MTN rəisinin müdafiəsinə müxalifətçi Firudin Ələkbərli qalxdı – (FOTO-AUDİO+18)
365info saytının redaksiyasına etibarlı mənbədən daxil olan məlumata görə rusiyalı iş adamı, əslən Tovuz rayonundan olan Hümmətov Rəfail  “Qafqaz Hüquq Mərkəzi” vasitəsi ilə keçmiş MTN rəisi Anar Məhərrəm oğlu Məhərrəmovun onun başına gətirdiyi zülmlərdən ölkə başçısına müraciət edib. Mənbə hətta müraciətin bir nüsxəsini də 365info-nun redaksiyasına göndərib. Həmin müraciət bundan əvvəl saytımız vasitəsi ilə ictimailəşib.
“Mənim məruz qaldığım problemin təkcə mənə aid olmadığını nəzərə alaraq mətbuat vasitəsi ilə ictimailəşdirilməsini və xarici investorları Azərbaycana sərmayə qoymağa dəvət edən, 50 milyondan çox olan Dünya Azərbaycanlılarının Prezidenti cənab İlham Əliyevə çatdırılmasını xahiş edirəm”, – Moskva şəhərində yaşayan sahibkar – iş adamı, xeyriyyəçi, RF vətəndaşı Hümmətov Rəfail Talıb oğlu müraciətində bildirir.
İş adamı, keçmiş “MTN-çi rəis” Anar  Məhərrəmov tərəfindən uzun müddət psixoloji təcavüzə məruz qalması, inzibati zorakılıq göstərməklə əmlakının əlindən alınmasından şikayət edir. “Qafqaz Hüquq Mərkəzi”nə hüquqlarının müdafiə edilməsi üçün müraciət edən  Rəfail Hümmətov şikayətinin Prezident cənab İlham Əliyevə çatdırılmasını xahiş edib.
“Uzun illər baxımsızlıqdan bərbadlaşmış, 2 hektar ərazisi olan kəndin istirahət və mədəniyyət parkını abadlaşdırmaq, ona bitişik olan, “1941-45-ci illərdə Böyük Vətən Müharibəsində həlak olanlar”ın və “Qarabağ Müharibəsi Şəhidləri”nin xatirəsinə yaradılmış abidələri təmir-bərpa etmək üçün aidiyyəti məsul şəxslərin razılığını və həmkəndlilərinin xeyir-duasını aldıqdan sonra, 2010-2013-cü illər ərzində hissə-hissə ərazini əsaslı təmir-bərpa etdirib yeniləşdirmiş, böyük su fontanı, hovuz, əlavə olaraq ticarət mərkəzi, çay evi inşa etdirməklə bir neçə iş yeri də açmışdır. Lakin, onun öz şəxsi vəsaiti hesabına və həvəslə başladığı bu sərmayəçi-xeyriyyəçilik işi 2013-cü ilə qədər davam etsə də, sonradan yarımçıq qalmışdır.
Bunun da səbəbkarı “kənddən olub kənddəkilərə qənim kəsilən, özündən razı, müştəbeh, təkəbbürlü, rəzil, öz əlaltısı “Seyidəli”nin sözləri ilə desək “kəsdiyi başa sorğu edilməyən”, “qabağında heç kəs dura bilməyən”, “ayə, Allahdır, ey, Allah” və ta nə bilim nə olan, keçmiş “MTN-nin böyüyü Eldar Mahmudovun balaca rayonda yekə iddialı MTN-çi rəisi”olan, vaxtı ilə özünü öyərək “lazım olsa Moskvada LİBOY problemi də həll edərəm” deyən, bu gün isə məsuliyyətdən yayınmaq üçün “gözdən uzaq-könüldən iraq” gümanı ilə, işini başqa sahəyə dəyişərək, çəkilib dağlarda “bəlkə də qaytardılar” xülyası ilə yaşayan, “vaxtı ilə qabağında İSMİRNA duran” Hümmətov Rəfailin indi gözünə görünməmək üçün gecə ikən kəndə gəlib özünün mal fermasında Seyidəli ilə “dərdləşib” sübh tezdən  kənddən çıxan Məhərrəmov Anar Məhərrəm oğludur. Hadisələr belə cərəyan etmişdir:
“Seyidəli” kimi tanınan Düz Qırıqlı kənd sakini Seyidov Əli Həsən oğlu abadlaşdırma işləri ilə məşğul olan Rəfail Hümmətovla yaxınlıq edib, parkda onu “Göygöl rayonun MTN-in rəisi Məhərrəmov Anar”la tanış edir və “Anar səni iş yerinə qonaq dəvət edib” deyərək, onu “zor-xoş Göygöl rayonuna aparır, Məhərrəmov Anar iş otağında “Kabinetə təzə gələn rəisə şirinlik verməlidir” deyib, ondan “500 dollar rəis şirinliyini qoparır” və Hümmətov Rəfailə məclis də təşkil etdirir.
Növbəti görüşdə Məhərrəmov Anar ondan “Çay evini işlətmək üçün Seyidəliyə ver” deyə tələb edir. Məhərrəmov Anarın təkəbbürlü təzyiqinə etiraz etməyin xeyir gətirməyəcəyini başa düşən Hümmətov Rəfail onunla razılaşır və həmin vaxtdan tez-tez, təmtəraqla kəndə gəlib, çay evində oturaraq özünü mühüm bir rəis kimi camaata nümayiş etdirən Məhərrəmov Anar: “kim Seyidəliyə dəyərsə, deməli mənim qabağıma keçir” deyərək, Hümmətov Rəfaili “hədələyir və qorxuzur, çünki bu həmin o vaxt idi ki, naziri Mahmudov Eldar olan bəzi “MTN”-çilər Respublikada tüğyan edirdilər, onların “kəsdiyi başa” sorğu yox idi. Kənddən də bir neçəsinin başına torba keçirib aparmışdılar. Həmin şəxslər ölkədən kənarda yaşayan sahibkarlar idi ki, onların pul sarıdan imkanlı olduqları hamıya bəlli idi. Hər dəfə kimsə kənddən aparılanda Seyidəli deyirdi ki, “Anarın işidir eyy! Anarın arxası möhkəmdir, sözünün qabağında heç kim dayana bilməz. Allahdır, ey, Allah!”…  Onun dediyinə görə “Anar Məhərrəmov Tovuz rayonundan da, elə öz kəndlərindən olan  bir çox iş adamlarının başına torba keçirtdirərək MTN-ə apartdırıb külli miqdarda pullarını aldırıb”.
2014-сi ilin noyabr ayında Məhərrəmov Anar əlaltısı Seyidəlinin vasitəsi ilə Hümmətov Rəfaili çağırtdırıb Gəncə şəhərində olan “Ərikli” kafesinə gətizdirir və orada “Daşkəsən MTN şöbəsinin rəisi Eldənizin də iştirak etdiyi söhbətdə “Mənə pul lazımdır, məni Bakı şəhərinin “Neftçilər” metrosu olan Nizami rayonuna MTN-nin rəis vəzıfəsinə dəyişirlər və bu işə görə yuxarıdan beş yüz min dollar tələb olunur. Pulun 200.000 dollarını  mütləq sən tapıb verməlisən.” deyə ondan tələb edir və bu qədər pulu olmadığını deyən Hümmətov Rəfailə, sonradan Seyidəlinin vasitəsi ilə xəbər çatdırır ki, “əgər pulu verməsə onu da həmkəndliləri Qaranın, Elçinin, Xanların və başqalarının halına salacaq. Belə ki, “kənddə hamı bilirdi ki, həmin şəxsləri müxtəlif yollarla Anar apartdırıb pullarını aldırıbdır”.
Bu səbəbə özünün və ailə üzvlərinin taleyindən qorxan Hümmətov Rəfail Moskva şəhərindəki dost-tanışlarından 130.000 ABŞ dolları pul toplayıb Məhərrəmov Anara çatdırır.
Bununla “doymayan” Məhərrəmov Anar özünün mal fermasına şəriklik etmək adı ilə Hümmətov Rəfaili “Prado” markalı maşınını əlaltısı Seyidəlinin tanışına 20.600 ABŞ dolları məbləğində pula satmağa məcbur edərək, pulu öz qaynı Bağırov Vüsalın vasitəsi ilə alıb mənimsəyir.
Lakin, məlum hadisələr cərəyan etdikcə, bəzi keçmiş “MTN-çilər” kimi Məhərrəmov Anarın da işi dəyişdirilir. Bundan sonra, Hümmətov Rəfail ondan öz pullarını tələb edir. Anar Məhərrəmov əvvəlcə razılaşıb pullarını son qəpiyinə qədər qaytarmağa hazır olduğunu ona desə də, sonradan Rəfaildən qaçaraq, min bir bəhanə ilə görüşməkdən yayınır.
“Tapıldıqdan” sonra isə, üzə çıxmayan Məhərrəmov Anar öz adamlarının vasitəsi ilə Gəncə şəhərində yarımçıq qalmış, sənədi olmayan bir həyət evini 180.000 manata, Bakı şəhərində: D.Bünyadzadə küçəsi, ev 34-B ünvanında 2 qoşa mənzilini hər birini 150.000 manata, Cavadxan küçəsi 44, mənzil 32 ünvanda olan mənzili 100.000 manat qiymətə hesablamaq şərti ilə təklif etsə də, mütəxəssislər qiymətlərin qəsdən 2 qat şişirdildiyini bildirdikdə Hümmətov Rəfail razılaşmadığı üçün telefonda onunla mübahisə edən Məhərrəmov Anar  ona “hara qaçıb getsən səni tutacam, sən hələ məni yaxşı tanımırsan, bilmirsən mən kiməm”, deyə hədə-qorxu gəlir. Amma həmin vaxtdan Hümmətov Rəfail ilə görüşməkdən yayınır və ondan məcburi olaraq və aldadaraq aldığı pullarını qaytarmaqdan imtina edir”, – “Qafqaz  Hüquq  Mərkəzi”nin  baş  direktoru  İlqar Abbasovun Rəfail Hümmətovun şikayəti əsasında  ölkə Prezidentinə ünvanladığı həmin müraciətin bir hissəsində bildirilir.
“Uzun illər vətənindən uzaqlarda min bir əziyyətlə qazandığı pulu gətirib öz doğma kəndinin abadlaşdırılmasına, elinin-obasının rifahına heyfslənmədən məsrəf edən, sərmayə qoyub iş yeri açan sahibkar, iş adamı, xeyriyyəçi Hümmətov Rəfail Talıb oğluna qarşı öz tutduğu vəzifəsindən və qulluq mövqeyindən sui-istifadə etməklə külli miqdarda əmlakını talamış Məhərrəmov Anar Məhərrəm oğlu barəsində hüquq mühafizə orqanları tərəfindən tədbir görülməsinə göstəriş vermənizi Sizdən xahiş edirik”,-müraciətin sonunda  qeyd edilir.
365info saytının apardığı araşdırma nəticəsində məlum olub ki, Anar Məhərrəmov “Təfəkkür” Universitetini bitirəndən sonra hələ keçmiş Milli Təhlükəsizlik naziri Namiq Abbasovun vaxtında MTN-nin Şəmkir şöbəsinə əməliyyat müvəkkili vəzifəsinə təyinat alıb. Hələ tələbəlik illərində, bu şəxsin tələbə yoldaşları onun hərəkətlərindən şikayətçi olublar.
Misal üçün, “Təfəkkür” Universitetinin illik təhsil haqqı 1500 manat olduğu vaxt, Anar Məhərrəmov tələbə yoldaşı Eminə təklif edir ki, sənin atanın şirkəti var, qoy o köçürmə yolu ilə mənim təhsil haqqımı ödəsin, mən sizə o pulu nağd şəkildə verərəm. Tələbə yoldaşlarının dediyinə görə, Anar Məhərrəmov hələ bu gün də onun əvəzinə köçürülən illik təhsil haqqını tələbə yoldaşının atasına qaytarmağa söz verir. Tələbə yoldaşlarının dediyinə görə: “Anar Məhərrəmov heç öz adını düz -əməlli yaza bilmirdi, eşidəndə ki, o MTN-nin Şəmkir şöbəsinə əməliyyatçı təyin olunub, özü də Namiq Abbasovun vaxtında, biz çox təəcübləndik. Hərdən Şəmkir sakinlərindən də eşidirdik ki, Anar Məhərrəmov orda vətəndaşları incidir, aptek müdirlərini hədələyir.
Bildirilir ki, o, Şəmkirdə yerli sakin Əli  Rzayev ilə tanış olub və elə Əlinin vasitəsi ilə Şəmkir rayonunda bir çox insanları incidir. Əldə etdiyimiz məlumata görə Rzayev Əli Müseyib oğlu Şəmkir RPŞ-nin rəisinin sürücüsü olub və sonra təqaüdə çıxıb. Ancaq Anar Məhərrəmovun “missiya”sı bununla  bitmir. O, Şəmkir rayonundan Qazax rayonuna MTN-nin şöbə rəisinin müavini vəzifəsinə və az müddətdən sonra isə, oradan Göygöl (keçmiş Xanlar) rayonuna MTN-nin şöbə rəisi təyin olunur. Göygöldə də Anar Məhərrəmov adamlara zülm verməyə davam edir. Hətta Göygöl rayonunda məskunlaşmış Həsənovlar ailəsinə verdiyi zülmdən  bu günəcən rayonda danışırlar. Məlumata görə, ümumiyyətlə sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun “sağ əli Akula Akif” Göygöldə və Tovuzda Anar Məhərrəmovun vasitəsi ilə 50-dən çox iş adamının pulunu aldırıb və bir çox insanı incidib.
365info
 saytında Anar Məhərrəmov barədə Rəfail Hümmətovun “Qafqaz Hüquq Mərkəzi” vasitəsi ilə ölkə başçısına müraciəti ictimailəşəndən sonra, Anar Məhərrəmovun müdafiəsinə müxalifətçi, hüquqşünas Firudin Ələkbəli qalxıb. Və “Rəfail Hümmətovun adına kənddə pay torpaq sahəsinin olub-olmamasına dair arayış verilməsi barədə” Seyidəlinin (Seyidov Əli Həsən oğlu) adından yazdığı ərizəni elə onun da əlinə verib, yollayıb Düz Qırıqlı Bələdiyyəsinə, lakin sədr bildirib ki, belə arayış rəsmi sorğu ilə verilə bilər.
Xatırladaq ki, Firudin Ələkbərli Tovuz rayon Xalq məhkəməsinin (indiki Tovuz rayon Məhkəməsi) sədri vəzifəsində çalışıb və fəaliyyətində qanunu kobudcasına pozduğuna görə 1995-ci ilin mayında Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin təqdimatını nəzərə alaraq, “Azərbaycan Respublikasının məhkəmə quruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 87-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq onu vəzifədən azad etmiş və xalq hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum etmişdir.
365info
-ya daxil olan məlumata görə keçmiş məhkəmə sədrinin hakimliyinə xitam veriləndən sonra, o, qatı müxalifətçi olub və  gələcəkdə hakimiyyət dəyişiləndən sonra ədliyyə naziri olacağı barədə Tovuzda təbliğat işləri aparıb. Əldə etdiyimiz məlumata görə özünü vəkil kimi təqdim edən Firudin Ələkbərli Vəkillər Kollegiyasının üzvü deyil, sadəcə nümayəndə kimi məhkəmələrdə təmsil olunur.
365info
-saytının əldə etdiyi digər maraqlı məlumata görə Anar Məhərrəmovun hüquqlarını müdafiə etmək üçün Firudin Ələkbərlini Anar Məhərrəmova “calayan” keçmiş MTN-nin Tovuz şöbəsinin rəisi Azad Qurbanov olub. Azad Qurbanov Tovuz rayonunda rəis işləyərkən Tovuz rayon rəhbərliyi səviyyəsində Firudin Ələkbərliyə “krışalıq” edib. İndi də Anar Məhərrəmovun “müdafiə strategiyası”nı quranlardan biri də keçmiş MTN rəisi Azad Qurbanovdur.
365info
 saytının əldə etdiyi məlumata görə, Anar Məhərrəmov MTN-nin Şəmkir şöbəsində əməliyyat müvəkkili vəzifəsində çalışarkən, onun rəisi Azad Qurbanov olub. Sonradan Anar Məhərrəmov MTN-nin Göygöl (keçmiş Xanlar) şöbəsinə, Azad Qurbanov isə MTN-nin Tovuz rayon şöbəsinin rəisi vəzifəsinə təyin olunublar. Azad Qurbanov Tovuz şöbəsinin rəisi vəzifəsində işləyərkən Düz Qırıqlı kəndində özü üçün mal ferması yaradır. Və Eldar Mahmudovun epopeyasının sonu çatanda, yəni “qaçaqaç” düşən zaman Azad Qurbanov Anar Məhərrəmovla “əmlakdəyişmə sazişi” imzalayırlar. Belə ki, Azad Qurbanovun Tovuzdakı mal ferması Anara qalır, Anarın Xanlar rayonundakı hektarla ölçülən torpaq sahəsi isə Azad Qurbanovun əmlakına çevrilir.
“Qaçaqaç” düşən vaxt keçmiş MTN-çilər  bax bu cür öz əmlaklarını yerbəyer ediblər. Elə 365info- ya təqdim olunan audio yazıda Anar Məhərrəmovun Rəfail Hümmətova “sən 20.600 dollarını fermaya mənə yalvarıb özün qoymusan” sözlərini deyərkən, söhbət keçmiş rəis Azad Qurbanovun Düz Qırıqlı kəndindəki mal fermasından gedir. Hansını ki, sonda Anar Məhərrəmovla Göygöl rayonundakı torpaq sahəsi ilə dəyişiblər. Ümumiyyətlə bildirilir ki, Anar Məhərrəmovun Göygöldə hektarla, həmçinin Üç Təpə kəndində 40 sot torpaq sahəsi üzərində 3 mərtəbəli evi var.
Bu məsələdə maraqlı bir epizod da diqqətimizdən yayınmadı ki, o da müxalifətçi Firudin Ələkbərlinin  MTN-çilərlə sıx əlaqəsi ilə bağlıdır. Çox maraqlıdır, müxalifətçinin MTN rəisi ilə nə əlaqəsi ola bilər?!
Bu yazını oxuyandan sonra oxucularda, ələlxüsus da Tovuzun müxalifətçilərində də təbii bir sual yarana bilər ki, görəsən müxalifətçini MTN-çi rəislər Anar Məhərrəmov və Azad Qurbanovla hansı incə tellər bağlayır ki, o, birincini hətta indi də cani-dildən müdafiə edir?! Ancaq bu haqda biz yox, keçmiş MTN-nin arxivində olan sənədlər nəsə deyə bilər.
365info
 saytının əldə etdiyi məlumata görə, Anar Məhərrəmovun hiyləgər oyununun toruna düşənlərdən biri də qeyd etdiyimiz kimi, Həsənov Mətləb Məhəmməd oğlu olub. Anar Məhərrəmov Həsənov Mətləbi o həddə çatdırıb ki, o iflic vəziyyətinə düşür.
365info
 saytına verilən məlumatda həmçinin məsələnin təfərrüatı açıqlanır: “Mətləb Həsənov və onun qardaşı Uğurlu Həsənov rayonda tanınan  iş adamları olublar. Onlardan biri mebel biznesi ilə, digəri isə ticarətlə məşğul olub.
Anar Məhərrəmov MTN-nin Göygöl şöbəsinə rəis təyin olunan kimi bir çox iş adamlarını, o cümlədən, Həsənov qardaşlarını şöbəyə çağırtdırır və  onlara deyilir ki, gəlib təzə “rəisi təbrik” etsinlər, daha doğrusu “şirinlik” versinlər.
Lakin qardaşlar Anar Məhərrəmovu –  təzə rəisi tanımadıqlarından və qanunla heç bir problemləri olmadıqlarından Anar Məhərrəmovun qeyri-rəsmi, məcburi tonda görüş, dəvətini qəbul etməyiblər və MTN-nin Göygöl şöbəsinə getməyiblər. Sonradan onlara hədə dolu zənglər gəlib. Bir çox xəbərlər isə Anar Məhərrəmovun sürücüsü vasitəsi ilə çatdırılıb.
Eldar Mahmudovun nazir olduğu dövrdə yaranmış cəzasızlıq mühitindən, vəzifələrindən öz maraqları naminə sui-istidafə edən bəzi  MTN-çilərin iş adamlarına qarşı törətdikləri cinayət əməllərinə görə istər-istəməz Həsənovlar da onlardan çəkinirdilər və ehtiyat edirdilər. Bir neçə il bundan əvvəl dekabr ayında, seçkiqabağı Mətləb Həsənov yenə təcili MTN-nin Göygöl şöbəsinə çağırılır. Mətləb Həsənov da  Anar Məhərrəmovun qəbuluna gedir. Anar Məhərrəmov qəbula gələn  Mətləb Həsənovun salamını belə almayıb.
Mətləb Həsənova deyilib ki, guya  Ermənistana zəng edib. Həmçinin ona da düşmən ölkədən zənglər gəlib və o, düşmən dövlətlə əlaqədə ittiham olunub. Vətənini istəyən, doğma torpağını sevən, bir çox qohumu şəhid olan, bir tərəfi əslən Göyçədən, bir tərəfi isə Kəlbəcərdən olan Mətləbə belə təhqiredici ittiham olunmaq çox pis təsir edib. O deyib ki, heç zaman belə şərəfsizlik etməz və bu ittiham şər-böhtandan başqa bir şey deyil.
Bundan başqa, o, Anar Məhərrəmova ona şər atdığına görə qəzəblənib. Anar Məhərrəmov isə vəzifəsindən istifadə edərək, ona hədə-qorxu gəlib, ona ağır təhqiramiz fikirlər  deyib. Sonra Anar Məhərrəmovun goranboylu müavini Mətləbi öz iş otağına çağırıb və ondan izahat almaq istəyib. Lakin Mətləb Həsənov vəkilini çağırmaq istədikdə və vəkilsiz heç bir izahat verməyəcəyini deyəndə, müavin duruxub və gedib rəisinə deyib ki, onlar, yəni qardaşlar, bizdən şikayət  edəcəklər, problem  yaradacaqlar. Bundan sonra müavin  Mətləb Həsənova deyib ki, “bu dəfə  rəis səni bağışlayır, deyir çıxsın getsin”.
Şəkər xəstəsi olan və təzyiqdən əziyyət çəkən, ömründə sahə müvəkkili tərəfindən belə polisə çağrılmayan Mətləb Həsənova Anar Məhərrəmovun   nahaqdan yaşatdığı xəyanət ittihamı çox pis təsir edir və onun səhhəti pisləşib, huşunu itirib, sonra isə komaya düşüb. Komadan ayılsa da, Mətləb Həsənov bu günəcən yataq xəstəsidir, gözlərinin sol tərəfləri görmür. Onun müalicəsi üçün  xarici ölkələrdən həkimlər çağırılır, özü Türkiyəyə, Rusiyaya aparılıb. Bakıda gedilməyən klinika qalmayıb. Təbii ki, bütün bu müalicələrə külli miqdarda pul da xərclənib. Bu azmış kimi, oğullarına qarşı edilən qanunsuzluqlara, ədalətsizliyə, bir yandan da oğlu Mətləbin çarəsiz dərdinə tab gətirməyən anaları bir müddət sonra vəfat edir.
Bu özbaşınalıqla bağlı Həsənov Mətləbin qardaşı Uğurlu Həsənov və sağ ikən anaları – mərhum Həsənova Dilbər Qədim qızı Anar Məhərrəmovun qanunsuz  əməllərindən Prezident Aparatına və Milli Təhlükəsizlik naziri Eldar Mahmudova dəfələrlə şikayət məktubu göndərirlər.
Ancaq hər şikayət məktubundan sonra Anar Məhərrəmov Mətləb Həsənovun qardaşı Uğurlu Həsənovu Göygöl rayonunda görəndə gülərək deyir  ki, “ə mənim arxamda “Akula Akif” dayanıb, məni bu vəzifəyə də o, qoydurub, hara şikayət edirsən et. Mənə kim nə deyəcək?! Mən “Akula Akif”lə Eldar Mahmudovun kadrıyam”.
Yalnız bir dəfə yazdıqları şikayət məktublarına Daxili Təhqiqatlar İdarəsindən, hansısa polkovnik tərəfindən cavab gəlib ki, o, çox ora-bura yazmasın gəlib araşdırcağıq, amma gəlib araşdırılmayıb. Mənbə bildirir ki, Uğurlu Həsənov məsələ ilə bağlı yeddi dəfə MTN-də olub, amma şikayətlərinə reaksiya verilməyib. O, özü də şəkər xəstəsi olduğundan daha  məsələnin arxasınca gedə bilməyib.
Bildirilir ki, axırıncı dəfə MTN-ə çağrılan zaman Uğurlu Həsənov Sübahir Qurbanovun (hazırda həbsdə olan MTN-in Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin keçmiş rəisi, general-mayor) rəisi olduğu idarənin müstəntiqləri  heç ona otaqda oturmağa da yer vermədiyindən o, saatlarla dəhlizdə gözləməli olub. Uğurlu Həsənov şəkər xəstəsi olduğundan susuzluqdan məcbur olub  deyib ki, heç olmasa içməyə su verin. Amma MTN-nin idarəsində ona deyiblər ki, get ayaqyoludan iç suyu. Bu cür alçaqlıqları görən Uğurlu Həsənov 2015-ci ilin oktyabrında MTN-də təmizləmə prosesi başlanmasına sevinir, DTX-nin indiki rəhbərliyindən razılığını bildirir və ümid edir ki, onlara qarşı haqsızlıq  edənlər öz layiqli cəzalarını alacaqlar. Məlumata görə Həsənovlarda Anar Məhərrəmovun qanunsuz əməllərini sübuta yetirən bir sıra sənədlər var.
Müəllifdən: Mənim bu yazımı Anar Məhərrəmov oxuyandan sonra, o, əlbət özü-özlüyündə deyəcək ki, bunu çox güman ki, “keçmiş əməliyyatçı” yazıb. Cavab olaraq bildirirəm ki, əsl əməliyyatçı “keçmiş” olmur. “Keçmiş” ancaq, “adını düz-əməlli yaza bilməyən”lər olur.
Sonda 20.07.2017-ci il tarixdə Anar Məhərrəmovla Rəfail Hümmətovun telefon danışığınının yuxarıda qeyd etdiyimiz səsyazısını təqdim edirik. Həmin səs yazısına qulaq asdıqda istər-istəməz  MTN kimi bir qurumun rayon şöbəsində rəis olmuş Anar Məhərrəmovun  yumşaq desək, qeyri-ciddi danışığından, heç bir dövlət məmuruna layiq olmayan kobud tərzdə, söyüşlə danışmasından, təhqiredici ifadələr işlətməsindən insan dəhşətə gəlir. Və adam düşünür ki, əgər Anar Məhərrəmov tanınmış iş adamı ilə bu cür danışırsa və ona şəstlə, utanmadan dəfələrlə “hamı bilir ki, sən 5 il mənim qabağımda İSMİRNA durmusan!” deyirsə,  gör indi o, “bərkgedən rəis” olarkən  adi vətəndaşlarla necə davranıb və neçə insana nə zülmlər verib, nə qədər insanın başına hansı oyunlar açıb..?  Ən dəhşətlisi isə sahibkara külli miqdarda borclu olmasına, onun pulunu məmimsəməsinə rəğmən onunla necə kobud danışması  və hətta qıp-qırmızı dirənərək onu borclu çıxarmasıdır… Bu haqda hansı qənatə gəlməyi hörmətli oxucularımızın öz ixtiyarına veririk.
Araşdırmamız davam edir, bizi izləyin.

Sənan Məmmədli

Xüsusi olaraq 365İNFO.AZ  saytı üçün hazırlanıb

RUSİYALI İŞ ADAMI “QAFQAZ HÜQUQ MƏRKƏZİ” VASİTƏSİ İLƏ MTN RƏİSİNDƏN PREZİDENTƏ MÜRACİƏT ETDİ – ŞOK FAKTLAR AÇIQLANDI