Tanınmış jurnalistlə deputat toqquşdu: “Bu trolları prezidentin yox, öz təbliğatına yönəldirsən, sən polis rəisi olanda…”
“Bu deputat Adil Əliyevin nə qədər trolu var facebukda. Maraqlıdır ki, bu trolları prezident İlham Əliyevin yox, öz təbliğatına yönəldir, onlara nə qədər vəsait-pul xərcləyir. Deməli, siyasi iddiası var, nəyəsə hazırlaşır”
Bu sözləri haqqın.az saytının baş redaktoru Eynulla Fətullayev sosial şəbəkədəki səhifəsində yazıb.
O sual edib ki, əgər Adil Əliyevin siyasi iddiası yoxdursa, niyə bu qədər özünü təriflədir: “Bu deputatın da prezidentliyə namizəd olmasını eşitsəm, təəccüblənmərəm. Artıq heç nəyə təəccüb etmirəm”.
Jurnalistin yazısına deputat Adil Əliyevin cavabı isə özünü çox gözlətməyib.
O, Eynulla Fətullayevə belə cavab verib: “Eynulla Fətullayev, yəqin ki, bilirsən, əgər bilmirsənsə, bil. Mən dünyaya göz açandan Heydər Əliyevçi olmuşam, bu gün də İlham Əliyevçiyəm. Allah nə qədər ömür verəcək, bilmirəm, ömrümün sonunadək İlham Əliyevin siyasi kursunu dəstəkləyəcəm. Sonunadək dövlətimizin, hakimiyyətimizin , xalqımızın və cənab İlham Əliyevin sadiq və sabit əsgəri olaraq qalacam. Sən narahat olma, o trol deyib təhqir etdiyiniz insanlarla mən bir yerdə cənab prezidentimizin arxasındayıq.
O ki qaldı təbliğata, cənab İlham Əliyevin təbliğata ehtiyacı yoxdu, onun dövlətimiz, ölkəmiz üçün gördüyü işlər ən böyük təbliğatıdır. Mənim dünya malında, bər-bəzəyində gözüm yoxdur…”.
Deputatın jurnalistə bu cavabı isə gərginiyi bir qədər də artırıb.
E.Fətullayev Adil Əliyevin şərhinə cavab olaraq yazıb ki, özü qəsdən deputatın tərəfdarlarının patriotik düşüncələrini silmir:
“Yəqin siz onlara belə tərbiyə verirsiz. Çox pakizə. Olsun. Amma mən sizin haqqınızda hələ heç nə yazmamışam. Yaza bilərəm. Xəcalət hissi keçirərsiz. Bəlkə də keçirmərsiz. Necə ki, Bayılda şərikiniz dələduz Əli Həsənovla gecə saatlarında camaatın başına dam uçurandan sonra keçirmədiniz!!! Heç zərrə qədər vicdan əzabı da keçirmədiniz… Eybi yox, gec-tez bu əməllərə görə qanun qarşısında cavab verəcəksiniz. Əmin olun!”.
Jurnalist daha sonra deputata sərt mesaj göndərib: “Vallah Sizdən bir məqalə yazaram, elə Sizin Nərimanov polisində kriminal liderlərlə əlaqələrinizdən, mandatınızı yerə qoyarsız!
Həm də Sizin Nərimanov polisində fəaliyyətiniz dövründə kriminal aləmlə əlaqələrinizdən də yazaram. Onda görüm nə cavab verəcəksiniz! Azərbaycan çox kiçik ölkədir, hamının gözü açılandan bu günə qədər həyatı göz qabağındadır. Məcbur etməyin! Gedin camaatın pulunu verin!!!”.
Qeyd edək ki, deputatla jurnalist arasında söz davası haqqın.az və virtualaz.org saytlarında Səbail rayonu ərazisində yaşayış binası tikən bir şirkətin camaatın başına açdığı oyundan bəhs edən yazı olub. Həmin yazıda adıçəkilən şirkətin Adil Əliyevə məxsus olduğu bildirilib.
Deputat və tərəfdarları isə bundan sonra sosial şəbəkədə Eynulla Fətullayevə qarşı status və şərhlər yazıblar.. Palitika.Az

LEGİON.AZ