Azərbaycan prezidenti Hindistan XİN rəhbərini qəbul edib - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da Hindistan Respublikasının xarici işlər üzrə dövlət naziri Mobaşar Caved Akbarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xezerxeber.az məlumat verir ki, Azərbaycana səfərindən böyük məmnunluq hissi keçirdiyini vurğulayan Hindistanın xarici işlər üzrə dövlət naziri Mobaşar Caved Akbar dedi: "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Sizin rəhbərliyinizlə ölkənizdə əldə edilən sabitlik və inkişafla bağlı Hindistanın Baş naziri, rəhbərliyi və xalqı adından Sizi təbrik edirəm”.
Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Azərbaycanın müstəqillik illərində böyük uğurlar əldə etdiyini, sabit və sürətlə inkişaf edən ölkəyə çevrildiyini vurğuladı.
Dövlətimizin başçısı Hindistan Respublikasının xarici işlər üzrə dövlət naziri Mobaşar Caved Akbarın ölkəmizə bu səfərinin ikitərəfli münasibətlərimizin perspektivlərinin müzakirə edilməsi üçün yaxşı imkan yaratdığını dedi.
Söhbət zamanı "Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində Bakıda keçiriləcək Nazirlər Konfransının regional əməkdaşlığın gücləndirilməsi, Əfqanıstana beynəlxalq səviyyədə göstərilən dəstəyin artırılması baxımından önəmi qeyd edildi.

LEGİON.AZ