“Kristal Abşeron”da özbaşınalıq: Rəhbərlik sakinləri soyub-talayır
Abşeron rayonu, Xırdalan şəhərində “Kristal Abşeron” MTK tərəfindən inşa olunan binalarda yaşayan sakinlər hüquqlarının pozulmasından, kommunal xidmət haqlarının artırılmasından, sözügedən şirkətin onlara qarşı qanunsuz davranışlarından şikayətçidir.
Bu barədə “Yenicag”a müraciət edən sakinlər qeyd edib ki, şirkət tərəfindən onlarla bağlanılan müqavilə şərtlərinə əməl olunmur:
“Ötən il Tarif Şurası təbii qazın qiymətinin artırılması ilə bağlı qərar qəbul etdi. “Kristal Abşeron” sakinləri həmin dövrdən bəri çox əziyyət çəkib. Məsələ burasındadı ki, sakinlərə göstərilən xidmətlərin də qiymətində kəskin artım müşahidə olunmağa başladı. Çünki MTK özəl müəssisədi. Bu müəssisəyə verilən qazın qiyməti də qeyri-əhali kateqoriyası üzrə hesablanır.
Tarif Şurasının qərarından sonra MTK istilik sistemi üçün qiymətləri 40 qəpikdən 70 qəpiyə qaldırdı. Bunun müqabilində şirkətin mənzillərə verdiyi istiliyin normal olmaması narazılığı daha da artırdı. Şirkət bu yay binalar üçün nəzərdə tutulan qazanxanaların “Azəristiliktəchizat” ASC-yə təhfil veriləcəyini açıqlasa da, ötən ay məlum oldu ki, bu, sadəcə, narazı sakinləri sakitləşdirmək üçün ortaya atılmış şayiə imiş. Ötən ay isə “çatdıra bilmirik, ziyan edirik” bəhanəsi ilə qiyməti 70 qəpikdən 80 qəpiyə qaldırdılar.
İndi Xırdalandakı “Kristal Abşeron”un binalarında 50 kv. metr evi olan sakin hər ay təkcə istiliyə 40 manat ödəniş etməlidir. Tarif Şurasının qərarından sonra isti suyun kubmetrini 2 manat 30 qəpiyə qaldıran MTK bu il qiyməti kəskin şəkildə artırıb. İndi isti suyun kubmetri sakinlərə 3 manat 50 qəpiyə (!!!) verilir. Dövlət suyu əhaliyə 50 qəpikdən satır, “Kristal Abşeron” isə onu qızdıraraq sakinlərə 7 dəfə (!!!) baha qiymətə təqdim edir.
MTK rəhbərliyi qarşımıza iki şərt qoyur: “Ya kommunal xərcləri bu qiymətlərlə ödəyin, ya da özünüzə kombi sistemi çəkdirin. Onsuz da gələn ildən qazanxana bağlanacaq və istilik kəsiləcək. Məcburi şəkildə kombi sisteminə keçməlisiniz”.
Qazanxana sistemi sakinlərin ödədiyi vəsait hesabına tikilib. Gələn ildən isə MTK onu ləğv etməyi planlaşdırır. Üstəlik, müqavilədə qiymətlər 70 qəpik (istilik) və 2.3 manat (isti su) olaraq göstərilib. MTK isə sakinlərdən komunnal xərcləri 80 qəpik və 3.5 manat səviyyəsində alır. Bu isə müqavilə şərtlərinin kəskin şəkildə pozulması deməkdir. Çünki bununla bağlı qiymət artımları zamanı sakinlərlə heç bir razılıq əldə olunmayıb. İki dəfədən də çox artan kommunal xidmətləri ödəyə bilməyən sakinlər isə özbaşınalıqla üzləşirlər. Belə ki, “Kristal Abşeron” rəhbərliyi həmin sakinlərin mənzilinə heç bir hüququ olmadan elektrik enerjisinin verilməsini dayandırır”.
Sakinlər onu da bildiriblər ki, ölkə ərazisində soyuq havaların düşməsi ilə əlaqədar, noyabrın 15-dən etibarən istilik verilməsinə başlanılsa da, “Kristal Abşeron” hələ də yubanır. Artıq ayın 23-ü olsa da, şirkət hazırda istilik sisteminin verilməsi ilə bağlı problemlərin həlli ilə məşğuldur. Son məlumata görə, bu şəhərciyin sakinləri dekabrın 1-dən etibarən istiliklə təmin olunacaqlar. Təbii ki, digər vədləri kimi, bu da yalan çıxmazsa…
Sözügedən şikayətlərlə bağlı qarşı tərəfin də mövqeyini açıqlamağa hazırıq.

LEGİON.AZ