“Bakı fındıq emalı” MMC Xaçmazlı ailənin pay torpağını zəbt edib: Məhkəmə labirinti
Xaçmaz sakini haqqını bərpa etmək üçün məhkəmə qapılarında qalıb.
Yenicag.az xəbər verir ki, Xaçmaz rayonu Maqsudkənd kənd sakini Gülağa Ağasalah oğlu Mehdiyev “Bakı fındıq emalı” tərəfindən qanunsuz zəbt olunmuş 0,63 hektarlıq pay torpağını geri qaytarmaq üçün neçə illərdir ki, məhkəmə süründürməçiliyinə məruz qalıb.
Sözügedən MMC-nin zəbt etdiyi pay torpağı üzərində mülkiyyət hüququnu bərpa etmək üçün ilkin instansiya kimi, Xaçmaz rayon məhkəməsinə üz tutan Mehdiyevin iddiası qismən təmin olunub.
Məhkəmənin bu iddia üzrə 2013-cü il iyulun 26-da keçirilmiş prosesdə haqqında danışılan torpaq sahəsinin qanuni sahibinə – Mehdiyevə qaytarılması haqqında qərar çıxarılıb.
Eyni zamanda, Xaçmaz rayon məhkəməsi ərazisi zəbt olunan G. Mehdiyevin 4 il ərzində uğradığı 1200 manatlıq zərərə görə istədiyi təzminat tələbini də təmin etməyib.
Lakin Xaçmaz məhkəməsinin bu qərarı ilə razılaşmayan “Bakı fındıq emalı” MMC Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edib. Bununla belə, qeyd olunan instansiya (Sumqayıt Apellyasiya Məhkəməsi) 2014-cü il yanvarın 1-də verdiyi qərarla Xaçmaz rayon məhkəməsində Mehdiyevin xeyrinə çıxarılmış qətnaməni qüvvədə saxlayıb.
Sumqayıt Apellyasiya Məhkəməsi özünün 15 yanvar 2014-cü il tarixli qərarı ilə “Bakı fındıq emalı” MMC-nin verdiyi apellyasiya şikayətini də təmin etməyib.
Vətəndaşa məxsus zəbt etdiyi torpaq sahəsini geri qaytarmaq fikrində olmayan “Bakı fındıq emalı” MMC bu dəfə daha yüksək instansiyaya – Ali Məhkəməyə göndərdiyi kassasiya şikayətində yuxarıda qeyd olunan məhkəmə qərarlarının ləğvini xahiş edərək, məqsədinə nail olub.
Şikayətə baxan Ali Məhkəmənin Mülki Kollegiyası 2014-cü il 23 may tarixli qərarı ilə “Bakı fınqıd emalı” MMC-nin kassasiya şikayətini təmin edib. Qərara əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin 2014-cü il 1 yanvar tarixli qətnaməsi tamamilə ləğv edilib. Maraqlıdır ki, Ali Məhkəmənin Mülki Kollegiyası işə yenidən baxılması üçün təkrar Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib.
İşə yenidən baxan Sumqayıt Apellyasiya Məhkəməsi isə 1 oktyabr 2014-cü ildə keçirilmiş iclasda “Bakı fınqıd emalı” MMC-nin maraqlarına uyğun qərar çıxararaq, Mehdiyevə məxsus torpaq sahəsinin geri qaytarılmasına dair iddiasını qəbul etməyib.
Məhkəmədə bu qərar cavabdeh “Bakı fınqıd emalı” MMC-nin nümayəndəsi mübahisə predmeti olan torpaq sahəsini mülkiyyətçilərlə alqı-satqı müqaviləsi əsasında aldığını iddia edib. Bunu nəzərə alan hakim Səyyad Qafari Xaçmaz rayon Məhkəməsinin 2013-cü il iyulun 26-da qəbul etdiyi qərarın qismən ləğvinə dair yeni qərar qəbul edib. Qərara əsasən, Xaçmaz rayon məhkəməsində qəbul olunmuş qətnamənin 0,63 ha torpaq sahəsinin “Bakı fındıq emalı” MMC-nin qanunsuz istifadəsindən alınaraq, Mehdiyevə qaytarılması hissəsi ləğv olunub.
Ancaq maraqlıdır ki, bundan sonra Mehdiyevin çoxsaylı müraciətlərinə baxmayaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin 1 oktyabr 2014-cü ildə qəbul etdiyi qətnamənin surəti ona təqdim olunmur. Bu səbəbdən, Mehdiyev ona məxsus olan və qanunsuz zəbt edilmiş 0.63 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu bərpa imkanından məhrum edilib.
G.Mehdiyev üzləşdiyi tragikomik vəziyyəti ictimailəşdirməklə qarşılaşdığı problemin həllinə ümid edir.

LEGİON.AZ