40 ailə 6 aydır, qazsız qalıb - Artur Rasi-zadəyə müraciət
Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni yaşayış massivində yaşayan 40 ailə 6 aydır, qazsız qalıb.

Bu barədə BakuPost.az-a 40 ailənin adından massivin sakini Qurban Allahverdiyev məlumat verib. Bildirib ki, bu ilin iyun ayında əraziyə təbii qazın verilişi dayandırılıb. 

Sakinlər "Azəriqaz” İstehsalat Birliyinə müraciət edib, qazın kəsilmə səbəbi ilə maraqlanıb. Məlum olub ki, qazın kəsilməsinə səbəb massivə çəkilən qaz xətlərinə icazəsiz qaz borularının qoşulmasıdır. Belə ki, ərazidə ev tikən 7 ailə bu xətlərdən qanunsuz olaraq öz evlərinə qaz çəkdiriblər. Bu isə aidiyyəti qurumlar tərəfindən aşkar edildikdə, xəttə verilən qaz tamamilə dayandırılıb. Massiv sakinlərinə bildirilib ki, onların xəttinə qaz buraxılması üçün əlavə 200 metr qaz xətti çəkilməlidir. Bunun isə noyabrın 23-də tamamlanacağı barədə əhaliyə vəd verilib. Lakin vədin üstündən 10 gündən çox vaxt keçməsinə baxmayaraq, əhali hələ də qaz üzünə həsrətdir.
 

"Biz məcburi köçkünlər olaraq Nazirlər Kabinetinə yazılı surətdə müraciət etdik. Abşeron rayon İcra Hakimiyyətində oduq. İcra hakimiyyətinin işçiləri olan Azər və Fariz müəllim Qaz Satış İdarəsinin işçiləri olan Məmməd və Səməd müəllimlə əlaqə saxladı.
 

Onlar bildirdi ki, biz "AzəriQaz”a tabeyik. Qurum nə zaman bizə göstəriş versə, biz də məcburi köçkünləri qazla təmin edəcəyik. Bizim hamımızın qanuni olaraq sayğacımız var. Sayğaclarımız da üstündə nə qədər işlətmədiyimiz qaz qalıb. Bizim körpə balalarımız, yaşlı adamlarımız soyuqdan əziyyət çəkir axı, nə böyük problem olub bunu həll etmək? 7 ailənin qanunsuzluğuna görə bir massivin qazını kəsmək, 6 ay ərzində onu həll etməmək hansı qanun çərçivəsinə sığır?”
, - deyə Q. Allahverdiyev bildirib.
 

Məsələ ilə BakuPost.az-a açıqlama verən "AzəriQaz” İB-nin mətbuat xidmətinin rəhbərini İbrahim Kərəlayev bildirib ki, bu iş araşdırılmalıdır: "Əgər qaz kəsilibsə və verilməyibsə, demək ki, səbəbi var. Bizə rəsmi şəkildə müraciət etsinlər. Burada araşdırılmalı olan məqamlar var. Bu məqamlar araşdırılandan sonra rəsmi olaraq problemlə bağlı izahat veriləcək”.

LEGİON.AZ