Adil Əliyev “Lotu Quli” ilə Türkiyədə görüşüb?
Deputat Adil Əliyev yenə də ictimaiyyətin gündəmindən düşmür. Əsas da son günlərdə Səbail rayonunun ərazisində onun dəstəsi sakinlərin üstünə hucum etməkdə ittiham olunur.
Belə ki, ölkə mətbuatının yazdığına görə Səbail rayonu, Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi, 42 ünvanda köhnə evlərin bir qismi sakinlər köçmədiyi halda dağıdılıb, yaşanmaz hala gətirilib və bu özbaşınalıqda Adil Əliyevin adı hallanır:
“Dekabrın 19-na keçən gecə yatmağa hazırlaşan sakinlər səs-küyə küçəyə çıxıblar, bəlli olub ki, evlərin damı uçurulur. Söküntünü aparan fəhlələr deyiblər ki, narahatçılığa əsas yoxdur, divarlar şirkətlə sakinlər razılığa gələndən sonra uçurulacaq. Həmin evlər Nazirlər Kabinetinin təsdiqlədiyi, köhnə evlərin sökülərək yerində yenil yaşayış binalarının tikintisini nəzərdə tutan, “pilot layihə” adlandırılan proqram çərçivəsində sökülür. Sakinlərə yeni mənzillər hazır olana qədər kirayə mənzillərdə qalmağı təklif edirlər. Lakin sakinlərin bir qrupu bu təkliflə razı deyil, kompensasiya və ya hazır mənzil tələb edirlər.
Virtualaz.org saytının əməkdaşları narazı sakinlərlə görüşüb, onların şikayətini dinləyiblər.
Sakinlərdən Sara Poladova deyir ki, söküntünü aparan “Dönüş 1” MMC-nin rəhbəri Əli Həsənovu əvvəllər dəllal kimi tanıyıblar. Həmin şəxs bir neçə il əvvəl Qurban Abbasov küçəsində 13 evin yerləşdiyi məhəlləni satın alıb. İlk söküntü də həmin məhəllədən başlayıb. Virtualaz.org araşdırıb ki, həmin MMC Milli Məclisin deputatı Adil Əliyevə bağlıdır.
Söküntü aparılarkən işıq, su xətti də kəsilib. Sakinlərin şikayətindən sonra elektrik enerjisinin verilməsi bərpa edilsə də, su vaxtlı-vaxtında gəlmir. Söküntü aparılan evlərin tör-töküntüsü daşınmayıb, elə məhəllənin ortasına atılıb. Sakinlərin evlərinə gediş-gəlişi çətinləşib. Şikayətçilər hesab edirlər ki, qəsdən belə şərait yaratmaqla onlara təzyiq edirlər, onları evlərini tərk etməyə məcbur etməyə çalışırlar.
İndi sakinlər qəfildən evlərinin başlarına uçuracaqlarının qorxusu ilə gecə-gündüz küçədə növbə çəkirlər….”
Əgər keçmişə ekskurs etsək görəcəyik ki, ölkə mətbuatı Adil Əliyevin kriminal keçmişindən çox yazıb.
Ancaq buna baxmayaraq bu şəxs öz işində-gücündə yenə də fəaliyyətini davam etdirir.
Misal üçün, 2000-ci ildən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti olan Adil Əliyevin təşəbbüsü ilə Sadıx Bağırova təxminən iki il əvvəl hökümət tərəfindən ev verilir. Ev verilməzdən əvvəl isə Sadıx Bağırovun Adil Əliyevə 50 min manata yaxın borcu olur və Sadıx həmin borcu qaytarmağa çətinlik çəkir. Ancaq buna baxmayaraq hökümətdən aldığı ev Adil Əliyev tərəfindən onun əlindən alınandan sonra onun borcu sıfırlanır. Və bundan sonra Sadıx Bağırov fırıldaqçılıqda ittiham olunaraq federasiyadan qovulur.
Məlumat üçün bildirək ki, Azərbaycan Kikboksinq Federasiyası haqqında Vikipediyada yerləşdirilən məqalədə qeyd olunub ki, Sadıx Bağırov 1999-cu ildə Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyasının Prezidenti olan Azər Həsənsoy tərəfindən Milli komandanın rəisi və beynəlxalq əlaqələr üzrə menecer vəzifəsinə təyin olunmuşdur.
Sadıx Bağırovu ittiham edirlər ki, guya o federasiyada bir çox adamlardan işə düzəltmək adı ilə pul alıb və sonra qaytarmayıb. Adil Əliyev Sadıx Bağırovu fırıldaqçılıqda ittiham edəndən və onun evini əlindən alandan sonra federasiyada bu məsələ gündəmə gəlir. İndi də bu il , daha doğrusu bir neçə gün bundan əvvəl Adil Əliyevin şəxsi “prorabı”, sağ əli, idman aləmindən anlayışı olmayan, ancaq bununla belə Kikboksinq Federasiyasında əvvəllər katib işləmiş Rüstəm Rüstəmova hökümət tərəfindən ev verilib. Görünür indi də Rüstəm Rüstəmovun Adil Əliyevə külli miqdarda borcu olduğu üçün onun adı ev alanların siyahısına salınıb. Necə ki, vaxtı ilə həmin siyahıya Sadıx Bağırovun adı düşmüşdür. Deməli idmançılardan yığılan pula göz dikən Rüstəm Rüstəmov indi də hökümətdən ev almağa nail olur. Bu idman növündə bir çox əməyi olan idmançılarımız qalıb qıraqda, Rüstəm Rüstəmov kimi A.Əliyevin şəxsi “prorabı” hökümətdən ev almağa nail olur…
Rüstəm Rüstəmov haqda onu demək olar ki,bu adamın da adı mətbuatda Adil Əliyev qədər də olmasa da mənfi mənada hallanıb.
Belə ki, Adil Əliyev haqda çoxsaylı tənqidi yazıların birində bildirilir ki, keçən ilin fevralında Əl Oyunları Sarayında “Narkomaniya və uşaq cinayətkarlığına qarşı“ şüarı ilə keçirilən Kikboksinq üzrə XXII Respublika Çempionatında xoşagəlməz olay baş verib:
“Qafqaz Xəbər Agentliyi”
nə müraciət edən bir qrup idmançı bildirib ki, yarışa qatılan idmançıların hər birindən 20 manat “iştirak haqqı” toplanılır. “Bu çempionatda 600-dən çox idmançı iştirak edir. Hər idmançıdan 20 manat toplanılırsa, 12 min manat pul edir. Bu pul niyə və nə üçün toplanılır, deyilmir. Bəzi idmançılar var ki, o pulu verə bilməyərək, yarışdan kənarda qalıblar”, – deyə şikayətçilər qeyd edib. Onların sözlərinə görə, pul yığımına Adil Əliyevin yaxın adamı, “xəzinədar” kimi tanınan Rüstəm müəllim nəzarət edir. Biz məsələnin mahiyyətini araşdırmağa çalışdıq.
Ola bilər ki, bir çoxu üçün “böyük məbləğ sayılmayan” 20 manatı kimsə verə bilməsin, nəticədə gələcəyin qızıl medalçısı, hətta Avropa və dünya çempionu olacaq bir gəncin yolu bağlansın…
Federasiyanın sözçüsü Elnur Eltürk adıkeçən Rüstəm müəllimi tanımadığını dedi: “Federasiyada Rüstəm adlı adam işləmir”. Lakin az sonra redaksiyamızın telefonuna Rüstəm müəllimin özü zəng etdi və o, federasiyada işlədiyini təsdiqlədi: “Federasiyada mühüm işlərə baxıram. Həmin şikayətçiləri bizə yönəldin..”
Amma məsələ bununla bitməyib: “Qafqaz Xəbər Agentliyinin əməkdaşı, tanınmış yazar-jurnalist Rüfət Əhmədzadə son günlər naməlum şəxslər tərəfindən təqib olunur. Bu barədə Qafqaznews.az saytına jurnalistin özü məlumat verib. Onun sözlərinə görə, son günlərdə idmançı bədən quruluşuna malik bir neçə şəxs onun yaşadığı Masazır qəsəbəsinə gələrək, müxtəlif sakinlərdən Rüfət Əhmədzadəni tanıyıb-tanımadıqlarını soruşublar. “Hətta mənim yaşadığım küçəyə qədər də gəlib çıxıblar. Sakinlərdən eşitdiyimə görə, nə vaxt gedib-gəldiyimlə də maraqlanıblar. Onlardan kim olduqlarını soruşanda isə cavabdan yayınıblar. Fevralın 20-də isə axşam avtobusdan düşüb evə gələrkən, küçəmizin girişində qara paltolu iki nəfər durmuşdu. Mən evimizə doğru istiqamət aldıqda onlardan biri ayrılıb mənim ardımca gəldi. Mən evə girəndə sonra tini buruldu. Amma mən darvazanın qapısını aralı saxlayıb izləyəndə gördüm ki, həmin şəxs yenidən küçənin başına qayıdır. Görünür, mənim ünvanımı dəqiqləşdirmək istəyirdilər”. Jurnalist həmin şəxsin qara papaq geydiyini və şərflə üzünü örtdüyünü bildirib: “Hündürboy, idmançı bədən quruluşuna malik bir gənc idi”. Rüfət Əhmədzadə bu “axtarış”ların yazıları və araşdırmaları ilə bağlı olduğunu istisna etməyib.Bir neçə gün əvvəl saytımızda “Adil Əliyevin keçirdiyi çempionatda 600 idmançıdan pul yığılır – İDDİA” başlıqlı yazı dərc olunmuşdu. Həmin materialla bağlı mən bir neçə nəfərə, o cümlədən federasiyanın keçmiş baş katibi və hələ də Adil Əliyevin yaxın adamı olan R.Rüstəmovla əlaqə saxlamışdım”..
Növbəti gün Rüstəm Rüstəmov dəfələrlə redaksiyanın telefonuna zəng edib və məni dəstəyə çağırmalarını tələb edib. Lakin jurnalistin sözlərinə görə, R.Rüstəmov əsəbi səs tonu ilə ondan məlumatı verən mənbəni və onun telefon nömrəsini verən şəxsin kimliyini açıqlamağı tələb edib. “ Ona izah etdim ki, mənbəni yalnız məhkəmə qaydasında, hakim vacib bilərsə açıqlaya bilərik. Amma ona qarşı qərəzim olmadığını və mövqelərinə obyektiv yanaşdığımı dedim.
Lakin R.Rüstəmov məni təhdid etdi, “sənin yerini tapacam” dedi. Daha sonra dəstəyi Qafqaz Xəbər Agentliyinindirektoru Araz Məmmədov aldı, o da Rüstəm Rüstəmov tərəfindən eyni təhdidlər və kobudluqla üzləşdi. Araz Məmmədov normal dialoq qurmağa çalışsa da, R.Rüstəmov ona da “gəlib sizi tapacam”, “mən bunu belə qoymayacam” deyərək dəstəyi asdı”, – deyə R.Əhmədzadə qeyd edib.
Qeyd edək ki, R.Rüstəmov həmin telefon söhbəti zamanı iki il Aznews.az saytının direktoru olduğunu deyib. Onsuz da, mətbuatda Aznews.az saytının deputat Adil Əliyevə məxsus olması barədə şayiələr gəzirdi”.
365info
 saytının əldə etdiyi məlumata görə təxminən bir ay bundan əvvəl “Lotu Quli” Türkiyədə olan vaxt onunla görüşə gedənlərdən biri də deputat Adil Əliyev olur. Bir sözlə oğruya gözaydınlığı verməyə gedən A.Əliyev çox güman ki, deputat olduğunu və deputat olmağından əvvəl bu şəxs polis mundirində dövlətimizin keşiyində durduğunu unudub. Olsun, “Lotu Quli” ilə bizim həmkarlarımız da görüşüb, amma onları başa düşmək olar, çünki jurnalist informasiya axtarır,əldə edir, istehsal edir. Ancaq deputatın oğru ilə görüşdən nə “istehsal” etməsi təbii ki, onu yaxşı tanımayanlara təəcüblü gələ bilər.
Amma yazının sonunda görəcəksiniz ki, Adil Əliyevin həbsxanadan azad edilən kimi “Lotu Quli” ilə görüşməyə can atması əslində heç də təəccüblü deyil…
“Lotu Quli” haqda söz düşmüşkən onu qeyd edək ki, Rusiya mətbuatının verdiyi məlumata görə bir müddət əvvəl azadlığa çıxan “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifov Rusiyanın İstintaq komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi tərəfindən axtarışa verilib.
Yayılan xəbərə görə, “qanuni oğru” oğurluq əməllərində və hədələmək yolu ilə pul qoparmaqda ittiham edilir.
Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, “Lotu Quli” Rusiyanın paytaxtı Moskvada adam oğurluğu və onlardan pul qoparılması ilə bağlı göstəriş verib. Ona qarşı Rusiya Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi qaldırılıb və qiyabi təqdim edilib.
Qeyd edək ki, Nadir Səlifov azadlığa çıxandan sonra Türkiyənin İstanbul şəhərinə köçüb.
Demək belə qənaətə gəlmək olur ki, Adil Əliyevin kriminal keçmişi olması haqda ölkə mətbuatında yazılanlar yenə də öz təsdiqini tapır. Onun kriminal keçmişindən vaxtı ilə ÖLKƏ mətbuatı yazsa da sonradan bu haqda olan həmin yazı saytlardan çıxarılıb.
Ancaq yazı saytlardan çıxarılanacan 365info.az saytı həmin yazını öz səhifəsində yerləşdirməyə macal tapıb. Həmin yazının bir hissəsini oxucularla bölüşmək istəyirik ki, deputatın kriminal keçmişindən xəbəri olmayanlar da ondan xəbərdar olsunlar:
“Azərbaycanın qaranlıq keçmişi olan məmur və deputatlarının saiyahısına nəzər salsaq, ilk öncə onların içərisində ən sürətli sıçrayışla özünü irəli atmış Adil Əliyevi görə bilərik. Gənc yaşda hər kəsə belə sürətlə uğur qazanmaq qismət olmur. A.Əliyevin qaranlıq keçmişinə nəzər salaq.Özünün yazdırdığı tərcüməyi-halındakı gurultulu uğurlar isə, yalnız kriminal keçmişinə pərdə salmaq cəhdlərindən başqa bir şey deyil.
Gəlin başdan başlayaq. 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olmuş A.Əliyev sovet dövründə Bakıda orta idman məktəbini bitirib. İdmançı kimi də özünü təsdiq edə bilməyən, fiziki cəhətdən zəifliyi ilə həmyaşıdlarından seçilən Adil Əliyev hərbi xidmətini SSRİ hərbi dəniz qüvvələrində keçib. Bir müddət donanmada qalan Əliyev daha sonra Peterburqdakı dənizçilik məktəbini bitirdikdən sonra Azərbaycana qayıdıb. Yeni yaradılan Azərbaycan ordusunun hərbi dəniz qüvvələrində zabit kimi “düzələn” A.Əliyevin ulduzu 1994-cü ildən sonra parlamağa başlayıb. Qardaşı Məhərrəm Əliyevin Bakı şəhər baş polis idarəsinə rəis təyin edilməsi ilə A.Əliyev donanmadakı xidmətini atıb polis orqanlarında ştatdankənar fəaliyyətə başlayır. Başına yığdığı idmançılardan ibarət qoçu dəstəsi ilə o dövrlər şəhərdə terror əsdirən Adil Əliyevin dəfələrlə kriminal “razborkaların” iştirakçısı olduğu həmin vaxtları yaxşı xatırlayanlara məlumdur. Əsasən şəhərin mərkəzi rayonlarında öz kriminal fəaliyyətini davam edən Əliyev neft oğurluğu ilə məşğul olub. Sonralar Adil Əliyev “dəstəsi” ilə yeni formalaşmaqda olan orta biznesin üzərinə çökür. Bakının bağ massivlərindən birində “özəl həbsxana” təşkil edən Adil Əliyevin xərac üstündə onlarla biznesmeni və iş adamını bu “özəl həbsxanasında” döyərək işgəncə verdiyi, polisdəki əlaqələri, habelə qardaşının adından istifadə edərək bütün işləri bağladığı da çoxlarına məlumdur.
Deputata yaxın olan mənbə məlumat verir ki, həmin illərdə A.Əliyevin ən böyük arzusu cinayət aləmində nüfuz sahibinə çevrilmək və “oğru” adı almaq olub. Amma “avtoritetlərin” birmənalı şəkildə onu qəbul etməməsi Əliyevi bərk məyus edib. Daha sonra kriminal hərəkətlərini polis mundiri ilə maskalayan A.Əliyev qoçu dəstəsini də polis orqanlarına yeritməyə müəssər olur. Kriminal dünya ilə polis fəaliyyətini sintez edən Adil Əliyev artıq istədiyi adamı tuta, döyə, pulunu, malını əlindən ala bilərdi.
1994-cü ildən Səbail rayon polis idarəsinin 39-cu polis bölməsində rəis müavini kimi işə başlayan dəstə başçısı A.Əliyev qoçu rəis müavininin hazırkı biznesinin başlanğıc kapitalını məhz bu vaxtlar topladığı bildirilir. A.Əliyevin şəxsən iştirakı ilə uğurlu biznesmenlər şərlənərək tutulur, daha sonra birbaşa 39-cu bölmədə linc edilərək varı-yoxu, hətta evləri belə əllərindən alınaraq küçəyə buraxılırdılar. Əlacsız qalan, yuxarı instansiyalara şikayət etməkdən qorxan onlarla belə insanın məcburiyyət qarşısında qalaraq ölkəni tərk etdiyi haqda həmin şəxslərin özlərinin təsdiqlədiyi faktlar var.
Artıq şəhərin mərkəzi rayonunda quldur-polis imici qazanmış A.Əliyev cinayətlərinin üstünün gec-tez açılacağını anlayaraq qardaşının köməyi ilə Nəqliyyatda Baş Polis İdarəsinin Bərə keçid bölməsinin rəisi keçir. Qanunsuz əməllərini burada da özünəməxsus tərzdə həyata keçirməsi qısa müddət ərzində Bakı-Krasnovodsk, Bakı-Şevçenko marşrutu ilə üzən bərələrin boş qalmasına gətirib çıxarır. Bərənin xidmətindən istifadə edən biznesmenlər “Adil Əliyev faizi” ucbatından öz mallarını daha təhlükəli olan Çeçenistan marşurutu ilə aparıb-gətirməyə başlayırlar.
Məlumatlara görə, A.Əliyevin dəstəsi dəniz vağzalında dəfələrlə xərac verməkdən imtina edən şəxsləri vəhşicəsinə döyüblər. Bərələrin boş qaldığını, gəlirin ciddi şəkildə azaldığını görən Xəzər Dəniz Gəmiçiliyinin rəhbəri Aydın Bəşirovun işə qarışması ilə A.Əliyevi və onun 39-cu bölmədən Bərə polisinə gətirdiyi bandit dəstəsi buradan da uzaqlaşdırılırlar.
Daha sonra o Binəqədi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin rəisi təyin edilir. Bir neçə il də burada cinayətkar fəaliyyətini polis mundiri altında davam etdirən A.Əliyev daha sonra başının dəstəsi ilə birlikdə Yasamal polisinə göndərilir. 2003-cü ildə Nərimanov polis idarəsinin 16-cı bölməsinin rəisi təyin edilən A.Əliyev burada da öz “dəsti-xətti” ilə yaddaşlarda qalır. 2005-ci ildə artıq adının kriminal söhbətlərdə tez-tez çəkildiyini nəzərə alaraq A.Əliyev polis orqanları ilə vidalaşır.
10 ildən çox müddətdə polis mundiri ilə qanunsuz yollarla qazandığı milyonlarla pulu biznesin müxtəlif sahələrinə yatıraraq burada leqallaşdırır. Biznesini qorumaq və düşmənlərindən də qorunmaq üçün siyasi fəaliyyətə başlayan Əliyev 2005-ci ildə Milli Məclisə deputat seçilir. Artıq üç müddətdir ki, MM-in deputatı olan kriminal keçmişli Adil Əliyevin yenidən deputat olmaq istədiyi bildirilir.“ (ölkə.az),
Gələn yazımızda Adil Əliyevin federasiyasından küsüb gedən dostları barədə oxucularmıza şok məlumat verəcəyik.
Bizi izləyin, araşdırmamız davam edir.

Şamil Əfəndi

365İNFO.AZ