Sabunçu RİH başçısı məhkəmənin işinə təsir göstərir?
Hakim Vaqif Həsənov Aydın Vəliyevin göstərişi əsasında qərardad çıxarıb?
Bu yaxınlarda Sabunçu RİH ərazisində alqı-satqı yoluyla torpaq sahələri əldə edən vətəndaş Sidqi Abbasovun RİH rəhbərliyi tərəfindən sıxışdırıldığı barədə məlumat vermişdik.
Belə ki, S.Abbasovun sözlərinə görə, RİH işçiləri onun hasar çəkməsi üçün 30 min manat rüşvət verməli olduğunu bildirib.
Həmçinin, şikayətçinin valideynlərinin Azərbaycan Prezidenti İlham Əliyevə Adil Vəliyevdən şikayətini dərc etmişdik.
Müraciətdə deyilirdi: “Cənab Prezident!!! İcazənizlə diqqətinizə çatdıraq ki, başçı Adil Vəliyevin qoçuları bağımıza çəpər çəkərkən, xüsusi mülkiyyətimizə dəfələrlə basqın ediblər, oğlumuzu təhqir edib deyirlər ki, sən kimsən, bizdən icazəsiz bağına hasar çəkirsən, yazıq kimsəsiz, kasıb bir adamsan, məhf edərik səni, bizə 30000 pul verməsən qoymarıq bağınıza hasar çəkəsən. Bizim başçımız Adil Vəliyevin Hektarlarla torpağı, biznes mərkəzləri, bir neçə maşın salonları, villaları, restoranları, gözəllik salonları, xaricdə çoxlu pulu, biznesi, mülkləri və “QOÇU” dəstələri var. Cənab prezident çox xahiş edirik bizim ailəyə köməklik edin. Biz, bir vicdanlı alıcı kimi notarial qaydada alqı-satqı yolu ilə aldığımız torpağa, bağımıza çəpər çəkək, ağac əkək, balalarımızı dolandıraq”.
Biz QAFQAZXEBER.AZ olaraq məsələyə aydınlıq gətirmək və vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün dəfələrlə RİH-ə müraciət etmiş, RİH-dən isə başçının köməkçisi Müslüm Mahmudov Sidqi Abbasovu dələduzluqda ittiham edib. O, Sidqi Abbasovun RİH tərəfindən məhkəməyə verildiyini deyib.
Lakin biz öyrəndik ki, məhkəmə iddiası Kürdəxanı Bələdiyyəsi tərəfindən açılıb. Sidqi Abbasov isə noyabr ayında A.Vəliyevin imzasıyla hasarlamaya icazə alındığını, lakin Həbib adlı RİH işçisinin “məhkəmə sizə tikintini qadağan edəcək, gedin qərarı gözləyin” deməsindən bir neçə gün sonra Sabunçu RM-in müvafiq qərardadının çıxdığını bildirib.
Beləliklə, Sidqi Abbasov RİH-lə məhkəmə arasında hansı əlaqə olduğu barədə anlaşılmaz bir durumun yarandığına diqqəti çəkib.
Dekabrın 17-də Sidqi Abbasovun vəkili Saleh Hüseynov QAFQAZXEBER.AZ-a bildirdi ki, hakim Vaqif Həsənov məsələni araşdırmadan, tərəfləri diqqətlə dinləmədən ərazidə tikinti aparmağı dayandırmaq barədə qərardad çıxarıb. Aydındır ki, bu qərardad RİH-in göstərişiylə verilib. Onlar gözləyirlər ki, biz appelyasiya şikayəti verəcəyik, beləcə iş uzanacaq. Lakin biz bu işin tezliklə bitməsini, prosesin yekunlaşmasını istəyirik. Ona görə də, ümid edirik ki, Məhkəmə-Hüquq Şurası da hakimdən işi obyektiv araşdıraraq tezliklə qətnamə qəbul etməyi tələb edəcək.
Məsələ ondadır ki, DƏDRX-dən çıxarışı olan, başqa vətəndaşa satılan torpaqla bağlı bələdiyyənin tələbi məlum deyil. Əgər hansısa qanunsuzluq olubsa, o zaman iddianın cavabdehi Sidqi Abbasov olmamalıdır. O, vicdanlı alıcıdır”, – deyə S.Hüseynov qeyd edib.
Onun sözlərinə görə, əslində hasarlama işləri üçün RİH-dən icazə almağa ehtiyac yoxdur. “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən sorğumuza cavab olaraq bildiriblər ki, mülkiyyətdə olan torpaq sahəsində hasarlama işləri aparmaq üçün hansısa inzibati qurumdan icazə almağa ehtiyac yoxdur”, – deyə vəkil vurğulayıb.
Xatırlatma: noyabrın 5-də məlumat əldə etmişdik ki, sabiq bələdiyyə sədri Sabir Əliyevə qarşı təzyiqlər başlanılıb.
Məlumata görə, RİH nümayəndələri onunla acığa düşərək, mətbuata danışdığına görə, evini uçurdublar.
Sabir Əliyevlə əlaqə saxladıq. “Eşitdik ki, bizimlə danışandan sonra, evinizi uçurdublar”, – deyə soruşduq. “Bəli… yox, külək uçurdub. Ay qardaş, mənim adımı hallandırmayın, mən özümü pis hiss edirəm. Mənlik orda bir məsələ yoxdur, onu sizə demişəm. Qoy Sidqi Abbasov özü məsələni yoluna qoysun, icra hakimiyyəti ilə mübahisəsini həll etsin”, – deyə S.Əliyev bildirdi.
Biz ondan soruşduq ki, RİH tərəfindən hər hansı psixoloji təzyiq varmı? “Bəli, psixoloji təzyiqlər var… Amma ən çox özüm içimdə sarsıntı keçirirəm. Mənə Güloğlan müəllim yox, onun köməkçisi Həbib təklif etmişdi ki, ona deyin bu məsələni yoluna qoyaq. Mən heç nəyə qarışmıram, xahiş edirəm, məni daha narahat etməyin”, – deyə S.Əliyev əlavə etdi.
Tamerlan Zeynallı

QAFQAZXEBER.AZ

Çarəsiz qalan vicdanlı alıcının valideyinləri icra başçısı Adil Vəliyevdən Prezidentə şikayət etdilər

Adil Vəliyev hasarlama üçün icazə verdiyi vətəndaşı niyə təkrarən incidir?

Sabunçu RİH mətbuata danışan sabiq bələdiyyə sədrinə təzyiq göstərir? – ARAŞDIRMA

Sabunçu RİH vətəndaşdan hasar çəkmək üçün 30 min manat “haqq” tələb edir? – ŞİKAYƏT