“REAL TT” şirkəti də narazılıq yaradır – Daha bir tikinti problemi
Paytaxtın Ağa Nemətulla küçəsi 70 ünvanında inşa edilən yeni tikili qonşu binaların sakinlərinin etirazına səbəb olub
Cəmil Sadıxov bildirib ki, “REAL TT” şirkəti tərəfindən iki ay öncədən başladılan işlərə görə bir neçə hündürmətəbəli binaya gedən yol bağlanıb:

“Bizim yaşadığımız hündürmətəbəli binanın tam yaxınlığında belə bir binanın tikilməsi həyatımız üçün təhlükəlidr. İndi ərazidə aparılan işlərə görə bizim birbaşa və geniş yolumuz kəsilib. Mən bilmirəm onlara orada tikinti aparmağa kim icazə verib. Bir neçə gün öncə 70C binasında 10-cu mərtəbədə yanğın oldu. Yanğınsöndürən maşın həyətə girə bilmədi. Binanın Faiq Yusifov küçəsindən girişi isə çox dar olduğu üçün iri maşınlar daxil ola bilmir. İndi tikinti aparılan ərazi bağ idi, istirahət edirdik. Oranı dağıtdılar, 30 ağac kəsdilər. Biz şirkəti məhkəməyə vermişik”. 
“REAL TT” şirkətinin ərazidəki nümayəndəsi “Qafqazinfo”ya bildirib ki, tikinti üçün bütün sənədləri qaydasındadır: “Burada 12 mərtəbəli yaşayış binasının tikilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti icazə verib. Ərazinin Faiq Yusifov küçəsinə çıxışı olan hissəsinə bizim tərəfimizdən asfalt örtüyü tökülüb. Oradan bütün avtomobillər rahatlıqla giriş-çıxış edə bilər. Ağa Nemətullla küçəsinə çıxışda isə hazırda bərkitmə işləri aparılır. Yaxın günlərdə qaz xətti də bir neçə metr kənara köçürüləcək. Dekabrın sonuna kimi 6,5 metr enində yolun istifadəyə verilməsi planlaşdırılır. Sonra isə binanın tikintisi davam etdiriləcək”.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iki ildən çoxdur həmin ərazi böyük lövhələrlə əhatələnərək bağlanıb. Əvvəlcə orada 4 mərtəbəli qeyri-yaşayış obyektinin tikilməsi planlaşdırılsa da, sonradan meriya 12 mərtəbəli binanın layihəsini təsdiqləyib.

LEGİON.AZ