Məktəbli uşaqlar itkin düşdülər - Cəlilabadda
Cəlilabad rayonunda iki məktəbli itkin düşüb.
XəzərXəbər-in APA-ya istinadən xəbərinə görə, Cəlilabad şəhərindəki Zərifə Əliyeva adına 7 saylı tam orta məktəbin 9-cu sinif şagirdləri Xalid Əliyev həmyaşıdı İsmayıl Əmənovla birgə dünən dərsə getmək adı ilə evdən çıxıb, geri qayıtmayıblar.
İtkin düşən məktəblilərin Bakı şəhərinə getdiyi ehtimal olunur.
Xalid Əliyevin atası Altay Əliyev APA-ya deyib ki, 14 yaşlı oğlu həmyaşıdı və qonşusu İsmayıl Əmənovla birgə dünən dərsə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıblar: "Onlar Cəlilabadın bir neçə yerində təhlükəsizlik kameralarına düşüblər. Bakıya sərnişin daşıyan mikroavtobuslardan birinin sürücüsü ötən gün iki yeniyetmə uşağı Bakıda apardığını deyib. Bakıya çatanda həmin uşaqlar sürücüdən Bulvara necə getməli olduqlarını soruşublar. Ehtimal edirik ki, onlar bizim uşaqlarımız olub".
A.Əliyev bu barədə polisə məlumat verildiyini, lakin hələlik bir nəticə olmadığını bildirib.

LEGİON.AZ