DTX əməkdaşı özünü hospitala “yıxdı”?- “MTN-çi rəis”in işində şok faktlar
365info saytı neçə vaxtdır ki, MTN-çi rəis Anar Məhərrəmovla bağlı yazılar dərc edir. Rusiyalı iş adamı Rəfail Hümmətovun ölkə başçısına müraciətindən sonra ölkə mətbuatı da Anar Məhərrəmov tərəfindən Rəfail Hümmətovun başına gətirilən zülümlərdən yazdı.
Xatırladaq ki, həmin yazılarda keçmiş MTN-nin Göygöl (keçmiş Xanlar-red.) və Ağstafa rayonlarının rəisi vəzifəsində işləyən Məhərrəmov Anar Məhərrəm oğlunun Hümmətov Rəfail Talıb oğlunun külli miqdarda pulunu mənimsəməsi barədə bəhs edilirdi.
İş adamı, keçmiş “MTN-çi rəis” Anar Məhərrəmov tərəfindən uzun müddət psixoloji təcavüzə məruz qalması, inzibati zorakılıq göstərməklə əmlakının əlindən alınmasından şikayət edirdi.
Həmçinin bildirilirdi ki, Anar Məhərrəmovun hiyləgər oyununun toruna düşənlərdən biri də Həsənov Mətləb Məhəmməd oğlu olub. Anar Məhərrəmov Mətləb Həsənovu o həddə çatdırıb ki, o, iflic vəziyyətinə düşüb.
365info
 saytının redaksiyasına həmçinin RF vətəndaşı Rəfail Hümmətovla Anar Məhərrəmovun “Whatsapp” vasitəsi ilə səsli yazışmaları da təqdim olunmuşdu. Saytın sosial şəbəkədə yayımladığı həmin səs yazılarında Anar Məhərrəmovun Rəfail Hümmətova qarşı təhdid, təhqir və ağır söyüşlər söyməsi ictimai qınağa da çevrilmişdir.
Yazıda bildirilir ki, Rəfail Hümmətovun öz şəxsi vəsaiti hesabına və həvəslə başladığı sərmayəçi-xeyriyyəçilik işi 2013-cü ilə qədər davam etsə də, sonradan yarımçıq qalmışdır və bunun da səbəbkarı Anar Məhərrəmov olmuşdur. Hətta Anar Məhərrəmovun keçmiş rəisi Azad Qurbanovun da adı ölkə mətbuatında hallandıqdan sonra, onun yaxınları 365info saytının baş redaktoru Anar Asimoğlu ilə görüşüblər.
Görüşdə Azad Qurbanovun adından bildirilib ki, onun Anar Məhərrəmovla heç bir əlaqəsi yoxdur, əksinə bu gün Anar Məhərrəmovla Azad Qurbanovun münasibətləri pisləşib. Həmçinin Anar Məhərrəmov Azad Qurbanovu bu problemdə ona dəstək olmadığına görə günahlandırır.
Azad Qurbanovun adından gələn yaxınları baş redaktora bildiriblər ki, Anar Məhərrəmovun rəis təyin olunmağında Azad Qurbanovun heç bir rolu olmayıb. Əksinə Azad Qurbanov hər dəfə Anar Məhərrəmova bildirib ki, ondan heç vaxt peşəkar “çekist” olmaz və o, öz hərəkətləri ilə özünü keçmiş “OBXSS” işçilərinə bənzədir. Hətta Anar Məhərrəmov rəis təyin olunanda Azad Qurbanov ona deyib ki, “sənə hələ rəis təyin olunmaq çox tezdir”. Azad Qurbanovun bu sözündən inciyən Anar Məhərrəmov öz yaxınlarına söyləyirmiş ki, guya Azad Qurbanov onun rəis təyin olunmağına paxıllıq edir. Ancaq Azad Qurbanov hər dəfə Anar Məhərrəmova izah edirdi ki, o, onun yaşı qədər MTN-də çalışıb və peşəkar “çekist”lərdə paxıllıq adətə çevrilmir.
O ki, qaldı yazıda gedən məlumata görə, Azad Qurbanovun Anar Məhərrəmovun hansısa yaxınına, əzizinə görə ona dəstək olmasına, buna da cavab olaraq Azad Qurbanovun adından yaxınları bildirdilər ki, həmin yaxın adam elə indi də Azad Qurbanovun əzizidir və elə o da Anar Məhərrəmovdan imtına edib: “Qaldı ki, Azad Qurbanovun Könül Məmmədovla bağlı olan kompromateriallara, əziz qələm əhli, məlumat üçün bildiririk ki, Könül Məmmədov 10 il Tovuz rayon məhkəməsinin baş hakimi olub və Anar Məhərrəmov da onunla Tovuzda özlərinə maraq kəsb edən bir çox işlər görüblər ki, bu işlərdən sonra baş hakimlə MTN-çi rəisin yaxın münasibətləri yaranıb.
Və kompromaterial yığanlar da keçmiş MTN nazirinin köməkçisi Vüqar Mahmudov və “Akula” ləqəbli Akif Mustafayev olub. Azad Qurbanovun Respublika səviyyəsində elə bir böyük vəzifəsi olmayıb ki, o, kimlərdənsə kompromaterial toplasın. Anar Məhərrəmov MTN-nin Şəmkir rayon şöbəsində əməliyyatçı işləyəndə əslən Şəmkir rayonundan olan bir iş adamı ilə tanış olub. Və həmin iş adamı ona bildirib ki, vaxtı ilə “Akula” ləqəbli Akif Mustafayevin və Vüqar Mahmudovun ona “tikdikləri torba” əsasında o, MTN-ə aparılıb və orda ondan külli miqdarda pul alınıb. Pul alındıqdan sonra həmin iş adamı özü də Akif Mustafayevin və Vüqar Mahmudovun “krışalığı” ilə ölkədə öz biznes işini davam etdirib. Bax həmin iş adamı Anar Məhərrəmovu Vüqar Mahmudovla və Akif Mustafayevə calayır, ondan sonra isə Anar Məhərrəmov onlara verdiyi 150 min manata MTN-nin Göygöl rayonuna şöbə rəisi vəzifəsinə təyin olunur.
Bu gündə Anar Məhərrəmovun adı DTX-nin Daşkəsən rayonunda hərbi hissələrin birində, Xüsusi İdarənin əməliyyatçısı kimi gedir.
Rusiyalı iş adamının ölkə başçısına və hüquq mühafizə orqanlarına etdiyi müraciəti mətbuatda gedəndən sonra, Anar Məhərrəmov özünü DTX-nin hospitalına “yıxaraq” vaxt udmağa çalışır”.
P.S. 365info olaraq qeyd edək ki, Azad Qurbanovun yaxın adamlarının məsələ ilə bağlı fikirlərini biz obyektivlik naminə dərc etdik.
Araşdırmamız davam edir.

Murad İbrahimli

365İNFO.AZ

DYP əməkdaşından Ramil Usubova şikayət olundu