Prokurorluq “MTN-çi rəis”in cinayət əməllərinə hüquqi qiymət vermir? – (FOTO-AUDİO+18)
Anar Məhərrəmov Baş prokurorun nəzarətində olan Ağstafa rayonunun rəisi olub
Bir müddət əvvəl 365info olaraq keçmiş MTN-nin Göygöl (keçmiş Xanlar-red.) və Ağstafa rayonlarının rəisi vəzifəsində işləyən Məhərrəmov Anar Məhərrəm oğlunun, rusiyalı iş adamı Hümmətov Rəfail Talıb oğlunun külli miqdarda pulunu mənimsəməsi barədə silsilə yazılar yazmışdıq.
Bundan başqa qeyd etmişdik ki, Anar Məhərrəmovun hiyləgər oyununun toruna düşənlərdən biri də Həsənov Mətləb Məhəmməd oğlu olub və Anar Məhərrəmov Mətləb Həsənovu o həddə çatdırıb ki, o, iflic vəziyyətinə düşüb.
365info
 saytının redaksiyasına həmçinin RF vətəndaşı olan Rəfail Hümmətovla Anar Məhərrəmovun “Whatsapp” vasitəsi ilə səsli yazışmaları da təqdim olunmuşdur. 365info saytının sosial şəbəkədə yayımladığı həmin səs yazılarında Anar Məhərrəmovun Rəfail Hümmətova qarşı təhdid, təhqir və ağır söyüşlər söyməsi ictimai qınağa da çevrilmişdir.
Yazıda bildirilir ki, Rəfail Hümmətovun öz şəxsi vəsaiti hesabına və həvəslə başladığı sərmayəçi-xeyriyyəçilik işi 2013-cü ilə qədər davam etsə də, sonradan yarımçıq qalmışdır. “Bunun da səbəbkarı “kənddən olub kənddəkilərə qənim kəsilən, özündən razı, müştəbeh, təkəbbürlü, rəzil, öz əlaltısı Seyidəlinin sözləri ilə desək “kəsdiyi başa sorğu edilməyən”, “qabağında heç kəs dura bilməyən”, “ayə, Allahdır, ey, Allah” və ta nə bilim nə olan, keçmiş “MTN-nin böyüyü Eldar Mahmudovun balaca rayonda yekə iddialı MTN-çi rəisi” olan, vaxtı ilə özünü öyərək “lazım olsa Moskvada LİBOY problemi də həll edərəm” deyən, bu gün isə məsuliyyətdən yayınmaq üçün “gözdən uzaq-könüldən iraq” gümanı ilə, işini başqa sahəyə dəyişərək, çəkilib dağlarda “bəlkə də qaytardılar” xülyası ilə yaşayan, “vaxtı ilə qabağında İSMİRNA duran” Hümmətov Rəfailin indi gözünə görünməmək üçün gecə ikən kəndə gəlib özünün mal fermasında Seyidəli ilə “dərdləşib” sübh tezdən kənddən çıxan Məhərrəmov Anar Məhərrəm oğludur.
Seyidəli kimi tanınan Düz Qırıqlı kənd sakini Seyidov Əli Həsən oğlu abadlaşdırma işləri ilə məşğul olan Rəfail Hümmətovla yaxınlıq edib, parkda onu “Göygöl rayonun MTN-in rəisi Anar Məhərrəmovla tanış edir və “Anar səni iş yerinə qonaq dəvət edib” deyərək, onu “zor-xoş Göygöl rayonuna aparır, Məhərrəmov iş otağında “Kabinetə təzə gələn rəisə şirinlik verməlidir” deyib, ondan “500 dollar rəis şirinliyini qoparır” və Hümmətov Rəfailə məclis də təşkil etdirir.
2014-сi ilin noyabr ayında Anar Məhərrəmov Seyidəlinin vasitəsi ilə Rəfaili çağırtdırıb Gəncə şəhərində olan “Ərikli” kafesinə gətizdirir və orada “Daşkəsən MTN şöbəsinin rəisi Eldənizin də iştirak etdiyi söhbətdə “Mənə pul lazımdır, məni Bakı şəhərinin “Neftçilər” metrosu olan Nizami rayonuna MTN-nin rəis vəzıfəsinə dəyişirlər və bu işə görə yuxarıdan beş yüz min dollar tələb olunur. Pulun 200.000 dollarını mütləq sən tapıb verməlisən.” deyə ondan tələb edir və bu qədər pulu olmadığını deyən Rəfailə, sonradan Seyidəlinin vasitəsi ilə xəbər çatdırır ki, “əgər pulu verməsə onu da həmkəndlilərinin və başqalarının halına salacaq”.
Belə ki, “kənddə hamı bilirdi ki, həmin şəxsləri müxtəlif yollarla Anar apartdırıb pullarını aldırıbdır”. Bu səbəbə özünün və ailə üzvlərinin taleyindən ehtiyat edən Hümmətov Rəfail Moskva şəhərindəki dost-tanışlarından 130.000 ABŞ dolları pul toplayıb Anara çatdırır. Bununla “doymayan” Anar özünün mal fermasına şəriklik etmək adı ilə Rəfaili “Prado” markalı maşınını əlaltısı Seyidəlinin tanışına 20.600 ABŞ dolları məbləğində pula satmağa məcbur edərək, pulu öz qaynı Bağırov Vüsalın vasitəsi ilə alıb mənimsəyir.
Lakin, məlum hadisələr cərəyan etdikcə, bəzi keçmiş “MTN-çi”lər kimi Məhərrəmov Anarın da işi dəyişdirilir. Bundan sonra, Rəfail ondan öz pullarını tələb edir. Anar Məhərrəmov əvvəlcə razılaşıb pullarını son qəpiyinə qədər qaytarmağa hazır olduğunu ona desə də, sonradan Rəfaildən qaçaraq, min bir bəhanə ilə görüşməkdən yayınır”, –“Qafqaz Hüquq Mərkəzi”nin baş direktoru İlqar Abbasovun R.Hümmətovun şikayəti əsasında ölkə Prezidentinə ünvanladığı həmin müraciətin bir hissəsində bildirilir.
Məhərrəmov aldığı pulun əvəzinə Rəfailə öz adamlarının vasitəsi ilə bəzi əmlaklarını və mülklərini yüksək qiymətə təklif edir. Amma onların qiymətləri qəsdən 2 qat şişirdildiyindən Rəfail bununla razılaşmır və Anar Məhərrəmov ümumiyyətlə pulları qaytarmaqdan imtina edir.
Qeyd etdiyimiz kimi yazıda həmçinin Anar Məhərrəmovun çoxsaylı qurbanlarından biri – Mətləb Həsənovla bağlı maraqlı məlumatlar açıqlanır: “Mətləb və Uğurlu Həsənov qardaşları rayonda tanınan iş adamları olublar. Onlardan biri mebel biznesi, digəri isə ticarətlə məşğul olub. A.Məhərrəmov MTN-nin Göygöl şöbəsinə rəis təyin olunan kimi bir çox iş adamlarını, o cümlədən, Həsənov qardaşlarını şöbəyə çağırtdırır və onlara deyilir ki, “gəlin təzə rəisi təbrik edin”. Lakin qardaşlar təzə rəisi tanımadıqlarından və qanunla heç bir problemləri olmadıqlarından A.Məhərrəmovun dəvətini qəbul etməyiblər. Sonradan onlara hədə dolu zənglər gəlib.
Bir neçə il bundan əvvəl dekabr ayında, seçkiqabağı M.Həsənov yenə təcili MTN-nin Göygöl şöbəsinə çağırılır. A.Məhərrəmov qəbula gələn M.Həsənovun salamını belə almayıb. Həsənova deyilib ki, guya Ermənistana zəng edib. Həmçinin ona da düşmən ölkədən zənglər gəlib və o, düşmən dövlətlə əlaqədə ittiham olunub. Şəkər xəstəsi olan və təzyiqdən əziyyət çəkən, ömründə sahə müvəkkili tərəfindən belə polisə çağrılmayan M.Həsənova A.Məhərrəmovun nahaqdan yaşatdığı xəyanət ittihamı çox pis təsir edir və o komaya düşüb. Bu azmış kimi, oğullarına qarşı edilən ədalətsizliyə tab gətirməyən anaları bir müddət sonra vəfat edir.”
Mövzu ilə bağlı apardığımız araşdırmalarımızı davam edərkən məlum oldu ki, Anar Məhərrəmovun rəis vəzifəsinə ucalmasında ona yardım edənlərdən biri də onun keçmiş rəisi Azad Qurbanov olub. Azad Qurbanov əslən Gürcüstanın azərbaycanlılar yaşayan mahalındandır və Anar Məhərrəmovun “Akula Akif” vasitəsi ilə Eldar Mahmudovla yaxın münasibət qurmağına yardımçı olub. Hətta Anar Məhərrəmov MTN-nin Göygöl rayonundan Ağstafa rayonuna rəis vəzifəsinə gətiriləndən sonra Azad Qurbanov Ağstafa rayon icra başçısı ilə Anar Məhərrəmovun münasibət qurmaqlarına köməklik edib.
365info saytının əldə etdiyi məlumata görə Ağstafa rayonu Baş prokuror Zakir Qaralovun nəzarətində olan rayonlardan biridir. Və elə rusiyalı iş adamı Rəfail Hümmətov da Anar Məhərrəmovun cinayət əməllərindən və onun külli miqdarda pulunu mənimsəməsindən düz 6 dəfə Baş prokuror Zakir Qaralova şikayət edib. Ancaq nədənsə Baş prokurorluq bu işə hüquqi qiymət vermək istəmir.
365info saytının apardığı araşdırmalar nəticəsində bəlli olub ki, Anar Məhərrəmov Rəfail Hümmətovun Baş prokurora şikayətlərinin təsirindən qorunmaq, canını qurtarmaq üçün keçmiş rəisi Azad Qurbanova müraciət edib, o da öz növbəsində Ağstafa icra hakimiyyəti vasitəsi ilə Baş Prokurorluğa minnətçi düşüb ki, Rəfail Hümmətovun etdiyi şikayətə “xod” verilməsin. Və bu xahişdən sonra Rəfail Hümmətovun şikayət ərizələri nəticəsiz qalır. Ancaq Rəfail Hümmətov mübarizəsini davam edir.
Belə ki, Baş Prokurorluğun bu işə biganəliyindən Rəfail Hümmətov qeyd etdiyimiz kimi axırda məcbur olub “Qafqaz Hüquq Mərkəzi” vasitəsi ilə dövlət başçısına müraciət edib. Bu müraciətdən bərk narahat olan Azad Qurbanov,1995-ci ildə məhkəmə orqanlarından qovulan, qatı müxalifətçi, hökümətin əleyhinə uzun illər təbliğat aparan, əgər gələcəkdə hakimiyyət dəyişərsə ədliyyə naziri olmaq arzusu ilə yaşayan Firudin Ələkbərlini Anar Məhərrəmova hüquqşünas təyin edir.
Xatırladaq ki, Anar Məhərrəmovun müdafiə taktikasını Azad Qurbanovla birgə quranlardan biri Firudin Ələkbərli haqda bundan əvvəlki yazılarda bəhs etmişdik. 365info saytına  daxil olan yeni məlumata görə Firudin Ələkbərlinin bu işdə sonuncu hərəkəti fiaskoya uğrayıb: “Belə ki, özünü Düz Qırıqlı kənd sakini Seyidəlinin, yəni Seyidov Əli Həsən oğlunun nümayəndəsi kimi təqdim edən, lakin əslində “MTN-çi rəis” Anar Məhərrəmovun üstü açılmış cinayət əməllərini malalamaq məqsədi ilə dəridən-qabıqdan çıxan” F.Ələkbərli 24 noyabr 2017-ci il tarixdə Tovuz rayon Prokurorluğuna Seyidov Əlinin adından müraciət etdiyi şikayət ərizəsində göstərmişdir ki: “Anar Məhərrəmov (O HAZIRDA DTX-nın DAŞKƏSƏN ŞÖBƏSİNİN RƏİSİDİR)… (ərizədən sitat -red.)”.
Deyəsən, Firudin Ələkbərli üçün hələ də Eldar Mahmudovun epopeyası davam edir. Özünü “vəkil, hüquqşünas, nümayəndə” kimi təqdim edən bu şəxs nədən belə birdən-birə Anarı “DTX-nın Daşkəsən şöbəsinin rəisi” vəzifəsinə “təyin edib”? Yoxsa o, özünün də “ədliyyə naziri” olmaq xülyasına nail olduğunu güman edir? Ona görəmi müsahibəsində yazır ki: “Bu gün isə sadəcə olaraq DTX-ya bu kənddə aparılan əməliyyatlar və bu kənddən başı torbalı çıxan adamlar haqqında sorğu göndərmişəm. Cavab alandan sonra kimin və nəyin nə olduğunu sizə deyəcəm.” Sorğu etməyə nə lüzum? Mətbuatda yetərincə MTN-çilər barədə məhkəmə materialları var, o cümlədən axtarsa, özü müsahibə verdiyi saytda da tapar.
Daha sonra Firudin Ələkbərov, bidirir ki, “Qardaş mən hüquqşunasam, ona görə hüquq dili ilə danışıram. Yazılanların hamısı böhtandır. …əlimdə olan faktlara görə o yazıda yazılanların 99 faizi yalandır, böhtandır və mən Azərbaycan qanunlarına söykənərək bunu sübut edəcəm.” Bunu deyən hüquqşünas bəs niyə bilmir ki, “böhtan, yalan” ərizələri ilə polisə, prokurorluğa yox, məhkəməyə müraciət edilməlidir? Özü də hakim işləmiş bir hüquqşünas. Çünki, məqsəd öz müştərilərinin “gözünə kül üfürməkdir”, axı verdiyi müsahibənin başlığı da “Şər ayaq tütsa da yeriməz” idi. O da yaxşı bilir ki, “yeridə” bilməyəcək, saqqız kimi uzadacaq. Axı tələbəlik illəri deyil ki, SAQQIZ ÇEYNƏYƏSƏN…”
365info saytının əldə etdiyi məlumata görə təxminən iki il bundan əvvəl Azad Qurbanov Ağstafa icra hakimiyyətində rəhbər vəzifədə işləyən dostlarının köməkliyi ilə MTN məsələsindən kənarda qalan MTN-çilərdən olub və yalnız təqaüdə göndərilməklə canını məsuliyyətdən qurtara bilib. İndi də həmin ssenari ilə Azad Qurbanov AnarMəhərrəmovu təqaüdə çıxarmaqla məsüliyyətdən azad etmək istəyir. Ancaq Rəfail Hümmətovun bildirdiyinə görə prokurorluq orqanları Anar Məhərrəmovu cinayət məsüliyyətinə cəlb etməyənəcən o öz mübarizəsini davam etdirəcək.
Araşdırmamız davam edir, bizi izləyin.

Şamil Həsənbəyli

365İNFO.AZ

RUSİYALI İŞ ADAMI “QAFQAZ HÜQUQ MƏRKƏZİ” VASİTƏSİ İLƏ MTN RƏİSİNDƏN PREZİDENTƏ MÜRACİƏT ETDİ – ŞOK FAKTLAR AÇIQLANDI