyunlar gedir. Sadəcə, belə faktların açılması üçün daxildən kiminsə ifşa etməsi şərtdi. Amma bu addımı atan Cabir bəy də sənədlərə atdığı imzaları ilə maliyyə pozuntularında günah sahibidi. O, Nərimanoğlu qədər olmasa da, ciddi yeyintilərdə pay sahibiymiş. Bilet satışından və s. gələn pullar cibə gedirmiş, həmin maliyyənin sərf olunması gərəkən istuqamətlərə isə AFFA-dan gələn puldan ayrılırmış.
Deyilənlərə inansaq, Cabir bəy anasının və yoldaşının da adını maaş cədvəlinə saldırıbmış, bundan başqa, dayısı əvəzedici komandanın avtobusunun sürücüsü imiş və 2 gün öncə işdən çıxarılıb. Sabah Gəncəyə gedəcək növbəti yoxlama qrupu bütün bu məsələlərə birdəfəlik nöqtə qoyacaq. Onlar mətbuata yardım kimi ayrılan, amma heç kimə verilməyən maliyyəni də kimin yediyini müəyyənləşdirməyə çalışacaq.
Mətbuatda Şahin Diniyevin baş məşqçi postundan uzaqlaşdırılacağı haqda da xəbərlər dolaşır. Amma bildiyimizə görə, belə olmayacaq. Çünki o, heç bir maliyyə məsələsində günahkar deyil. Bununla belə, komandaya Nərimanoğlu ilə birgə gələn çalışdırıcının qış fasiləsində klubla vidalaşması mümkündü. (futbolinfo.az)

LEGİON.AZ