Polisdən gömrükçülüyə gedən yol -Vergi milyonlarına alınan polkovnik rütbəsi
Bir müddət əvvəl vergilər naziri postundan azad olunan Fazil Məmmədov barədə ölkə mətbuatında gedən silsilə yazılar səngimək bilmir.

Hətta mətbuatın yazdığına görə Fazil Məmmədovun hər gün qazandığının bir hissəsi , yəni 500 min dollar xarici ölkələrdə ofşor şirkətlərin hesabına vurulub.

Fazil Məmmədov 1999-cu ilin yay aylarında vergilər naziri vəzifəsinə təyin olunub və demək olar ki, təyin olunan gündən hər gün onun tərəfindən 500 min dollar pul xarici ölkələrdəki ofşor şirkətlərə otuzdurulub ki, bu da indiyəcən 18 il edir.

Deməli, apardığımız hesablamaya görə günə 500 min dollar aya 15 milyon dollar edir. 15 milyon dolları 12 aya vuranda 180 milyon, 180 milyon dolları isə 18 ilə vuranda 3 milyard 240 milyon dollar edir .

Həə, bu məbləğ həqiqətən də çox böyük məbləğdir,ancaq gəlin baxaq görək bu məbləği 18 il ərzində xarici ölkələrdə yerləşən ofşor şirkətlərin hesablarına vurulmağında Fazil Məmmədova kim yardımçı olub.

Bildirək ki, bu şəxs Fazil Məmmədovun yaxın qohumu, gömrük polkovniki Rafael Qurbanovdur. Rafael Qurbanovdan çox danışmaq olar. Bu şəxs DGK-dən əvvəl Bakı Baş Polis İdarəsində CAİ-nin rəisi vəzifəsində çalışıb, özü də Məhərrəm Əliyevin Bakı BPİ-nin rəisi işləyən vaxtları. O illər Abşeron rayonu ərazisində Bakı Baş Polis İdarəsinin əməkdaşlarının neft kəmərlərindən oğurluq hadisəsində şübhəli bilinərək yaxalandığı vaxt həmin şəxslər Rafael Qurbanovun rəhbərlik etdiyi CAİ-nin əməkdaşları olublar. Bu hadisə o vaxt böyük rezonansa səbəb olmuşdur. Şübhəli şəxs qismində saxlanılanlardan biri də Bakı Baş Polis İdarəsinin ozamankı rəisi Məhərrəm Əliyevin kürəkəni Ülvi Allahyarov olmuşdur.

Həmin vaxt Ülvi Allahyarov Bakı BPİ-nin CAİ-nin mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edirdi. Düzdür,bu hadisədən sonra hətta Rafael Qurbanov Ülvi Allahyarovu xilas etməyə cəhd edir.

Belə ki,o Abşeron rayonunun ərazisində neft kəmərlərində dediyimiz oğurluq hadisəsi ilə əlaqədar belə bir plan qurur ki, guya Ülvi Allahyarov məxfi əməkdaşından həmin məsələ ilə bağlı məlumat alıb. Onun agentura məlumatını isə Rafael Qurbanov özünü təmizə çıxartmaq üçün arxa tarixlə qeydiyyata alaraq jurnala yazır.

Ancaq DİN-dən gələn yoxlamanı Rafael Qurbanov aldada bilmir və beləliklə o özü də tutduğu vəzifədən azad edilir. Vəzifədən azad olunandan sonra Rafael Qurbanov Siyəzən RPŞ-ə inspektor vəzifəsinə təyin olunur.

Ancaq Fazil Məmmədovun qohumu özünə bu vəzifəni sığışdırmayaraq DİN-dən çıxır və DGK-də idarə rəisi vəzifəsinə təyin olunur.

Məlumat üçün bildirək ki, hələ vergilər naziri vəzifəsinə təyin olunmazdan əvvəl DGK-nın müavini vəzifəsində işləyən Fazil Məmmədovun köməkliyi ilə Rafael Qurbanov polis işçisi olduğuna baxmayaraq Məhərrəm Əliyevin sifarişlərini yerinə yetirdiyinə görə onun “sahibkarlıq fəaliyyəti”nə göz yumulur. 
Və Rafael Qurbanov o illər Fazil Məmmədovun köməkliyi ilə Amerikadan Azərbaycana toyuq budlarını idxal edir, onun şirkəti isə monopolist rolunu oynayır.

Hətta bu yazı hazırlananda Bakı BPİ-nin keçmiş, bəzi əməkdaşları ilə əlaqə saxladıq və onlar da bildirdilər ki, “o vaxtlar Rafael Qurbanov ölkəyə idxal etdiyi toyuq budlarının və Vergilər Nazirliyindən maxinasiya yoluyla qazandığı milyonların hesabına bizə “görüm-baxım” edirdi ki, biz peşəkar əməliyyatçılar keçirtdiklərimiz tədbirləri onun adından, onun tədbiri kimi rəsmiləşdirək , bəlkə gələcəkdə o polis generalı oldu”.

Ancaq atalar demişkən, “sən saydığını say, gör fələk nə sayır”…

Bizi izləyin, araşdırmamız davam edir.

Gələn yazımızda DGK-nın bir neçə yüksək rütbəli məmurlarından söz açaraq Rafael Qurbanovun əməllərindən bəhs olunan mövzunu davam edəcəyik.

Şamil Əfəndi 

 
365İNFO.AZ