Lənkəran Şəhər İcra Hakimiyyəti – Xərclərin icrasında tələblərə əməl etməyib
Hesablama Palatası Lənkəran Şəhər İcra Hakimiyyətində ciddi pozuntular aşkar edib. Pozuntuların başlama tarixi isə ölkə başçısının 2012-ci il tarixli sərəncamı ilə Lənkəran şəhər İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan Taleh Azay oğlu Qaraşovun təyinatından sonra göstərilir.

Unikal.org xəbər verir ki, məlumat “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən və “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.7-ci bəndinin icrası olaraq hazırlanıb.

Audit 2013-2016-cı illərdə Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən 13 məktəbin, 24 mənzilli yaşayış evinin, 2 uşaq bağçasının tikintisinə, 1 məktəbin əsaslı təmirinə, Lənkəran şəhərində qəza vəziyyətində olan 15 ədəd 4 və 5 mərtəbəli yaşayış binasında bərpa-gücləndirmə işlərinin aparılmasına, Lənkəran-Vilvan-Osaküçə-Türkəncil avtomobil yolunun əsaslı təmirinə, Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun, Aşağı Nüvədi-Kənarmeşə-Şürük avtomobil yolunun tikintisinə, Vilvan-Zövlə-Boladi-Liman avtomobil yolunun yenidən qurulmasına, Lənkəran şəhərinin daxili avtomobil yollarının əsaslı təmirinə, Lənkəran şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə və yağan leysan yağışları nəticəsində dəymiş ziyanın aradan qaldırılması və çoxmənzilli binalarda təmir-bərpa işləri üzrə istifadə olunan ümumilikdə 61604,5 min manat vəsaiti əhatə etmişdir.

Lənkəran Şəhər İcra Hakimiyyətinin sifarişçisi olduğu tikinti obyektləri üzrə hazırlanan layihə tapşırıqlarında bir sıra hallarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin tələblərinə əməl edilməyərək məktəblərin tikintisinin layihə tapşırıqları hazırlanmış və həmin tapşırıqlar əsasında layihə təşkilatları tərəfindən tərtib edilmiş layihə-smeta sənədləri əsasında yerlərdə real şagird sayından fərqli məktəblər inşa edilmiş, inşa edilən məktəblərdə 1 şagird yeri üçün tikinti işlərinə çəkilən xərclər fərqli olmuş, “Tikililərin əvəzsiz balansa verilməsi haqqında” sərəncamla Lənkəran Şəhər Təhsil Şöbəsinin balansına verilmiş 7 məktəb üzrə əsas fondların dəyəri az göstərilmişdir.

Açıq tender üsulu ilə satınalma prosedurlarının keçirilməsi üçün kifayət qədər vaxt olduğu halda 2 obyekt üzrə “Təkliflər sorğusu” üsulu ilə tender keçirilmiş, satınalma prosedurlarının istənilən mərhələsində malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərinin tender komissiyası tərəfindən müəyyənləşdirilməsi və qiymətləndirilməsi üçün “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinin tələblərinə əməl edilməmiş, bir sıra məktəb binalarının tikintisində inşaat texnologiyasına əməl edilməyərək səmərəsiz xərcə yol verilmiş, həmçinin, İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş Dövlət Qəbul Komissiyasının Aktında (“Tikinti obyektinin istismarına İcazə”) bəzi obyektlərin dəyəri göstərilməmişdir.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi TTNDA-nın Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən verilən ekspertiza rəyinə uyğun olaraq 2 kənd tam orta məktəbinin tikintisi obyektinin layihə-smeta sənədlərinin Təhsil Nazirliyi ilə razılaşdırılması təmin edilməmiş, həmin məktəblərin tikintisi üzrə təqdim edilmiş “Eskiz layihə”də normadan artıq yemək qəbulu və akt zalları üçün sahənin layihələndirilməsi hesabına əlavə büdcə vəsaiti sərf edilmiş, “Lənkəran rayon, Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisi” (15,6 km) obyekti üzrə işlərin 2014-cü ildə başa çatmasına baxmayaraq, müvafiq qaydada istismara qəbulu təmin edilməmişdir.

LEGİON.AZ