Beynəlxalq Bank «cığallıq edir» – ƏMANƏTÇİLƏRƏ XOŞAGƏLMƏZ SÜRPRİZ
Azərbaycan Beynəlxalq Bankı (ABB) pulunu bu bankda saxlayan əmanətçilərin dollarla olan əmanətlərinin faizlərini birtərəfli qaydada aşağı salıb.


FED.az xəbər verir ki, bu barədə bankın öz müştərilərinə göndərdiyi məktubda məlumat verilir.
Müraciətdə əmanət üzrə faiz dərəcələrinin birtərəfli olaraq 2%-ə endirilməsi bildirilir (hazırda 5% və daha yuxarıdır). Bank bunu onunla əsaslandırır ki, onun vəziyyəti ciddi şəkildə pisləşib, sabiq rəhbəri Cahangir Hacıyevin dövründə müəyyən olunmuş faiz dərəcələri isə yüksəkdir.
Bank bu dəyişikliyi edərkən Mülki Məcəllənin 422-ci maddəsinə istinad edərək bildirir ki, şərait əhəmiyyətli dərəcədə dəyişib.
Amma tanınmış hüquqşünas Əkrəm Həsənov bankın bu addımını qanunsuz. Əmanətçilərin hüquqlarını pozan qərar və anvantra adlandırır: «Xatırladıram ki, həmin maddənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Bu yanaşma qanunsuzdur!».
Belə ki, həmin Mülki Məcəllənin 948.3-cü maddəsində deyilir: “Fiziki şəxs əmanəti müəyyən müddət qurtardıqdan sonra və ya müqavilədə nəzərdə tutulan hallar baş verdikdə qaytarılmaq şərtləri ilə qoyduqda əmanət üçün faizlərin bank əmanəti müqaviləsində müəyyənləşdirilmiş miqdarı bank tərəfindən birtərəfli qaydada azaldıla bilməz. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, bankın hüquqi şəxslə bağladığı bu cür bank əmanəti müqaviləsi üzrə faizlərin miqdarı birtərəfli qaydada dəyişdirilə bilməz”. Yəni bankın birtərəfli qaydada əmanət üzrə faiz dərəcəsini dəyişməyə ixtiyarı yoxdur.
Hüqüqşünas bildirir ki, ABB uzaq başı öhdəliklərini könüllü restrukturizasiya edə bilərdi. ABB cari ildə belə bir addımı xarici kreditorlarına münasibətdə edib. Amma buna kreditorların 2/3 hissəsinin razılığı tələb olunur.
«Niyə xarici kreditorlara gəldikdə onlarla danışıqlar aparılır, razılıqları istənilir, yerli əhaliyə gəldikdə isə saymamazlıq nümayiş etdirilir?»-deyə hüquqşünas soruşur.
Ə.Həsənov bankın vəziyyətinin pisləşməsi ilə bağlı məktubda göstərilən arqumentləri də ciddi saymır: «Əvvəla, dövlətimiz təkcə bu il 1 mlrd. manat zərəri olan Beynəlxalq Banka 3 mlrd. manat hədiyyə edib. Yəni 2 mlrd. manat qabaq düşən bankda vəziyyət yenə pisləşib? Nə tez daş saldılar bu vəsaitin də başına?».
Hüquqşünas bildirir ki, həmin əsasla eyni məntiqlə onda banklara dollarda borcu olanlar da faiz dərəcəsini birtərəfli qaydada aşağı sala bilər: «Onların da vəziyyəti çox pisləşib, amma onlara 3 mlrd. manat peşkəş verən də yoxdur».
Ə.Həsənov bildirir ki, yəni ABB-yə dollar krediti ilə borcu olanlar Beynəlxalq Bankın bu məktubundan faydalanaraq onu məhkəməyə verə bilərlər: «Axı niyə banka müştərisinə münasibətdə bunu etmək olar, müştəriyə isə banka münasibətdə olmaz? Odur ki, əslində Beynəlxalq Bank bu hərəkəti ilə bütün bank sistemini ciddi silkələyəcək! İndi borclular da faiz dərəcələrinin kəskin azaldılmasını (və digər şərtlərin də dəyişdirilməsini) tələb edəcəklər, xüsusilə dollar kreditlər üzrə!»
Bankdan belə məktub almış əmanətçilərə gəlincə isə, hüquqşünas onlara Beynəlxalq Bankı məhkəməyə verməyi tövsiyə edir: «Bankın bu hərəkəti qanunsuzdur. Haqqınızı tələb edin!»
Ekspert bildirir ki, ABB-nin bu addımı ölkənin bank sisteminə və digər banklara da etimadın azalmasına səbəb ola, nəticədə əmanətlərin geri çəkilməsi ilə nəticələnə bilər: «Bu addım bir daha bank sistemində özbaşınalığın, idarəçiliyin və nəzarətin səmərəsiz olmasından xəbər verir»-deyə hüquqşünas bildirib.

LEGİON.AZ