“Nuray House” MTK-da ÖLÜM TƏHDİDİ – “Dövlət mənəm” deyən Vəlixanov fəhləni 16-cı mərtəbədən atmaq istədi
Xırdalan şəhəri, Heydər Əliyev prospektində “Nuray House” MTK-nın inşa etdiyi 2 bloklu binada çalışan usta və fəhlələri aldadıb. 

Miq.az-a daxil olan məlumata görə, “Nuray House” MTK-nın sahibi Yusif Vəlixanov binanı inşa edən fəhlələrin 59 min 661 manat pulunu vermir. 25-30 nəfərdən ibarət fəhlələri ölümlə hədələyən Yusif Vəlixanov “qanun mənəm, dövlət mənəm, sizi öldürüb, qanını 100-200 minə bağlayaram deyir”. Tikinti briqadası dövlətə sığınır, onların təkcə haqqı “yeyilməyib”, həm də həyatları təhlükədədir.

Yusif Vəlixanovun “Dövlət də, qanun da mənəm” iddiası 

Bu hadisə Prezident İlham Əliyevin hər bir Azərbaycan vətəndaşının rifahı uğrunda gecə-gündüz gördüyü işlərin fonunda acınacaqlı və dəhşətli görünür. Dövlət başçısı “hər bir Azərbaycan vətəndaşının yaxşı yaşaması üçün dövlət hər şey edir, hər bir məmur vətəndaşın xidmətçisidir” deyir, amma kimlərəsə arxalanan Yusif Vəlixanov “dövlət də, qanun da mənəm” deyərək, haqqını tələb edən insanları ölümlə hədələyir.

“Nuray House” MTK-nın binasını inşa edən fəhlələr baş verənləri detallarına qədər açıqladılar.

 “Əminiz ölməyib”, yaxud “barter” üsulu 
 

Miq.Az-ın redaksiyasına danışan Arif Ağamalıyev deyir ki, “Nuray house” MTK-də 2015-ci ilin iyun ayından işə başlayıblar: “Briqada çəkilində binanın hörgü və suvaq işlərini özümüz görmüşük. Şirkət hər kvadratmetrə görə pulumuzu verib. Yəni razılaşmamız belə olub. 2016-cı ilin may ayında Yusif Vəlixanov bizə dedi ki, material almağa pulu yoxdur, buna görə də işi barterlə görmək istəyir. Bizə bildirdi ki, binanın qalan işini öz cibimizdən pul xərcləyərək, tamamlayaq, borcunun əvəzində bizə binadan mənzil verəcək. Həmin vaxt devalvasiya olduğu üçün materialların qiyməti də qalxmışdı. Biz əvvəlcə razılaşmadıq, çünki bir il ərzində binanın bütün çətin işlərini görmüşdü, amma pul qazanmamışdıq. Sonra bizi dəfələrlə yanına çağırdı, xahiş etdi, dedi ki, “əminiz ölməyib, nə vaxt çətinliyiniz olsa kömək edəcəm”. Sonra biz düşündük ki, bütün çətin işi görmüşük, bundan sonra çıxıb getsək, əziyyətimiz batacaq. Sonda razılaşdıq. Mənim “Prado” maraklı avtomobilim var idi. Onu satdım, pulunu materiala xərclədim. Briqadadakı digərləri də öz pullarını materiala xərclədilər. Dediyi kimi gördümüyüzün işin müqabilində bizə mənzil verdi. Ümumilikdə 5 mənzil satdıq. Mənzillərin kvadratmetrini 650 manatdan sənədləşdirmişdik. Amma biz material almaq üçün müştəri tapıb daha ucuz qiymətə satırdıq ki, digər işləri də görək. Axırıncı ev bizim adımızda qalıb. Gördüyümüz işin müqabilində şirkət tərəfindən bizə əməkhaqqı kimi veriləcək növbəti mənzilə müştəri tapıb satmaq istədik. Şirkətin bizə 59.661 manat borcu müqabilində yeni mənzil verilməsi ilə baölı aramızda razılıq da əldə olundu. Sonra nə fikirləşdisə Yusif Vəlixanov  bu razılaşmanı pozdu və bildirdi ki, daha mənzil verməyəcək, əvəzində pulumuzu ödəyəcək. Bu bizə də yaxşı idi, çünki şirkətin bizə kvadratı 650 manata verdiyi mənzilləri ucuz satdığımız üçün ziyana düşürdük. Bizə bildirdi ki, dollar qalxdığı üçün mənzillərin qiyməti də qalxacaq, siz işinizə davam edin, pulunuzu verəcəm”.

30 nəfərə 80 dollar, yaxud bayram günü böyük fırıldaq 

Bu razılaşmadan sonra fəhlələr işlərinə davam edir, lakin 25 gün sonra hər şey ortaya çıxır. “20-25 gün sonra ondan pul istəyəndə bildirdi ki, pulu yoxdur, tezliklə verəcək. Həmin vaxt ikinci blokun sonuncu mərtəbəsinin betonu tökülürdü. Dedi ki, betona, materiala pulu çox çıxır, ona görə də bizə pul verə bilmir. “Sonuncu mərtəbəni də tamamlayıb, sonra pulunuzun hamısını verəcəm” dedi. Biz də ortada qaldıq, məcbur olub işə davam etdik. 2016-cı ilin Yeni il b ayramına az qalırdı. Yenə pul istəyəndə dedi ki, “Yeni il sizə yaxşı pul verəcəm”. Biz də işimizi davam etdirdik, 31 dekabr günü isə gözlədik ki, pul gətirəcək. Bizə cəmi 4 dənə 20 dollarlıq, yəni 80 dollar, bir dənə də 50 manat gətirdi. Dedi ki, bunu aranızda bölün. Biz 25-30 nəfər adamıq, bunu necə bölə bilərdik?! Narazılıq etdik, həmin gün işi dayandırdıq. Əşyalarımızı götürüb gedəndə oğlu Rüstəm yaxınlaşdı ki, belə etməyin. Bildirdi ki, “mən “akumlyator” gətirirəm. Bayrama görə yolda qalıb. Bayramdan sonra, mal gələcək, onda sizin bütün borcu bağlayacam”. Bilirdi ki, onlar vaqonla “akumlyator” gətirilər. düşündük ki, bayramdan sonraya qədər də dözək, sonra pulumuzu alaq. Bayramdan qayıdandan sonra bir neçə gün də işlədik. Sonra pulu almağa gedəndə problemlər başlandı”, – deyə A.Ağamalıyev deyir.

Yusif Vəlixanov fəhləni 16-cı mərtəbədən atmaq istədi: “Pul verib qanını bağlayaram” 

Y.Vəlixanov fəhlələrə bildirir ki, “pul yoxdur, işi yarımçıq saxlasanız, bir qəpik də verməyəcəm. Gedin kimə şikayət edirsinizsə edin”. Hətta ofisdə narazılıq edən ustalardan birinin-Abdullayev Fərhadın qarşısını kəsərək,  günün sonunda oğlanları – Mehman və Rüstəmlə birgə “səni öldürüb qanını bağlayarm” deyə təhqir də edib.

Şikayətçilər bildirirlər ki, Y.Vəlixanov onları tez-tez təhdid edirmiş. Binada işləyən usta Məmmədov Elnur Şahmərdan oğlu Y.Vəlixanovun onu binanın 16-cı mərtəbəsində atmaq istədiyini deyir:

“Biz pulumuzu tələb edəndən sonra işimizdə səhv tapmaq üçün müxtəlif bəhanələr irəli sürməyə başladı. Bir gün işlədiyimiz 16-cı mərtəbəyə gəldi. Oğlu da yanında idi. Heç bir səhv tapmadı, sonra divarın nazik olduğunu bəhanə edərək, qardaşımın üstünə cumdu. Başından tutaraq, divara vurmaq istəyəndə qardaşım güclə əlindən çıxdı. Sonra məni yumruqlamağa başladı. Mən heç nə etmədim, çünki yaşda və bədəndə məndən böyükdür, həm də qorxdum ki, nəsə etsəm, əlinə bəhanə düşər. Amma o dayanmadı, məni vura-vura balkona gətirdi. Dedi ki, “səni burdan atacam, pul verib qanını bağlayacam”. Bu vaxt oğlu güclə onu sakitləşdirdi”, – deyə ölümlə təhdid olunan Elnur Məmmədov bildirir.

8 nəfər şahid, yaxud “Polisin hamısı mənim adamımdır” 

A.Ağamalıyev isə deyir ki, Yusif Vəlixanova müxtəlif təkliflər də ediblər:
 “Gördüyümüz işin hamısını qeyd etdik. Mən ofisə apardım. Bildirdim ki, borcumuzu hissə-hissə ödəsin. Qeydiyyat apardığımız kağızları cırıb, məni ofisdən barıya çıxartdı. Mən dedim ki, “fəhlənin haqqı batmaz, dövlət böyükdür”. Dedi ki, “dövlət mənəm, hər ay nə qədər vergi ödəyirəm. Hara getsəniz, əlim çatar. Polisin hamısı mənim adamımdır”. Məni də ofisdən çıxartdı. Biz əvvəl polis bölməsinə getmək istədik, amma düşündük ki, orada bizə problem yaradar. Çünki polislərin tez-tez binaya gəlib onunla görüşdüyünü görmüşdük. Bundan sonra Əmək Müfəttişliyinə zəng etdik. Yeddi nəfərin adını qeyd edərək, bizi çağıracaqlarını dedilər. 2-3 gün sonra bizi çağırıb problemimizi dinlədilər. Mən öyrəndim ki, Əmək Müfəttişliyi Xırdalan polis bölməsinə zəng edərək, problemi araşdırmalarını istəyib. Polis ofisə gələndə Yusif Vəlixanov “xüsusi canfəşanlıq” edərək, onları yola salıb. Həmin vaxt kimsə ona “başa salıb” ki, 8 nəfər şahid tapsın, bizdən şikayətçi olsun. İki gün sonra Abşeron polis bölməsindən Fuad adlı baş müstəntiq bizi çağırdı. Bildirdi ki, bizdən şikayət var. Guya biz Yusif Vəlixanovu və oğlanlarını hədləmişik. Demişik ki, pulumuzu verməsəniz, sizi öldürəcəyik. Müstəntiq bizi dinləyəndən sonra izahatımızı aldı və bizim haqlı olduğumuzu dedi. Bildirdi ki, bu iş mülki işdir, məhkəməyə müraciət edməyimizi məsləhət bildi. Amma biz məhkəməyə getməkdən çəkindir, çünki Yusif Vəlixanovun orada problem yaradacağını düşündük. Sonra Baş Prokurorluğa, Korrupsiya ilə Mübarizə İdarəsinə getdik. Korrupsiya idarəsindən bizi çağırıb dinlədilər. Dedilər ki, “fəhlənin haqqını heç kim yeyə bilməz, narahat olmayın”. Sonra Korrupsiya idarəsi Əmək Müfəttişliyindən işi araşdırmağı istəyib. Müfəttişlikdən bizi yenə çağırdılar ki, “işi araşdırmışıq, bu iş məhkəməlikdir, məhkəməyə müraciət edin” dedilər. Sonra Abşeron Məhkəməsinə şikayət etdik”.

Abşeron İcra Hakimiyyəti məhkəmənin qərarına müdaxilə edə biləcəkmi? 

A.Ağamalıyev qeyd edir ki, məhkəmənin qərarı ilə binada işlər dayandırılıb.
 ” Lakin bilinməyən səbəblərər görə, qiraq qüvvələrin səyi nəticəsində qərardad ləöv olunaraq MTK-da işlərin aparılması bərpa edilmişdir. Məhkəmənin təyin etdiyi ekspertiza binaya baxış keçirib rəy hazırladı. Bizim apardığımız qeydiyyatla ekspertizanın rəyi arasında cəmi 4 manat fərq var idi. Məhkəmə bunu qəbul etdi. Hazırda iş məhkəmədədir, amma nəsə gecikir. Məhkəmə də bizim haqlı olduğumuzu bilir, lakin sanki ortada bizim bilmədiyimiz nəsə var ki, qərar çıxmır”, – deyə şikayətçi vurğulayıb. Fəhlələr Abşeron İcra Hakimiyyətinin məhkəmənin qərarına  müdaxilə edə biləcəyindən də narahatdırlar. Amma fəhlələr bir daha məhkəmədən xahiş edirlər ki, onların müraciətlərinə baxılması üçün Azərbaycan Respublikasının Qanununun tələbini rəhbər tutsunlar, “Nuray House” MTK-nın sahibi Yusif Vəlixanovun bu hərəkətlərinə qanun qarşısında qiymət verilməsini istəyirlər. Binanı inşa edən fəhlələr 59 min 661 manat pullarını, zəhmətlə qazandıqları əməkhaqqını alacaqlarına ümidlidlər. 

Son ümid: Prezidentə müraciət 

Hazırda “Nuray House” MTK-nın işi məhkəmədir. Məlumata görə, sonuncu məhkəmə prosesi ayın sonuna təyin olunub. Şikayətçilər bunun son ümidləri olduqlarını deyirlər. Onlar haqlarının bərpa olunmayacağı təqdirdə, Prezident İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya üz tutacaqlar.

Yazı Miq.Az redaksiyasına müraciət edən fəhlələrin şikayəti əsasında hazırlanıb. Yazıda adları keçən şəxslərin də fikirlərini dərc etməyə hazırıq.

LEGİON.AZ