ŞƏMKİR RAYON MƏHKƏMƏ HAKİMİNİN QANUNSUZ HƏRƏKƏTLƏRİNDƏN MƏHKƏMƏ-HÜQUQ ŞURASINA ŞİKAYƏT OLUNDU
AZƏRBAYCAN  RESPUBLİKASININ MƏHKƏMƏ-HÜQUQ  ŞURASININ  SƏDRİ ƏDLİYYƏ NAZİRİ CƏNAB FİKRƏT MƏMMƏDOVA
Ş İ KA Y Ə T

Hörmətli Məhkəmə-Hüquq Şurasının Sədri,

Siz, hakimlərin məhkəmə işlərinə qərəzsiz və ədalətli yanaşmalarına tələbkarlığınızla bərabər, tərəfkeşlik və biganəlik hallarına qarşı barışmaz mövqenizlə fərqlənmisiniz.
Lakin, Şəmkir rayon Məhkəməsinin hakimi Mustafa Mustafayev hüquqlarını müdafiə etdiyim RF vətəndaşı Hümmətov Rəfail Talıb oğluna qarşı anlaşılmaz, laqeyid münasibət, digər tərəfdən isə, hakim öz vəzifəsini yerinə yetirməyi “unudaraq” məhkəmə iclasını istədiyi kimi keçirməklə, yəni “məhkəmə tərkibini elan etmək”, “cavabdeh” tərəflər olan  Məhərrəmov Anar Məhərrəm oğlunun məhkəmə iclasına gəlməməsini “görmədən” və digər vacib prosessual qaydalara əməl etmədən, məhkəmə iclasına gəlməyən Məhərrəmov Anar Məhərrəm oğluna aşkarcasına tərəfkeşlik etməsi təəccüb və təəssüf hissi yaratmışdır.
Belə ki, mülki iş üzrə iddiaçı Hümmətov Rəfail Bakı şəhərindən 11 noyabr tarixdə Şəmkir rayon Məhkəməsinin hakimi Mustafa Mustafayevə poçt vasitəsi ilə teleqramla müraciət edərək, iddia ərizəsi və ona əlavə olan sənədlərin geri verilməsini xahiş etmişdir.
14 noyabr tarixdə isə Hümmətov Rəfail “iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qaytarılması barədə” ərizəni bilavasitə özü məhkəmənin dəftərxanasına təqdim edərək, qəbul edilməsinə dair müvafiq qaydada qəbz almışdır.
Hakim Mustafayev Mustafanın 30 noyabr 2017-ci il tarixdə keçirdiyi məhkəmə iclasında cavabdeh Məhərrəmov Anar Məhərrəm oğlunun nə özü nə də ki, nümayəndəsi iştirak etmirdi. Həmçinin iclasda iştirak etməyən cavabdehlər: Məhərrəmov Anarın qaynı Bağırov Vüsal Əli oğlu ilə, yaxını-dostu Rzayev Əli Müseyib oğlunu isə nümayəndələri Firudin Ələkbərli təmsil edirdi. Hakim Mustafayev Mustafa cavabdeh Məhərrəmov Anar Məhərrəm oğlunun iştirak etmədiyini fərqinə varmadan, onun iştirak etməməsinin səbəbini araşdırmadan, hansı əsaslarla iclası davam etdirdiyini elan etmədən, heç bir şey olmamış kimi elan etdi ki, “qarşı tərəf iddia ərizəsi və işin digər materialları ilə tanış olmadığına görə bunun üçün vaxt istəyir”.
Hakimə Rəfail Hümmətovun teleqramı və ərizəsi barədə bildiriləndə o,  “iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qaytarılması” barədə Rəfail Hümmətovun 11 noyabr tarixli teleqramından və 14 noyabr tarixdə dəftərxanaya verdiyi ərizədən “xəbəri olmadığını” və heç bir sənədin məhkəməyə daxil olmadlğını bildirdi.
Teleqramın surəti ilə xəbərnaməli poçt qəbzi və ərizənin qəbul edilməsi barədə Şəmkir məhkəməsinin dəftərxana möhürü olan sənəd hakimə təqdim olunduqda o, həmin sənədləri işdə “axtarıb-tapmadı” və bildirdi ki, göstərilən sənədləri dəftərxanadan ona verməyiblər.
Necə ola bilərdi ki, 16 gün ərzində sənədlər dəftəxanadan hakimə verilməsin?
Hakim Mustafayev Mustafa Şəmkir rayon məhkəməsində sənədlərin “itkin düşməsini” unudaraq, elan etdi ki: “qarşı tərəf iddiaçının vəsatəti ilə (yəni iddia ərizəsinin geri verilməsini) razılaşmadığını, işə mahiyyəti üzrə baxılmasını davam etdirməyi tələb edir”.
Sual yaranır ki, cavabdeh Məhərrəmov Anar iclasda iştirak etmirsə, cavabdehlər: Bağirov Vüsalla Rzayev Əlinin nümayəndələri Firudin Ələkbərli “iddia ərizəsi və materiallarla tanış olmayıbsa”, bundan əlavə, Rəfail Hümmətovun məhkəməyə müraciət etdiyi “sənədlərin məhkəməyə daxil olmadığını” və onlardan “xəbəri olmadığını” inadla bildirən hakim Mustafayev Mustafaya haradan məlum oldu ki, “qarşı tərəf iddiaçının vəsatəti ilə razılaşmır və işə mahiyyəti üzrə baxılmasını tələb edir.”?
Bundan başqa, hakimə müfafiq sənədlər yenidən təqdim edilərək, bildirildi ki, Rəfail Hümmətovun “keçmış MTN-çi Məhərrəmov Anar Məhərəm oğlu tərfindən uzun müddət psixoloji təcavüzə məruz qalması, inzibati zorakılıq göstərməklə külli miqdarda əmlakının məcburi yolla əlindən alınması barədə” Baş Prokurorluğa şikayət ərizəsi ilə müraciət edilmişdir. Ona qarşı törədilmiş əməllər cinayət xarakterli olmasına baxmayaraq, hümmətov Rəfail keçmiş nümayəndəsi Əzizli Ziya Həzi oğlu tərəfindən aldadılaraq mülki qaydada məhkməyə müraciət edilmişdir.
“Qarşı tərəfin” nümayəndəsi Firudin Ələkbərli “bilmək olmaz, hələ kim-kimə borcludur-qarşılıqlı iddia qaldıracağıq, iddia ərizəsi çox savadsız tərtib olunmuşdur” deyə yerindən replika ataraq,  hakimə öz sözünü çatdırdı.
Yenə sual yarandı ki, qarşı tərəfin bir hissəsinin nümayəndəsi olan Firudin Ələkbərli hakimin sözlərinə görə“İddia ərizəsi”ilə tanış olmayıbsa, bəs onda Firudin Ələkbərli haradan bildi ki: “İddia ərizəsi çox savadsız tərtib olunmuşdur.”? Bu sözləri ilə o, iddia ərizəsi ilə mükəmməl tanış olduğunu hakimə etiraf edirsə və cavabdeh Məhərrəmov Anar məhkəməyə gəlməyibsə, “qarşı tərəf iddia ərizəsi və işin digər materialları ilə tanış olmadığına görə bunun üçün vaxt istəyir” deyən hakim Mustafayev Mustafa “qarşı tərəf” deyəndə kimləri nəzərdə tutur?
Bütün bunlar hakim Mustafayev Mustafanın nəzərinə çatdırılsa da, o, canfəşanlıqla himayədarlıq etdiyi “qarşı tərəfin” nümayəndəsinin sözünə rəğmən: “qarşılıqlı iddia da qaldırıla bilər” deyərək, məhkəmə iclasını 08 yanvar 2018-ci ilə təyin oldunduğunu bildirməklə öz iclasını yekunlaşdırdı.
Hümmətov Rəfail  30 noyabr tarixdə məhkəmə iclasında iştirak etmədiyi üçün, növbəti gün, yəni 01.12.2017-ci il tarixdə hakim Mustafa Mustafayevin köməkçisi Orucun yanında olub məhkəmə iclasının nə vaxta təyin olunduğunu öyrənmək istəmiş və ona rəsmi “Bildiriş”in verilməsini xahiş etmişdir. Köməkçi Oruc onu hakim Mustafayevin yanına göndərmişdir. Hakim Mustafayev Mustafa iddiaçı Hümmətov Rəfaili qəbul etsə də, “vəkilin iştirak edib, o, bilir” deyərək, özünün təyin etmiş olduğu məhkəmə iclasının rəsmi “Bildiriş”ini ona verməkdən imtina etmişdir. Hümmətov Rəfail Məhkəmənin sədri Könül Məmmədovun qəbulunda olub şikayət etmək istəsə də onu eşidən olmamışdır.
Hümmətov Rəfail bütün bunlar barədə yeni ərizəsini və ona əlavə olan materialı 04 dekabr tarixdə Şəmkir rayon məhkəməsinin dəftərxanasına verib qəbz almışdır, lakin əvvəlki sənədlər kimi bu ərizəsinin də məhkəmənin hakimi Mustafayev Mustafaya “verilməyəcəyindən” narahatdır.
Hörmətli Sədr,

Şəmkir rayon Məhkəməsinin hakimi Mustafayev Mustafanın qanunsuz hərəkətlərinin qarşısının alınması barədə müvafiq tədbirlərin görülməsini Sizdən xahiş edirik.
Hörmətlə, “Qafqaz Hüquq Mərkəzi” MMC-nin baş direktoru İlqar Abbasov

365İNFO.AZ