Bakı Dirçəliş İctimai Birliyi bakılıları ölkə rəhbəri ətrafında sıx birliyə çağırdı
Təşkilat və qurumun Ağsaqqallar Şurası adlarından verilmiş bəyanatlar da bu barədədir
Bakı və ətraf yaşayış məntəqələrində nüfuz sahibi olan Bakı Dirçəliş İctimai Birliyi və həmin təşkilatın Ağsaqqallar Şurası ölkədəki mövcud durumla bağlı bəyanat veriblər.

Həmin bəyanatlardakı maraqlı məqamları nəzərə alıb, hər iki bəyanatı olduğu kimi oxucularımızın da diqqətinə çatdırırıq:

Bakı Dirçəliş İctimai Birliyinin BƏYANATI

Bakı Dirçəliş İB ölkəmizin inkişafı və müstəqilliyimizin daha da dərinləşməsi uğrunda 2003-cü ildən mübarizə aparır və fəaliyyətini günü-gündən genişləndirir. Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə, Bakının kənd və qəsəbələrində birliyin dayaq dəstələri fəaliyyət göstərir. Dayaq dəstələrinin rəhbərləri və hər bir üzvü ölkə başçısı tərəfindən həyata keçirilən tədbirlərin vacibliyi ilə əlaqədar izahedici işlər aparır, hansı problemlərin obyektiv, hansıların isə bizə düşmən qüvvələr tərəfindən süni şəkildə yaradılması və bundan istifadə edərək ölkə daxilində narazılıqlar, çaxnaşmalar yaratmaq istədiklərini isanların diqqətinə çatdırır.
Bu işdə daha çox Bakı kənd və qəsəbələrinin ağsaqqalları, ziyalıları və nüfuzlu insanları fərqlənirlər. Müstəqil Azərbaycan dövlətinin qorunması həm də, Azərbaycan xalqının və mədəniyyətinin qorunması deməkdir. Bu məqsədlə hər birimizin borcu Azərbaycan dövləti və onun prezidenti ətrafinda sıx birləşməkdir. Bu müqəddəs və şərəfli yoldakı mübarizəmizə mane olmağa çalışan qüvvələr var və bu qüvvələr Bakı Dirçəliş İctimai Birliyinin cəmiyyətdəki nüfuzuna kölgə salmağa çalışır, bizim nailiyyətlərimizi öz adlarına çıxmağa can atırlar. Lakin, bir şeyi unudurlar ki, insanlar kimin kim olduğunu çox gözəl bilirlər. Onlar unudurlar ki, bizim fəaliyyətimiz bir günün, bir ilin işi deyil. Uzun illərdir ki, Bakı Dirçəliş İB cəmiyyətin bütün təbəqələrinə yaxınlaşa bilmiş və böyük nüfuz qazanmışdır. Xüsusilə, Bakının kənd və qəsəbələrində minlərlə vətəndaşlarımız sözümüzü eşidir və bizimlə hesablaşırlar. Qüvvələrimizi parçalamağa, ölkəmizdə, xüsusilə, Bakı şəhərində stabilliyi və birliyimizi pozmağa çalışan qüvvələr, ölkə prezidentinin apardığı daxili və xarici siyasətə qarşı açıq və gizli şəkildə təxribat törətmək istəyənlər qarşılarında bizi görəcəklər.
Abbasağa Məmmədov, 


Bakı Dirçəliş İctimai Birliyinin sədri. Bakı şəhəri. 


14.12.2017-ci il.

Bakı Dirçəliş İctimai Birliyi Ağsaqqallar Şurasının BƏYANATI

Azərbaycanın müstəqilliyi möhkəmləndikcə, beynəlxalq aləmdəki siyasi nüfuzu artdıqca ölkəmizə olan basqılar daha da güclənir. Dünya siyasətindəki ikili standartlar, torpaqlarımızın işğalı, cəmiyyətdəki radikal ünsürlərin aktivləşməsi heç də təsadüfi olmayıb, Azərbaycanın düşmənləri tərəfindən süni şəkildə yaradılan böyük siyasətin tərkib hissəsidir.
Bu gün Azərbaycan cəmiyyətindəki proseslər, biganəlik, ictimai nəzarətsizlik, uzun illər yüksək vəzifələrdə oturaraq oliqarxlaşmış, xalqın etimadından şəxsi məqsədləri üçün istifadə edən, rüşvət və korrupsiya bataqlığında boğulan bəzi vəzifə və səlahiyyət sahiblərinin hərəkətləri düşmən dəyirmanına su tökür, onlara fürsət verir. Belə bir vəziyyətdə, nəinki, ölkəmizin və dövlətçiliyimizin inkişafı naminə mübarizəyə qoşulmaq, həm də bu mübarizənin ön sıralarında durmaq hər bir Azərbaycan vətəndaşının borcudur. Milli-mənəvi dəyərlərimizə qayıdış, ölkəmizdə baş verən ictimai-siyasi hadisələrin aktiv iştirakçısına çevrilmək gələcəyimizin təminatıdır. Keçən əsrin 80-ci illərin sonu 90-cı illərin əvvəllərində Bakı Kəndlər Birliyi Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynamış, ölkəmizin yenidən müstəqilliyə qovuşmasında öz töhfəsini vermişdir. Sonrakı dövrlərdə daha çox öz şəxsi maraqlarını güdən, qeyri konstruktiv qüvvələrin bu təşkilata soxulması ilə əlaqədar 1994-cü ildən BKB-nin sədrliyindən istefa vermişəm. Lakin, bu o demək deyil ki, mən ictimai-siyasi fəaliyyətdən kənarda qalmışam. Bütün bu illər ərzində Azərbaycanda gedən bütün proseslərə öz obyektiv münasibətimi bildirmişəm. Dünyada və regionda gedən hadisələrin təhlili və Azərbaycanda bu günki ictimai-siyasi vəziyyət tələb edir ki, hər bir Azərbaycan vətəndaşı ölkəmizin inkişafı və çiçəklənməsi naminə ölkə rəhbərliyi, prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva ətrafında daha da sıx birləşsin. Mənim bugünki fəaliyyətim məhz bununla bağlıdır. Hazırda Bakı Dirçəliş İctimai Birliyinin Ağsaqqallar Şurasının sədri və idarə heyətinin üzvi kimi vaxtilə BKB-nin sıralarında birləşmiş, konstruktiv mövqedə olan və mənə inanan bütün insanları buna çağırıram.
Nəsir Ağayev,

Bakı Dirçəliş İctimai Birliyi Ağsaqqallar Şurasının sədri. Bakı şəhəri.

18.12.2017-ci il.

araz.az