Polisdən gömrükçülüyə gedən yol – Vergi milyonlarına alınan polkovnik rütbəsi (2-ci hissə)
Xatırlayırsınızsa Rafael Qurbanov barədə birinci yazıdabildirmişdik ki, o DGK-nın polkovnikidir. Və anons vermişdik ki, mövzu ilə bağlı DGK-nın bir neçə yüksək rütbəli məmurlarından,onların əməllərindən söz açacaq və həmçinin Rafael Qurbanov barədə yazını davam edəcəyik.
Əvvəlcə başlayaq ölkə mətbuatının təxminən bir il bundan əvvəl yazdığı DGK-nın polkovniki Miryunis İsayevdən.
Ölkə mətbuatının yazdığına görə, bu şəxs demək olar ki, özünə az qala şəxsi təyyarə almağa hazırlaşır. Ancaq yazılanlardan nə fayda, Miryunis İsayev yenə də öz iş otağında işini davam edir. Düzdür, Namiq Canıyevdən fərqli olaraq onun “vorzakon” qardaşı yoxdur və qardaşının ölümü ilə əlaqədar o digər oğrunu aradan götürmək üçün, bir qrup cinayətkar dəstə ilə xarici ölkələrə səfər etmir.
Qeyd edək ki, Namiq Canıyevdən ölkə, hətta türk mətbuatında çox yazılıb. Mətbuatda yayılan son məlumata görə isə Bakı Baş Gömrük İdarəsinin Keşlə postunun rəisi, qətlə yetrilmiş kriminal avtoritet Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev tutduğu vəzifədən azad olunub:
“Namiq Canıyevin vəzifəsindən çıxarılması ilə bağlı əmr noyabr ayının 17-də verilib.
Xatırladaq ki, noyabrın 2-də azərbaycanlı “qanuni oğru” Nadir Səlifova (Lotu Quli ləqəbi ilə məşhurdur) qarşı İstanbulda sui-qəsd cəhdi olub. 11 nəfərdən ibarət killer qrupu N.Səlifovun İstanbuldakı evinə hücum təşkil etmək istəyib. Həyata keçirilmiş operativ-axtarış tədbirləri nəticəsində bütün qrup üzvləri İstanbulun Bakırköy rayonunda yerləşən “Ömür AVM” ticarət mərkəzində saxlanılıb.
Killer dəstəsinə öldürülmüş kriminal avtoritet Rövşən Lənkəranskinin qardaşı Canıyev Namiq Rafiq oğlu başçılıq edib.Namiq Canıyev hal-hazırda Türkiyədə həbsdə saxlanılır.(Avropa.info)
Ancaq dediyimiz kimi Namiq Canıyevdən fərqli olaraq “qanuni oğru” qardaşı olmasa da Miryunis İsayev təyyarə almaq arzusunu belə həyata keçirmək iqtidarındadır.
Buna, bu günləri Miryunisin bahalı avtomobil kolleksiyası olması da dəlalət edir.
Məsələn, ölkə mətbuatının yazdığına görə Miryunis İsayev bir müddət öncə 10 -CA- 500 dövlət nömrə nişanlı qara rəngli “Mercedes” S klass 500 markalı, qiyməti 300 min dollar dəyərində olan avtomobili əldə edib. Düzdür, o məmur olduğu üçün avtomobili başqa bir şəxsin adına sənədləşdirilsə də həmin avtomobilə oğlu- İsayev Cavid Miryunis oğlunun adına etibarnamə verilib:
“Əldə etdiyimiz məlumata görə, axşamlar işdən sonra hətta gömrük polkovniki harasa istirahət etməyə gedərkən belə, bu avtomobilə onun etibarnaməsi olmasa da, özü idarə edir. Avtomobil hər axşam onun Xətai metrostansiyasının arxasında, yaşadığı binanın altındakı qarajda saxlanılır.
Sual yaranır: Aylıq maaşı 1000 manat civarında olan bir məmurun 300 min dollar pulu hardandır ki, axırıncı model “Mercedes” S klass 500 markalı avtomobildə gəzir.
Qeyd edək ki, İsayev Miryunis Muxtar oğlu barədə mətbuatda yazı dərc olunduqdan sonra 10 -CA -500 nömrəli “Mercedes” S klass 500 markalı avtomobil şəhərdən yoxa çıxmışdı və çox güman ki, Gömrük Komitəsinin rəhbərliyi tərəfindən də Miryunis İsayev bu avtomobilə görə cəzalanmışdı. Hətta öyrəndiyimizə görə, M.İsayevə tapşırmışdılar ki, bir müddət maşını “adam arasına çıxarmasın” və mətbuatın yadından çıxsın. Lakin bu yazılardan 2 ay keçməmiş, Miryunis İsayev yenidən öz “Qırat”ını nümayişə çıxarıb və artıq “Xətai” metrosu yaxınlığında yaşayan hər kəsin nəzərlərini özünə cəlb etməkdədir.
Məsələn, iyunun 1-də əməkdaşlarmız Xətai rayonu Süleyman Vəzirov 11 də 10 –CA- 500 nömrəli avtomobildə Miryunis İsayevi görüblər. Özünə arxayın olan bu şəxs elə bil gömrük polkovniki deyil, əksinə hündür dağları yaradan oliqarx kimi həmin avtomobildə əyləşərək şəhəri seyr edirdi.
Biz məsələ ilə bağlı, bir neçə gün Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətinin rəhbəri Natiq Axundovla əlaqə saxladıq. O Miryunis İsayevi tanımadığını və onun haqqında məlumat əldə edib tezliklə bizə bildirəcəyini dedi. Lakin hələ də bir nəticə yoxdur, dəfələrlə etdiyimiz zənglər isə cavabsız qalıb.
Ötən yazılarımızın birində də Natiq Axundovun mətbuata hörmətsizliyi haqda yazmışdıq. Görünür, Miryunis İsayev kimi məmurlar Natiq Axundov kimi həmkarına güvənərək gələcəkdə nəinki 300 min dollarlıq avtomobil, hətta şəxsi təyyarə də əldə edəcəklər”.
O ki, qaldı bugünkü yazımızın digər “qəhrəmanına”- bu yaxınlarda həbs olunan DGK-nın polkovniki Həsənov Rəhim Səlim oğluna, yayılan məlumata görə bu şəxs sərhədi keçərkən Gürcüstan hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Ölkə mətbuatının yazdığına görə polkovnik Rəhim Həsənov DGK-nin sədri Aydın Əliyevin yaxın adamı kimi tanınıb:
“Xəbər verildiyi kimi, bu il oktyabr ayının sonlarında Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşı, dövlət gömrük polkovnik-leytenantı Həsənov Rəhim Səlim oğlu Gürcüstan respublikası ərazisində küllü miqdarda psixotrop maddə ilə saxlanılıb.
Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən istintaq altında saxlanılan R.Həsənov barəsində qanunsuz olaraq psixotrop maddələrin saxlanılması maddəsi ilə cinayət işi başlanıb və barəsində həbs qətimkan tədbiri seçilib. Bu haqda məlumatı olke.az saytı yayıb.
AZXEBER.COM-a hadisənin təfərrüatları məlum olub.
Məlumata görə, Rəhim Həsənov hər həftənin şənbə-bazar günləri Gürcüstana gedərək küllü miqdarda psixotrop maddə əldə edirmiş. Məlumata görə, Rəhim Həsənov Dövlət Gömrük Komitəsinin rəisi Aydın Əliyevin xüsusi tapşırığı ilə bu addımı atırmış və onun avtomobili yoxlamasız sərhəd ərazisini keçirmiş.
Maraqlıdır ki, DGK-da Rəhim Həsənovun xüsusi imtiyazları olub və onu Aydın Əliyevin yaxın adamı kimi tanınıb. Bu həbsin də Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilməsi yazılanları təsdiqləyir. Məlumdur ki, Rəhim Həsənovun qanunsuz əməlləri haqda Aydın Əliyevin məlumatı olub və hətta iddiaya görə ona tapşırıqları da Aydın Əliyev verib.
Qeyd edək ki, 1978-ci il təvəllüdlü R.Həsənov uzun illərdi DGK-də çalışıb. Həsənov Bakı Dövlət Universitetinin hüquq fakultəsində sonra isə Rusiya Gömrük Akademiyasında təhsil alıb”.
Ümumiyyətlə bu xəbərləri oxuyarkən istər-istəməz adamda belə bir sual yaranır ki,görəsən bu qədər Gömrük polkovnikinin adının, cinayət əməllərində hətta rəsmi xəbər səviyyəsində belə hallanması təsadüfdürmi, yoxsa…?!
Güman edirik ki,”yoxsa”, yəni təsadüfi deyil. Bu daha çox DGK-da hökm sürən abu-havadan xəbər verir… Nə isə…
Həə, indi də keçək,daha doğrusu qayıdaq sonuncu polkovnik, keçmiş nazir Fazil Məmmədovun qohumu Rafael Qurbanova.
Keçən yazımızda qeyd etmişdik ki, Rafael Qurbanovun əli ilə Fazil Məmmədov ölkədən 3 milyard 240 milyon dollar çıxarıb.
“Rafael Qurbanov DGK-dən əvvəl Bakı Baş Polis İdarəsində CAİ-nin rəisi vəzifəsində çalışıb , özü də Məhərrəm Əliyevin Bakı BPİ-nin rəisi işləyən vaxtları. O illər Abşeron rayonu ərazisində Bakı Baş Polis İdarəsinin əməkdaşlarının neft kəmərlərindən oğurluq hadisəsində şübhəli bilinərək yaxalandığı vaxt həmin şəxslər Rafael Qurbanovun rəhbərlik etdiyi CAİ-nin əməkdaşları olublar. Bu hadisə o vaxt böyük rezonansa səbəb olmuşdur. Şübhəli şəxs qismində saxlanılanlardan biri də Bakı Baş Polis İdarəsinin ozamankı rəisi Məhərrəm Əliyevin kürəkəni Ülvi Allahyarov olmuşdur.
Həmin vaxt Ülvi Allahyarov Bakı BPİ-nin CAİ-nin mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edirdi. Düzdür,bu hadisədən sonra hətta Rafael Qurbanov Ülvi Allahyarovu xilas etməyə cəhd edir.
Belə ki,o Abşeron rayonunun ərazisində neft kəmərlərində dediyimiz oğurluq hadisəsi ilə əlaqədar belə bir plan qurur ki, guya Ülvi Allahyarov məxfi əməkdaşından həmin məsələ ilə bağlı məlumat alıb. Onun agentura məlumatını isə Rafael Qurbanov özünü təmizə çıxartmaq üşün arxa tarixlə qeydiyyata alaraq jurnala yazır.
Ancaq DİN-dən gələn yoxlamanı Rafael Qurbanov aldada bilmir və beləliklə o özü də tutduğu vəzifədən azad edilir. Vəzifədən azad olunandan sonra Rafael Qurbanov Siyəzən RPŞ-ə inspektor vəzifəsinə təyin olunur. Ancaq Fazil Məmmədovun qohumu özünə bu vəzifəni sığışdırmayaraq DİN-dən çıxır və DGK-də idarə rəisi vəzifəsinə təyin olunur.”,- 365info.az-da dərc olunan keçən yazıda Rafael Qurbanov haqda deyilir.
Bəli bu həmin Rafael Qurbanovdur ki, onun digər əmisi oğlu Samir Qurbanov Fazil Məmmədovun təhlükəsizlik xidmətinin rəisi olub. Ancaq sonradan Samir Qurbanov vahhabilərə qoşulduğu üçün Fazil Məmmədov onun aylıq 50 min dollar paketini kəsir.
Fazil Məmmədovun ona qarşı etdiyi bu hərəkətindən bərk qəzəblənən Samir Qurbanov Vergilər Nazirliyinin mərkəzi qapısına gələrək oranı güllə-baran edir. Düzdür, sonra o həbs olunur, ancaq içəridən Fazil Məmmədova soraq göndərir ki, əgər o dərhal buraxılmasa Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovla Fazil Məmmədovun işlərində qaranlıq tərəfləri mətbuata ötürəcək.
Bu barədə mətbuatda da maraqlı yazılar dərc olunub:
“Vergilər naziri Fazil Məmmədov gərginlik içindədir. O hesab edir ki, nazirliyində və çevrəsində dönüklər var və onunla bağlı məlumatları iqtidardakı düşmənlərə, həm də mətbuata ötürür. Nazir eyni zamanda bir məsələnin mətbuata sıza biləcəyindən narahatdır.
Ötən saylarımızda etibarlılığı şübhə doğurmayan mənbəyə istinadla bildirmişdik ki, vəhhabi Samir Qurbanov vergilər nazirinin müavini Namiq Əliyevin bacanağıdır.. Təkzib olunmayan məlumatlara görə, S.Qurbanov sələfi məzhəbini qəbul edib və icmanın nüfuzlu üzvlərindən biridir. İddiada o da bildirilir ki, onun nüfuz dairəsində 300 nəfər sələfi olub.
İnsidentdən sonra F.Məmmədovun şəxsi mühafizəsi gücləndirilib, nazirliyin mühafizə sisteminə sayıqlığı artırmaq tapşırılıb.
İndi belə məlum olur ki, vəhhabi məzhəbinə girmiş Samir Qurbanov əslində vergilər nazirinin özünün yaxın qohumudur.Bu hadisədə gizlində qalan bir ad-soyad var – Rafael Qurbanov!
Nazir Fazil Məmmədovla bibioğlu-dayıoğlu kimi qan qohumu olan Rafael Qurbanov da vəhhabi olan və nazirliyi güllələyən Samir Qurbanovun doğmaca əmisi oğlu imiş. Beləcə, aydın olur ki, Şeyx Allahşükür Paşazadə iddiasında haqlıdır – nazirlərin, yüksək mənsəb daşıyan məmurların ən yaxın qohumları vəhhabi təriqətinə girmişlər və əllərində olan imkanları bu təriqətin Azərbaycanda möhkəmlənməsinə yönəldirlər. Fazil Məmmədov da, sən demə, fərqində olmadan bu yaxınlara qədər hər ay vəhhabilərə 50 min manat pul ödəyirmiş. Ta ki, onun yaxın qohumu Samir Qurbanov onun özünə qarşı çıxana qədər…
Bütün bunlar azmış kimi, Fazil Məmmədovun özəl və biznes xəbərləri, o cümlədən hətta xaricdəki bank hesabları barədə təfərrüatlar mətbuata sızdırılmağa başlandı. Uzun aylar aparılan təftiş “Ştirlis”i tapmağa yetmədi – informator tapılmadı.
Fazil Məmmədov hətta xüsusi xidmət orqanlarına müraciət edərək, yaxın ətrafından və qohumları içərisindən şübhələndiyi adamların telefonlarını və əlaqələrini yoxlamağı israrla xahiş edib. Şübhələndiyi isimlərin içərisində nəyə görəsə Rafael Qurbanov da var.
Vəziyyəti belə görən Rafael Qurbanov hərəkətə keçib və istedadını işlədib. O, bütün şübhələri üzərindən atmaq üçün detektiv romanların süjeti ilə yarışa biləcək bir oyun qurub” (musavat.com)
Məlumat üçün bildirək ki, Samir Qurbanovun digər qardaşı da “Ata Holding”in müşahidə şurasının sədri Qafqar Qurbanovdur. Ancaq Qurbanov qardaşları neynəsinlər ki, onların hamısı ağıllı ola bilmədilər və içlərində vəhhabilərə qoşulanı da tapıldı.
Məsələn, Rafael Qurbanov gömrük polkovniki olmasına baxmayaraq 50 yaşını ötən bu şəxs şəhərdə ikiqaplı kabriolet avtomobildə gəzir. Görünür bu cür qeyri- təvazökar hərəkəti ilə Rafael Qurbanov özünü kimlərəsə nümayiş etdirirdi. Ancaq indi Fazil Məmmədov nazir postundan azad olunan kimi Rafael Qurbanov da işə çıxmır və harda olduğunu heç DGK-nın sədri Aydın Əliyev də bilmir.
Bəlkə Rəfael Qurbanov da digər gömrük polkovniki kimi, Gürcüstan sərhədini keçərkən Gürcüstan hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs olunub?!
Ancaq belə olsa , çox güman ki, onun əlində psixotrop dərman yox, külli miqdarda brilliant daş-qaş olar.
365info
 saytının əldə etdiyi məlumata görə Fazil Məmmədovun yaxın qohumları siyahısında olan Rafael Qurbanov da öz sözünü eks -nazir Fazil Məmmədova deyib: “Əgər məni də sənə görə məsuliyyətə cəlb etsələr, bil ki, mən sənin üçün əmioğlu Samir Qurbanov deyiləm, açıb hər şeyi danışacam. Fazil sən bilirsən ki, gömrükdən əvvəl mən polisdə işləmişəm. Törətdiyi cinayəti də ən tez etiraf edən polis işçiləri olur…”.
Araşdırmamız davam edir, bizi izləyin.

Şamil Əfəndi

365İNFO.AZ

Polisdən gömrükçülüyə gedən yol -Vergi milyonlarına alınan polkovnik rütbəsi