NƏSİMİ RAYON İCRA BAŞÇISI ZİBİL QABLARININ YERİNİ SATIB QARABAĞ ƏLİLİNİN AVTOMOBİLİNİ «GİROV» GÖTÜRDÜ-VİDEO
Maşınını həbsdən çıxarmaq istəyən Nəsimi rayon sakini rüşvət tələbi ilə üzləşdi 
Bu günlərdə məlumat yayıldı ki, Sabunçu rayonunda İcra Hakimiyyətinin göstərişi ilə Bakıxanov qəsəbəsinin Səməd bəy Mehmandarov küçəsi ilə Əli Kərim küçəsinin kəsişməsində yerləşən üçmərtəbəli yaşayış binasında vətəndaşın evinə giriş qapısı bağlanıb.
Məlumatı müşayiət edən fotolardan görünürdü ki, binanın yan-yana olan 3 qapısından biri sonradan bağlanaraq pəncərəyə çevrilib. Xəbərdə bildirilirdi ki, ustalar binaya daş üzlük vuranda ev yiyəsi qapının bağlanmasına etirazını bildirsə də, icra nümayəndələri qapının binanın mənzərəsini korladığını deyiblər. Ona məsləhət görülüb ki, arxa tərəfdən qapı açsın. Digər 2 qapını isə niyə bağlamadıqlarını isə izah etməyiblər. Görünür, icra başçılarının bu kimi özbaşınalıqlarının qarşısının alınmaması onlara qol-qanad verib.
Redaksiyamıza daxil olan şikayətə görə, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı da Azadlıq prospekti — 70 ünvanda zibil qutularının yerini satıb. Yeri dəyişdirilən qutular isə əlil vətəndaşın qarajının qapısını bağlayıb. Vəziyyətlə yerində tanış olub fotoşəkillər çəkən əməkdaşımıza təfərrüatları danlışan Qarabağ əlili Rafiq Tağıyevin sözlərinə görə, qarajın bir yanında maşınyuma sexi var, digər yanında isə əvvəllər 10 metrlik boş yer varmış. Həmin 10 metrlik ərazidə 8-10 ədəd zibil qabı varmış və yaxınlıqdakı binaların sakinləri məişət tullantılarını həmin qablara atırlarmış.
Şikayətçi deyir ki, bir neçə ay qabaq Rayon İcra Hakimiyyətinin təsərrüfat müdiri Qurban müəllim həmin yeri bələdlətdirib satdı və zibil qablarının sayı azalaraq 6-ya endi: «Satılan yerin təxminən 6-7 metrlik nahiyəsində alt hissəsi obyekt, üstü fərdi ev təyinatlı iki mərtəbəli ev tikildi. Üstəgəl, o vaxtadək orada mövcud olmuş 8 ədəd çoxillik ağac da kökündən qoparıldı. Biz sakinlər etiraz etmək üçün orada iş görən şəxslərə yaxınlaşanda bir əkə-bikə qadın irəli durub obyektin sahibi kimi sinəsini qabağa verdi ki, bəs icra hakimiyyətindən tutmuş ekologiya nazirliyinə qədər hamının pulunu verib, biz kimik ona mane olaq». Qarabağ əlilinin sözlərinə görə, həmin qadın hətta kimə nə qədər rüşvət verdiyini də açıqlayıb: «İcra başçısına 10 min, təsərrüfat müdirinə 5 min, departament rəisinə (ETSN-nin müvafiq strukturu nəzərdə tutulur — red.) də 5 min manat. Bundan sonra bir də xəbər tutduq ki, arada qalan 4 metrlik ərazi də satılıb, orada da 4×8 kvadrat-metr sahəni əhatə edən hansısa yeni, təyinatı bilinməyən tikilinin əsası qoyuldu. Bu dəfə zibil qablarının sayını ixtisara salıb 4-ə endirdilər. Lakin onları qoymağa yer tapmadıqlarından, gətirib mən olmadığım vaxt qarajımın həyətə baxan qapısının önünə yerləşdirdilər. Beləliklə, əlil kimi mənə dövlət tərəfindən verilmiş avtomobil qapıdan çıxara bilmədiyim üçün həbsdə qaldı.
Şikayət etmək üçün xeyli vaxt İcra Hakimiyyətinə ayaq döydüm. «Bu gün-sabah həll edərik» deyib məni get-gələ saldılar, heç bir tədbir görmədilər. Nəhayət qərara gəldim ki, maşını çıxarmaq üçün qarajın əks tərəfindən, yola baxan qapı açım. Lakin gecənin bir aləmində Mənzil İstismar Sahəsinin rəisi başının dəstəsi ilə gəlib qaraja 600 manat xərc hesabına quraşdırdığım həmin jalüz qapını sökdülər. Sonra da Qurban müəllimin ismarıcını çatdırdılar ki, bəs qapı açmağa icazə istəyirəmsə, mən də 5 min manat verməliyəm». Qarabağ əlili redaksiyadan xahiş edir ki, onun özünün və qonşusu olan digər sakinlərin bu problemi KİV-də ictimailəşdirilərək əlaqədar instansiyaların diqqətinə çatdırılsın və ona dəyən ziyanın ödənilməsinə, maşın qarajından rahat istifadə edə bilməsinə nail olması üçün köməklik göstərilsin.

LEGİON.AZ