Niyə İlqar Mahmudov cinayət məsüliyyətinə cəlb olunmur?- Bəlkə polis rəisi olduğuna görə?
Eldar və İlqar Mahmudovlardan baş prokurora şikayət olundu, ancaq şikayət DİN-ə göndərildi

Bugünlərdə ölkə mətbuatı Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun həbs olunmağı barədə məlumat yaydı. Fəaliyyəti dayandırılmış Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant Vüqar Mahmudov həmin nazirliyin vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Belə ki, V.Mahmudova özgə əmlakının mütəşəkkil dəstə tərkibində külli miqdarda mənimsəmə, ayrı-ayrı vətəndaşların əmlakını hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini kobud surətdə pozma, vəzifə saxtakarlığı, eləcə də şəxsi maraqlarına görə qulluq mövqeyindən sui-istifadə faktları üzrə ittihamlar elan edilməklə barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Məlumat üçün bildirək ki, həbs edilən Vüqar Mahmudov DİN-nin Bakı BPİ-nin Səbail RPİ-nin keçmiş rəisi İlqar Mahmudovun doğma qardaşıdır. Onu da bildirək ki, Mahmudovlar ailəsinin törətdikləri cinayət əməllərindən zərər çəkənlərdən biri də keçmiş polis zabiti Mahmud Tağıyev olub.

Belə ki, vaxtı ilə M.Tağıyev İlqar Mahmudova 6 min dollar pul verib. Və sonradan ona verdiyi pulu geri istəyəndə İlqar Mahmudov ona “ağıllı” olmağı məsləhət bilib. M.Tağıyev dəfələrlə İlqar Mahmudovdan pulunu istədikdə isə Eldar Mahmudovdan ona xəbərdarlıq gəlib ki, o sakit otursun, yoxsa onu da bir çoxları kimi yükləyib “sroka” göndərərəm.

Məlum olduğu kimi, 2015-ci il oktyabrın 17-də Prezident İlham Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olundu. Milli Təhlükəsizlik Nazirliyi isə 2015-ci ilin dekabrında ləğv edildi. Onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Əks Kəşfiyyat Xidməti yaradıldı.

Dünən mətbuatda çıxan məlumata görə Eldar Mahmudov noyabrın 10-da yenidən dindirilmək üçün Azərbaycanın Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb,3 saata yaxın dindirilib.

Xatırladaq ki, sabiq nazir daha əvvəl 2 dəfə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) vəzifəli şəxslərinə qarşı irəli sürülən ittihamlarla əlaqədar Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılaraq ifadə verib. Sözügedən cinayət işinə əsasən nazirliyin 7 yüksək vəzifəli şəxsinə,o cümlədən general-mayor Akif Çovdarova qarşı AR Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309.1 (vəzifə səlahiyyələrini aşma) и 302.2 (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) maddələri ilə cinayət işi açılıb. Hazırda onların məhkəməsi davam edir və onlar haqqında həbs-qətimkan tədbiri seçilib.

2015-ci il oktyabrında MTN ətrafından baş verən məlum hadisələrdən sonra M.Tağıyev də digər zərərçəkmişlər kimi öz pulunu tələb edərək Baş prokurora Eldar və İlqar Mahmudovlardan şikayət ərizəsi ilə müraciət edib. Ancaq baş prokuror M.Tağıyevin ərizəsini MTN-nin əməkdaşlarının  işinə baxılan idarəyə yox, DİN-ə göndərib. M.Tağıyevə isə heç DİN-dən də cavab gəlməyib ki, onun şikayət ərizəsi kim tərəfindən araşdırılıb. M.Tağıyev 365info saytı vasitəsi ilə İlqar Mahmudova müraciət edərək bildirib ki, onsuz da o da gec-tez öz qardaşı Vüqar Mahmudov kimi, cinayət məsüliyyətinə cəlb olunacaq. “Mənim pulumu qaytar. Sən mənim kimi o qədər insanların pulunu mənimsəmisən! ... İlqar Mahmudov qırqovul quşlarının həvəskarı olub. Ona Bərdə rayonundan iki qırğovul quşu gətirmişdim. Elə quşları da qaytar, üstəlik 6 min dollarımı da!”,- M.Tağıyev İlqar Mahmudova sərt mesaj göndərib.

Qeyd edək ki, “MTN çetesi” haqda mətbuatda çıxan məlumatlarda İlqar Mahmudovun adı tez-tez hallanır.Belə məlumatların birində isə bildirilir ki,“MTN mafiyası”nın zərərçəkmişlərindən biri də “Techmarine LTD” MMC-nin təsisçisi Arif Həsənovdur. Şirkət 1996-ci ildə təsis edilib və gəmi təmiri ilə məşğul olub: “Nəhəng şirkətin sahibləri arasında yaranan problemlər onları “MTN çetesi”nin yuvasına aparıb. Şəriklərin bir-birindən şikayətindən istifadə edən maskalılar hər iki tərəfin “dərisini soyub”. Əvvəlki epizodlarda olduğu kimi təkcə pullarını almayıblar. Hətta şirkətin bir hissəsini özəlləşdirməyə çalışıblar. Zərərçəkmiş Həsənov istintaqa ifadəsində deyib ki, sonradan Səhrab Allahverdiyevlə şərik oldub və şirkətin 50%-ni ona satıb. Onun sözlərinə görə, MMC-nin bank hesabı son 5-6 ildə Beynəlxalq Bankın “Qaradağ” filialında olub. MMC-nin əsasnaməsinə görə, bütün bank əməliyyatları yalnız onun imzası ilə həyata keçirilib. A.Həsənovun şikayətindən görünür ki, onun MTN-lə problemləri şəriki Səhrab Allahverdiyevlə bağlı yaranan şübhələri ilə başlayıb”. (musavat.com)

“MTN mafiyası”nın sonradan həbs olunan üzvlərinin istintaqında bu məsələ ilə bağlı şahid qismində “Qaradağ maşınqayırma” ASC-nin idarə heyətinin sədri Asif Bədəlovun verdiyi ifadəsində İlqar Mahmudovla bağlı maraqlı epizod var. A.Bədələov ifadəsində göstərib ki, Səbail Rayon Polis İdarəsinin rəisi olmuş İlqar Mahmudovla uzun müddət şəxsi münasibətləri olub: “2014-cü ilin sonunda İlqar Mahmudovun otağında öz işimlə bağlı görüşmüşdük. MTN əməkdaşı Fizuli Əliyevlə də orada tanış oldum. 10-15 dəqiqə bir otaqda oturub ümumi söhbətlər etdik. Mən Fizuli Əliyevə öz telefon nömrəmi verdim, o da mənə. Həmin dövrdə Arif Həsənovla da tanış olub müəyyən bir iş görmək istədim. Bir neçə dəfə görüşdük. Aramızda dostluq münasibətləri yarandı. Bir-iki dəfə onun bikef olduğunu görüb səbəbini soruşdum. Şəriki ilə müəyyən maliyyə problemlərinin olduğu barədə qısa danışdıq. Mən də şərikinin qanunsuz fəaliyyəti ilə bağlı MTN-ə müraciət etməsini, Fizuli Əliyevin ona kömək edə biləcəyini dedim. Mən Fizuli Əliyevə zəng elədim. Birlikdə “Sultan” kafesində görüşüb danışdıq. Sonra onlar mənim iştirakım olmadan görüşüblər. 2015-ci ilin yanvar ayında Arif Həsənovla əlaqəm kəsildiyindən sonra baş verənlərdən xəbərim yoxdur”.Sonradan hər iki şərik incidilib və onlardan təzyiq ,şantaj yolu yolu ilə külli miqadarda pul alınıb.Və təbii ki, Eldar Mahmudovun əmisi oğlu olan İlqar Mahmudovun bu məsələdən xəbəri olmamış olmazdı.

Xatırladaq ki, keçmiş polis zabiti M.Tağıyevin LEGİON.AZ saytı vasitəsi keçən il Eldar və İlqar Mahmudovlara ismarıc göndərib. Onun LEGİON.AZ saytına açıqlamasında dediklərini olduğu kimi oxuculara təqdim edirik: ““Görünür Mahmudovlar vəzifədən getsələr də hələ də hüquq mühafizə orqanlarında böyük nüfuza malikdirlər” Keçən ayın 21-də (2016- cı il nəzərdə tutulur) Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova Eldar və İlqar Mahmudovlarla bağlı göndərilən müraciət DİN-ə yönəldilib, lakin hələ də şikayətçi vətəndaşı DİN-ə dəvət edən, əlaqə saxlayan yoxdur.

Bu barədə LEGİON.AZ-a məlumat verən keçmiş polis zabiti M.R.Tağıyev bildirib ki, məsələ ilə bağlı şikayətinin kimlərsə tərəfindən ört-bastır olunmasından narahatdır. “Baş Prokurora müraciətimdən sonra, mən ümid edirdim ki, mənim şikayətimə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində baxılacaq. 21.10.2016 cı il tarixində Baş prokuror cənab Zakir Qaralova müraciət etməyimə baxmayaraq, 26.10.2016 cı il tarixində Baş prokurorluğun Müraciətlərə baxılması idarəsinin rəis müavini, kiçik ədliyyə müşaviri Aynur Osmanovadan cavab məktubu gəldi ki, müraciətim baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Aparatına göndərilir. Ancaq cavab məktubunun üstündən bir ay keçməsinə baxmayaraq, hələ məni DİN-ə dəvət edən, ərizəmi araşdıran olmayıb. Görünür, Mahmudovlar vəzifədən getsələr də, hələ də hüquq mühafizə orqanlarında böyük nüfuza malikdirlər. Bütün bunları nəzərə alaraq, bu məsələnin ictimailəşməsinə qərar verdim. Bundan sonra isə Cənab Prezidentə müraciət etmək fikrindəyəm”, – deyə M.Tağıyev qeyd edib.

Vətəndaşın Baş Prokurora şikayət ərizəsinin mətnini oxuculara təqdim edirik:

“Cənab Baş Prokuror! Əvvəla qeyd etmək istərdim ki, Azərbaycanda qanunların və ədalətin qorunmasında, cinayət və korrupsiya faktlarının obyektiv araşdırılmasında, habelə cinayətkarların layiqli cəzasını almasında Sizin və rəhbərlik etdiyiniz prokurorluq orqanlarının müstəsna rolu vardır. 2015-ci ilin oktyabr ayında Azərbaycan dövlətçiliyi üçün ciddi təhdidə çevrilən MTN qruplaşmasının ifşa olunması və bir sıra korrupsioner generalların məsuliyyətə cəlb olunmasında prokurorluq əməkdaşlarının rolunu müsbət qiymətləndirirəm. Lakin Eldar Mahmudov və ona yaxın olan şəxslər irili-xırdalı o qədər cinayət törədiblər ki, bu bir il ərzində onların bir çoxu hələ də üzə çıxmayıb.

Hörmətli Zakir Qaralov! Yazıb Sizə bildirirəm ki, 2004-cü ildə daxili işlər orqanlarında xidmətim zamanı DİN-in Narkotiklərlə mübarizə idarəsinin şöbə rəisi İlqar Mahmudovla tanış oldum. Demək olar ki, bizim tanışlığımız yoldaşlıq münasibətinə çevrildi. Mən o vaxt Abşeron RPŞ-nin narkotiklərlə mübarizə qrupunun rəhbəri vəzifəsində çalışırdım. İlqar Mahmudovla xidmət zamanı iş yoldaşı olmağım və 2004-cü ildə onun əmisi oğlu Eldar Mahmudovun yenicə DİN-nin Narkotiklərlə mübarizə idarəsinin rəisi vəzifəsinə təyin olunmasını nəzərə alaraq, İlqar Mahmudov mənə təklif etdi ki, “gəl səni Abşerondan bizim idarəyə keçirək”. Əlbəttə ki, mən gələcək karyeram naminə bu təklifə razılıq verdim. Və razılıq verəndən sonra İlqar Mahmudov məni Eldar Mahmudovun qəbuluna saldı və söylədi ki, yaxın günlərdə mənim əmrim Abşerondan DİN-nin Narkotiklərlə mübarizə idarəsinə veriləcək. Mən öz növbəmdə Eldar Mahmudova təşəkkürümü bildirdim və o da mənim əmrimin verilməyinin xərcinin nə olduğunu İlqar Mahmudov tərəfindən mənə deyiləcəyini bildirdi. Sonra İlqar Mahmudov məni öz xidməti otağına dəvət edərək, DİN-in Narkotiklərlə Mübarizə İdarəsinə təyin olunmağımın xərcinin 6 min ABŞ dolları olduğunu söylədi. Mən dostum A.Qasımovdan 6 min ABŞ dollarını borc alaraq İlqar Mahmudova verdim. Və İlqar Mahmudov 6 min ABŞ dollar pulu məndən alaraq yaxın günlərdə əmrimin Narkotiklərlə mübarizə idarəsinə veriləcəyini bildirdi. Ancaq üstündən bir neçə gün keçəndən sonra İlqar Mahmudov məni otağına çağırıb dedi ki, mənim əmrim idarəyə yox, İdarənin Cənub regional şöbəsinə əməliyyat müvəkkili vəzifəsinə verilib. Mən öz narazılığımı bildirdim, o isə məni sakitləşdirərək dedi: “Bunun heç bir fərqi yoxdur sənin adın orda gedəcək rəis Eldar Mahmudovun daxili əmri ilə idarəyə Bakıya ezam olunacaqsan. Sonra da bir müddət keçən kimi, səni idarəyə rəsmi gətirəcəyik”. Bu sözləri eşidəndən sonra, mən razılıq verdim. Ancaq üstündən bir müddət keçdi, Eldar Mahmudov Milli təhlükəsizlik naziri təyin oldu və onun nazir vəzifəsinə təyinatından sonra İlqar Mahmudov da Binəqədi RPİ-nin 6-cı polis bölməsinin rəisi vəzifəsinə təyin olundu. Mən də Narkotiklərlə mübarizə idarəsinə yeni rəis təyin olunan Ramiz Nağıyevlə yola getmədim və o məndən Daxili Təhqiqat İdarəsinə təqdimat yazdı, nəticədə məni tutduğum vəzifədən azad edərək, Cəlilabad RPŞ-nin sahə inspektoru vəzifəsinə təyin etdilər. Mənə qarşı bu cür haqsızlığa etiraz edərək DİO-dan öz xahişimlə xaric olundum. Xaric olunandan sonra, dostum A.Qasımov dəfələrlə məndən ondan aldığım 6 min ABŞ dollarını geri qaytarmağı istəmişdir, ancaq mənim ona 6 min ABŞ dollarını qaytarmaq imkanım olmadığım üçün və Mahmudov tayfasının vəzifədə olduğundan ehtiyat edərək 6 min ABŞ dollar pulu Eldar və İlqar Mahmudovlardan geri tələb edə bilmirdim. İlqar Mahmudovla vaxtaşırı rastlaşan zaman, bir neçə dəfə məndən aldığı pulu xatırlatmışdım, o isə məsələnin üstündən istehza ilə keçmişdi. Yaxın bir ilə qədər əmisi oğlu nazir, özü isə Səbail RPİ-nin rəisi vəzifəsinə qədər yüksələn “mötəbər polis zabiti” olan İlqar Mahmudova hər hansı şəkildə təsir etmək imkanlarına malik deyildim.

Cənab Baş Prokuror! Keçən il oktyabr hadisələrindən sonra dostum A.Qasımov mənə təklif etdi ki, bəlkə, Mahmudovlar barəsində rəsmi şikayət edim. Ancaq mən yenə də ehtyat edib və özlüyümdə fikirləşdim ki, qoy biraz vaxt keçsin, görək kimlər məsuliyyətə cəlb olunacaqlar və bunların iş adamlarından aldıqları milyonlarla pulların yanında bizim 6 min ABŞ dollar pulumuz kiçik bir məbləğdir. Ancaq A.Qasımov bu yaxınlarda yenə də ona olan borcumu yadıma salaraq məni məcbur etdi ki, Sizə – cənab Baş prokurora müraciət edim. Mənim şəxsən bu qədər pulu qaytarmağa imkanım yoxdur. Lakin zərurət qarşısında, Sizin məsələ ilə bağlı tədbir görəcəyiniz ümidi ilə bu ərizəni yazmağa qərar verdim. Xahiş edirəm, Eldar və İlqar Mahmudovlardan bizim pulumuzun alınıb qaytarılmağında köməklik edəsiniz”.

Sənan Məmmədli

LEGİON.AZ