Sumqayıt Baş Gömrük İdarəsində nöqsanlar aşkarlandı
Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş Gömrük İdarəsində gömrük qanunvericiliyinə riayət edilməsi vəziyyətinə dair auditin nəticələri üzrə Hesabatı təsdiqləyib.
Hesablama Palatasının mətbuat xidmətindən  Modern.az-a verilən məlumata görə,  Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş Gömrük İdarəsində aparılmış auditlə proqnozların icrasında kəsirlərin yaranması, bəzi hallarda birbaşa dövlət büdcəsinə ödənilməli olan vəsaitlərin Dövlət Xəzinədarlığının müvafiq depozit hesabına ödənilərək həmin hesabdan gömrük orqanının ödəniş tapşırıqları ilə dövlət büdcəsinə müvafiq hesabat dövrləri ərzində tam köçürülməməsi halları müşahidə olunub. Eləcə də idxal-ixrac əməliyyatları çərçivəsində müxtəlif parametrlər üzrə göstəricilərin fərqlənməsi şəraitində bəyannaməçilərin dövlət büdcəsinə istər artıq ödəmə, istərsə də borc məbləğlərinin vahid avtomatlaşdırılmış idarəetmə sistemində əks etdirilməsi nəzərdə tutulmayıb.
Auditlə eyni zamanda, idxal əməliyyatları üzrə gömrük prosedurlarının tətbiq olunmasında, gömrük dəyərinin və gömrük ödənişlərinin müəyyənləşdirilməsində, eləcə də gömrük rəsmiləşdirilməsi zamanı müddətlərin gözlənilməsində müəyyən kənarlaşma hallarına yol verilib, idxal-ixrac əməliyyatları çərçivəsində həyata keçirilən xidmətlərə və hüquqi hərəkətlərə görə bəyannaməçilərdən tutulan gömrük yığımlarına qanunvericiliklə müəyyən edilmədiyi halda əlavə dəyər vergisi tətbiq edilib.
Hesablama Palatasının Kollegiyası tərəfindən nöqsan və çatışmazlıqların əsasən audit dövründə aradan qaldırıldığı nəzərə alınmaqla digər kənarlaşmaların qısa müddət ərzində aradan qaldırılması və həyata keçirilmiş tədbirlər barədə məlumat verilməsi məqsədilə Dövlət Gömrük Komitəsinə və Sumqayıt Baş Gömrük İdarəsinə Kollegiya Qərarının surəti göndərilib, eləcə də qanunvericiliklə müəyyən edilmiş qaydada Milli Məclisə məlumat təqdim edilib.

LEGİON.AZ