Ramil Usubov üçün özəl gün
Bu gün Azərbaycan Respublikasının daxili işlər naziri, polis general-polkovniki Ramil Usubovun doğum günüdür.

Usubov Ramil İdris oğlu 1948-ci ildə Xocalı rayonunda anadan olub. 1973-cü ildə N.Rizayev adına Bakı Xüsusi Orta Polis məktəbini, 1980-ci ildə isə SSRİ DİN-in Akademiyasını bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.

1970-ci ildən daxili işlər orqanlarında xidmət edir. Cinayət-axtarış strukturlarında xidmət aparıb, 1975-ci ildə Şuşa rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin rəisi, 1980-1984-cü illərdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984-1987-ci illərdə Əli Bayramlı şəhər-rayon polis şöbəsinin rəisi vəzifələrində işləyib.

1987-1989-cu illərdə Naxçıvan Muxtar Respublikası daxili işlər naziri təyin olunub, 1989-1993-cü illərdə Azərbaycan Respublikası DİN-in Cinayət Axtarış İdarəsinin rəisi, Pasport İşləri, Viza və Qeydiyyat İdarəsinin rəisi, Kadrlar İdarəsinin şöbə rəisi vəzifələrində çalışıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 avqust 1993-cü il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası daxili işlər naziri təyin olunub.

Azərbaycan Respublikasının Prezidentinin 29 aprel 1994-cü il tarixli 140 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib.

Azərbaycan Respublikasının Prezidentinin 3 may 1994-cü il tarixli 144 nömrəli Fərmanı ilə general-mayor, 26 dekabr 1995-ci il tarixli 418 nömrəli Fərmanı ilə general-leytenant, 15 yanvar 2002-ci il tarixli 637 nömrəli Fərmanı ilə general-polkovnik hərbi rütbəsi verilib. Ailəlidir, üç övladı var.

LEGİON.AZ