İşdən çıxarılan müəllimə məktəb direktorundan şikayətçidir
İmişli sakini Nüşabə Abbasova bu rayonun 1 saylı humanitar fənlər təmayüllü məktəb-liseyinin direktoru Akif Mövsümovdan şikayətçidir.
Şikayətçi bildirib ki, A.Mövsümov onu işdən çıxarıb və yerinə Təhsil Nazirliyinin diaqnostik qiymətləndirməsindən keçə bilməyən müəlliməni təyin edib.
N.Abbasova öz şikayətini geniş formada musavat.com-a aşağıdakı kimi danışıb: “42 ildir ki, bu məktəbdə ibtidai sinif müəlliməsi kimi çalışıram. Bu illər ərzində dərs dediyim şagirdlər indi yüksək vəzifələrdə çalışırlar. Sovet dövründə də baş müəllim adına layiq görülmüşəm. Yəni qısası rayonda tanınan, hörmət edilən müəllimlərdən biriyəm. Bu il mənim 65 yaşım tamam oldu. Ötən tədris ilinin sonunda məktəbin direktoru Akif Mövsümov məni çağırıb, bildirdi ki, müqavilə bağlayacaq, məktəbdə müəllim kimi fəaliyyətimi davam etdirəcəm. Çünki sağlamlığımda heç bir problem yoxdur. İndiyə qədər elə vaxt olmayıb ki, 1 gün də olsun, dərsdən qalam. Çünki peşəmi çox sevirəm. Bu ilin avqust ayında Təhsil Nazirliyi tərəfindən keçirilən diaqnostik qiymətləndirmələrdə 40 sualdan 30-na cavab verərək, keçdim. Ancaq müəllimlər oldu ki, 5 suala cavab verdilər. Sentyabr ayında həmişə olduğu kimi gəlib, 4-cü sinif şagirdlərimə dərsə başladım. Təxminən 20 dəqiqə dərs keçmişdim ki, paralel sinifdə dərs keçən müəllimə gəldi ki, səni direktor çağırır. Getdim direktorun otağına, o, mənə bildirdi ki, səni işdən çıxarmışıq və artıq dərs deyə bilməzsən. Yerimə də diaqnostika dəyərləndirməsindən 5 bal toplayan cavan bir müəlliməni təyin etdilər. Otağa gəlib, uşaqlarla sağollaşdım. Uşaqların hamısı mənimlə birlikdə dərsdən çıxdılar. Bildirdilər ki, biz sizdən başqa müəllimənin dərsində oturmayacağıq. Bu hadisənin videosu da var. Onu da deyim ki, direktorun özünün də elə 65 yaşı var. Ancaq məni işdən çıxardığı halda, özü məktəbdə direktor kimi fəaliyyətini davam etdirir. İşdən çıxarılmağımdan sonra valideynlər piket də keçirdilər ki, Nüşabə müəlliməni geri qaytarın. Valideynlər bildirirlər ki, bizim uşaqlara Nüşabə müəllimənin tərbiyəsi lazımdır. Şagirdlərim bu il 4-cü sinfi bitirirdi. Mənim də məqsədim o idi ki, bu uşaqlara sona qədər dərs keçim. Onsuz da gələn ildən işdən özüm ayrılacaqdım. Ancaq mənə qarşı haqsızlıq edildi. Bu haqqımı tələb etmək üçün Təhsil Nazirliyinə də müraciət etmişəm. Bildirilib ki, məsələ araşdırılacaq. Məni yandıran odur ki, yerimə təyin edilən müəllimə uşaqlara lazımı səviyyədə dərs keçmir. Mənim necə müəllimə olduğumu məktəbdə hər kəs söyləyə bilər”.
Məsələ ilə bağlı məlumat almaq üçün məktəbin dərs hissə müdiri Pərvanə İsbənli ilə əlaqə saxladıq. P.İsbənli musavat.com-a bildirdi ki, Nüşabə Abbasova doğrudan da öz işinin peşəkarıdır: “Onun necə müəllimə olduğunu hər kəs çox yaxşı bilir. Müəllimələrin əksəriyyəti Nüşabə xanımın təcrübəsindən bəhrələniblər. Onu rəhbərlik işdən çıxarıb. Bu işə mən baxmıram. Ancaq dediyim kimi Nüşabə xanım çox peşəkar və işini bilən, əvəzolunmaz bir kadrdır”.
Təhsil eksperti Kamran Əsədov musavat.com-a bildirdi ki, indiki şəraitdə müəllimənin hüquqları pozulub: 
“Əmək Məcəlləsinin 67-ci və 70-ci maddəsinə görə əmək müqaviləsinə xitam edilən hallar göstərilib. Birincisi əmək müqaviləsinin başa çatması və ikincisi də işçinin 65 yaşının tamam olması. Müəllimə 20 dəqiqə dərs keçib və sonra işdən çıxarılıbsa, hüquqları pozulub. O, 1 dəqiqə belə dərs keçibsə, deməli, artıq müqavilənin tərəflərindən biridir. Təhsil qanunverciliyində də göstərilib ki, əgər kimisə 5 dəqiqədən artıq dərs prosesinin aktiv iştirakçısı olmaq üçün dəvət etmisinizsə, onunla 1 illik müqavilə bağlamağa məcbursunuz. Bu halda həmin şəxsin hüquqları tapdalanır. Ona yaşının tamam olduğu gün bildirilməli idi ki, sizinlə müqaviləyə xitam verilib. Bir məsələ də var ki, həmin müəssisənin rəhbəri 5 ildən artıq olmayaraq hər il onunla müqavilə imzalaya bilərdi. Bu məqamda da işçinin keyfiyyətləri, valideynlər, ictimaiyyət tərəfindən müsbət qarşılanan şəxs olması və digər bu kimi faktorlar nəzərə alınır.  Nəticələri yaxşıdırsa, onunla 70 yaşına qədər müqaviləni davam etdirmək olardı. Şəhər yerlərində daha çox gənc müəllimələrə ehtiyac varsa, rayon yerlərində ibtidai siniflərə gəncləri yox, əmək stajı çox olanları cəlb etmək lazımdır. Konkret bu fakt üzərində deyim ki, sentyabrın 15-də bu müəlliməni lap 2 dəqiqəlik belə dərsə çağırıblarsa, mütləq şəkildə onunla 1 illik müqavilə imsalanmalı idi”.
Məsələ ilə bağlı Təhsil Nazirliyindən bildirildi ki, N. Abbasovanın işi araşdırılacaq.

LEGİON.AZ