Bu klinikada xəstə yanında qalmaq ÖDƏNİŞLİDİR – Qiymətlər 30 -100 manat... (FOTO)
Bakıda məşhur "Premium Clinic"də xəstə yanında qalmaq ödənişli edilib.

Unikal.org xəbər verir ki, klinikanın bu qərarı bəzi pasiyentlərin narazılığına səbəb olub.

Elşən Muhərrəm adlı bir şəxs sosial şəbəkədə yaxının "Premium Clinic"də müalicə aldığını və onun yanında qalmaq üçün ödəniş tələb edildiyini deyib:

"Dünən əməliyyatdan çıxan xəstənin palatasına daxil oldum. Klinikada əməlli ticarət açılıb. Onlardan hələ ki, yalnız birini vurğulayıram. Klinikada yumurtadan yun qırxırlar. Hətta utanmaz-utanmaz xəstənin yanında yaxınlarının qalması üçün yaşa görə qiymət də təyin edirlər. Bilirdim ki, yazdığım iradların öz ölkəmizə və öz inkişaf etmiş səhiyyəmizə aid olmasına şübhə edəcəksiz. Məhz ona görə də bunu çəkdim”.

"Premium Clinic"in direktoru Mübariz Nağıyev sözügedən məsələyə əvvəlcə sərt reaksiya verib:

"Bu gün siz 7-ci admısınız ki, bu barədə məndən soruşursuz. Hər birinizlə bağlı müvafiq qrumlara müraciət edəcəm. Baxarsız, başınıza nə oyun açacam?! Bu tərbiyəsizlikdir!. Bu "facebook” çıxarana mən nə deyim?... (əsəbləşir)”

Daha sonra məsələyə münasibət bildirən klinikanın baş direktoru bu sözləri deyib:

"Biz özəl xəstəxanayıq. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən səhiyyə xidməti göstərilməsi üçün lisenziya almışıq. Aldığımız bütün tibbi avadanlıqları burada yerləşdirmişik. Bu gün pasiyentlərin yaxınlarını pulsuz çarpayı ilə təmin etmək imkanımız yoxdur. Bəli, bizdə xəstə yanında qalmaq ödənişlidir. Ödənişlər isə 30 manatdan başlayır, 100 manata kimi dəyişir. Bu, turizmdə olduğu kimi, səhiyyə "ulduzları” ilə müəyyənləşir. Necə hoteldə 4 ulduzlu, 5 ulduzlu xidmətlər var. Eyni formada xidməti də biz göstəririk.

Ölkə qanunvericiliyinə uyğun olaraq bu iş icra edilir. Çünki dövlət büdcəsinə böyük vəsaitlər veririk. Vergi ödəyir, iqtisadiyatımızın dirçəlməsinə az-çox köməklik göstəririk. Bütün ödənişlər də tam səlahiyətimiz daxilindədir”.

Daha sonra Mübariz Nağıyev əvvəldə ünvanımıza dediyi sözlərə görə, üzr isdədi: "Üzr istəyirəm sizinlə kobud danışdım. Günün sonu olduğu üçün yorulmuşam. Siz bizim qaydaları bilmədiyiniz kimi, ola bilər biz də sizin işinizi bilmirik!”.

Xatırladaq ki, "Premium Clinic" Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küç. 25B ünvanında yerləşir.

LEGİON.AZ