Sadıx Bağırov “Qafqaz Xəbər”ə zəng etdi-“Mənə Şamil Əfəndi lazımdır”
Xatırladaq ki, dünən bir sıra saytlarda ,o cümlədən QAFQAZXEBER.AZ-da 365info.az saytına istinadən “Adil Əliyev “Lotu Quli” ilə Türkiyədə görüşüb?”adlı yazı dərc olunmuşdur.

Həmin məqalədə əsasən deputat Adil Əliyevdən, həmçinin onun şəxsi “prorabı”, sağ əli Rüstəm Rüstəmovdan və Kikboksinq üzrə milli komandanın rəisi və beynəlxalq əlaqələr üzrə menecer vəzifəsində işləmiş Sadıx Bağırovdan bəhs edilirdi.

Həmin yazıda bildirilirdi ki,2000-ci ildən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti olan Adil Əliyevin təşəbbüsü ilə Sadıx Bağırova təxminən iki il əvvəl hökümət tərəfindən ev verilib. Ev verilməzdən əvvəl isə Sadıx Bağırovun Adil Əliyevə 50 min manata yaxın borcu olur və Sadıx həmin borcu qaytarmağa çətinlik çəkir.

Ancaq buna baxmayaraq hökümətdən aldığı ev Adil Əliyev tərəfindən onun əlindən alınandan sonra onun borcu sıfırlanır. Və bundan sonra Sadıx Bağırov fırıldaqçılıqda ittiham olunaraq federasiyadan qovulur: “Məlumat üçün bildirək ki, Azərbaycan Kikboksinq Federasiyası haqqında Vikipediyada yerləşdirilən məqalədə qeyd olunub ki, Sadıx Bağırov 1999-cu ildə Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyasının Prezidenti olan Azər Həsənsoy tərəfindən Milli komandanın rəisi və beynəlxalq əlaqələr üzrə menecer vəzifəsinə təyin olunmuşdur. Sadıx Bağırovu ittiham edirlər ki, guya o federasiyada bir çox adamlardan işə düzəltmək adı ilə pul alıb və sonra qaytarmayıb.

Adil Əliyev Sadıx Bağırovu fırıldaqçılıqda ittiham edəndən və onun evini əlindən alandan sonra federasiyada bu məsələ gündəmə gəlir. İndi də bu il , daha doğrusu bir neçə gün bundan əvvəl Adil Əliyevin şəxsi “prorabı”, sağ əli, idman aləmindən anlayışı olmayan, ancaq bununla belə Kikboksinq Federasiyasında əvvəllər katib işləmiş Rüstəm Rüstəmova hökümət tərəfindən ev verilib. Görünür indi də Rüstəm Rüstəmovun Adil Əliyevə külli miqdarda borcu olduğu üçün onun adı ev alanların siyahısına salınıb. Necə ki, vaxtı ilə həmin siyahıya Sadıx Bağırovun adı düşmüşdür. Deməli idmançılardan yığılan pula göz dikən Rüstəm Rüstəmov indi də hökümətdən ev almağa nail olur. Bu idman növündə bir çox əməyi olan idmançılarımız qalıb qıraqda, Rüstəm Rüstəmov kimi A.Əliyevin şəxsi “prorabı” hökümətdən ev almağa nail olur… Rüstəm Rüstəmov haqda onu demək olar ki,bu adamın da adı mətbuatda Adil Əliyev qədər də olmasa da mənfi mənada hallanıb.

Belə ki, Adil Əliyev haqda çoxsaylı tənqidi yazıların birində bildirilir ki, keçən ilin fevralında Əl Oyunları Sarayında “Narkomaniya və uşaq cinayətkarlığına qarşı“ şüarı ilə keçirilən Kikboksinq üzrə XXII Respublika Çempionatında xoşagəlməz olay baş verib: “Qafqaz Xəbər Agentliyi”nə müraciət edən bir qrup idmançı bildirib ki, yarışa qatılan idmançıların hər birindən 20 manat “iştirak haqqı” toplanılır. “Bu çempionatda 600-dən çox idmançı iştirak edir. Hər idmançıdan 20 manat toplanılırsa, 12 min manat pul edir. Bu pul niyə və nə üçün toplanılır, deyilmir. Bəzi idmançılar var ki, o pulu verə bilməyərək, yarışdan kənarda qalıblar”, – deyə şikayətçilər qeyd edib. Onların sözlərinə görə, pul yığımına Adil Əliyevin yaxın adamı, “xəzinədar” kimi tanınan Rüstəm müəllim nəzarət edir.

Biz məsələnin mahiyyətini araşdırmağa çalışdıq. Ola bilər ki, bir çoxu üçün “böyük məbləğ sayılmayan” 20 manatı kimsə verə bilməsin, nəticədə gələcəyin qızıl medalçısı, hətta Avropa və dünya çempionu olacaq bir gəncin yolu bağlansın… Federasiyanın sözçüsü Elnur Eltürk adıkeçən Rüstəm müəllimi tanımadığını dedi: “Federasiyada Rüstəm adlı adam işləmir”. Lakin az sonra redaksiyamızın telefonuna Rüstəm müəllimin özü zəng etdi və o, federasiyada işlədiyini təsdiqlədi: “Federasiyada mühüm işlərə baxıram. Həmin şikayətçiləri bizə yönəldin..”
Amma məsələ bununla bitməyib: “Qafqaz Xəbər Agentliyi"nin əməkdaşı, tanınmış yazar-jurnalist Rüfət Əhmədzadə son günlər naməlum şəxslər tərəfindən təqib olunur. Bu barədə Qafqaznews.az saytına jurnalistin özü məlumat verib. Onun sözlərinə görə, son günlərdə idmançı bədən quruluşuna malik bir neçə şəxs onun yaşadığı Masazır qəsəbəsinə gələrək, müxtəlif sakinlərdən Rüfət Əhmədzadəni tanıyıb-tanımadıqlarını soruşublar. “Hətta mənim yaşadığım küçəyə qədər də gəlib çıxıblar. Sakinlərdən eşitdiyimə görə, nə vaxt gedib-gəldiyimlə də maraqlanıblar. Onlardan kim olduqlarını soruşanda isə cavabdan yayınıblar. Fevralın 20-də isə axşam avtobusdan düşüb evə gələrkən, küçəmizin girişində qara paltolu iki nəfər durmuşdu. Mən evimizə doğru istiqamət aldıqda onlardan biri ayrılıb mənim ardımca gəldi. Mən evə girəndə sonra tini buruldu. Amma mən darvazanın qapısını aralı saxlayıb izləyəndə gördüm ki, həmin şəxs yenidən küçənin başına qayıdır. Görünür, mənim ünvanımı dəqiqləşdirmək istəyirdilər”. Jurnalist həmin şəxsin qara papaq geydiyini və şərflə üzünü örtdüyünü bildirib: “Hündürboy, idmançı bədən quruluşuna malik bir gənc idi”. Rüfət Əhmədzadə bu “axtarış”ların yazıları və araşdırmaları ilə bağlı olduğunu istisna etməyib.Bir neçə gün əvvəl saytımızda “Adil Əliyevin keçirdiyi çempionatda 600 idmançıdan pul yığılır – İDDİA” başlıqlı yazı dərc olunmuşdu.

Həmin materialla bağlı mən bir neçə nəfərə, o cümlədən federasiyanın keçmiş baş katibi və hələ də Adil Əliyevin yaxın adamı olan R.Rüstəmovla əlaqə saxlamışdım”.. Növbəti gün Rüstəm Rüstəmov dəfələrlə redaksiyanın telefonuna zəng edib və məni dəstəyə çağırmalarını tələb edib. Lakin jurnalistin sözlərinə görə, R.Rüstəmov əsəbi səs tonu ilə ondan məlumatı verən mənbəni və onun telefon nömrəsini verən şəxsin kimliyini açıqlamağı tələb edib. “ Ona izah etdim ki, mənbəni yalnız məhkəmə qaydasında, hakim vacib bilərsə açıqlaya bilərik. Amma ona qarşı qərəzim olmadığını və mövqelərinə obyektiv yanaşdığımı dedim. Lakin R.Rüstəmov məni təhdid etdi, “sənin yerini tapacam” dedi. Daha sonra dəstəyi Qafqaz Xəbər Agentliyinin direktoru Araz Məmmədov aldı, o da Rüstəm Rüstəmov tərəfindən eyni təhdidlər və kobudluqla üzləşdi. Araz Məmmədov normal dialoq qurmağa çalışsa da, R.Rüstəmov ona da “gəlib sizi tapacam”, “mən bunu belə qoymayacam” deyərək dəstəyi asdı”, – deyə R.Əhmədzadə qeyd edib.

Qeyd edək ki, R.Rüstəmov həmin telefon söhbəti zamanı iki il Aznews.az saytının direktoru olduğunu deyib. Onsuz da, mətbuatda Aznews.az saytının deputat Adil Əliyevə məxsus olması barədə şayiələr gəzirdi”.

Bu gün isə “Qafqaz Xəbər Agentliyi”nin redaksiyasına adıçəkilən yazı ilə bağlı Sadıx Bağırov zəng edib jurnalist Şamil Əfəndini axtarıb.

Agentliyin baş direktoru Araz Məmmədovla telefon əlaqəsi yaradan Sadıx Bağırov bildirib ki, o jurnalist Şamil Əfəndini ona görə axtarır ki,o jurnalist onun barəsində sayta yazı verib.

Agentliyin baş direktoru Sadıx Bağırova cavab olaraq bildirib ki, “Qafqaz Xəbər Agentliyi”ndə Şamil Əfəndi adlı jurnalist işləmir.

Ancaq Sadıx Bağırov təkidlə bildirib ki, “yox mənim barəmdə yazı gedib ,özü də “Qafqaz Xəbər” də”. Araz Məmmədov ona bir daha izah etməli olub ki, onun barəsində gedən yazını agentliyə məxsus olan QAFQAZXEBER.AZ saytı 365info.az saytına istinadən dərc edib və bizim saytımız kimi, təxminən 20 sayt da bu xəbəri 365info.az saytına istinadən dərc edib.

Bunu eşidən Sadıx Bağırov “onda mən o saytların hamısını məhkəməyə verəcəm” deyə bildirib və Araz Məmmədovdan “Əlbəttə, bu sizin hüququnuzdur” cavabını alıb.

Sadıx Bağırovun “Qafqaz Xəbər”ə zəngini LEGİON.AZ saytı ilə bölüşən “Qafqaz Xəbər Agentliyi”nin direktoru Araz Məmmədov bunları bildirib : “Görünür 365info.az saytının yazısı cəmiyyətdə ictimai qınağa çevrildiyi üçün deputat Adil Əliyev və onun sağ əli sayılan Rüstəm Rüstəmov Sadıx Bağırovu məcbur ediblər ki, o “Qafqaz Xəbər” ə zəng eləsin. Ancaq mən bir daha bildirirəm ki, agentliyin saytı olan qafqazxeber.az həmin məlumatı 365info.az saytına istinadən yerləşdirib və Sadıx Bağırovun nə sözü varsa qoy 365info.az saytı ilə əlaqə saxlasın. Mən özüm də o yazını oxudum ,orda bizim keçən il Rüstəm Rüstəmovdan yazdığımız yazıdan bir epizod götürülüb və yazının içində bizim keçənilki yazımıza istinad verilib. Ancaq bu o demək deyil ki, dünən yazılan yazı bizə aiddir. 365info saytında dərc olunan həmin yazıdakı bir məqam - Rüstəm Rüstəmovun hökümətdən ev alması bizi də çox təəccübləndirdi; idmançılardan pul yığmaq hara və sonra hökümətdən ev almaq hara...

O ki, qaldı tanınmış jurnalist Eynulla Fətullayevin saytlarının Adil Əliyev və onun şəriki Əli Həsənovdan yazdığına,mən bu barədə onu deyə bilərəm ki, Eynulla müəllim çox peşəkar jurnalistdir. Bu günləri baxmayaraq ki, mən artıq neçə illərdir jurnaslitikadayam və “Qafqaz Xəbər Agentliyi”nin baş direktoru vəzifəsində işləyirəm, hər gün öz üzərimdə çalışıram. Amma yadımdadır ki, jurnalistikaya gəldiyim ilk günlərdə Eynulla Fətullayev örnək götürmək istədiyim peşəkar jurnalistlərin sırasında idi.

Əgər Eynulla Fətullayevdə Əli Həsənovla Adil Əliyevin şərik olması haqda fakt olmasaydı, onun saytları bu barədə yazmazdı. Həmin yazıda faktlara əsalanaraq qeyd olunur ki,Səbail rayonu, Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi, 42 ünvanda köhnə evlərin bir qismi sakinlər köçmədiyi halda dağıdılıb, yaşanmaz hala gətirilib. Dekabrın 19-na keçən gecə yatmağa hazırlaşan sakinlər səs-küyə küçəyə çıxıblar, bəlli olub ki, evlərin damı uçurulur. Söküntünü aparan fəhlələr deyiblər ki, narahatçılığa əsas yoxdur, divarlar şirkətlə sakinlər razılığa gələndən sonra uçurulacaq. Həmin evlər Nazirlər Kabinetinin təsdiqlədiyi, köhnə evlərin sökülərək yerində yeni yaşayış binalarının tikintisini nəzərdə tutan, “pilot layihə” adlandırılan proqram çərçivəsində sökülür. Sakinlərə yeni mənzillər hazır olana qədər kirayə mənzillərdə qalmağı təklif ediblər. Lakin sakinlərin bir qrupu bu təkliflə razı olmayıb, kompensasiya və ya hazır mənzil tələb ediblər. Virtualaz.org saytının əməkdaşları narazı sakinlərlə görüşüb, onların şikayətini dinləyiblər. Sakinlərdən Sara Poladova deyir ki, söküntünü aparan “Dönüş 1” MMC-nin rəhbəri Əli Həsənovu əvvəllər dəllal kimi tanıyıblar. Həmin şəxs bir neçə il əvvəl Qurban Abbasov küçəsində 13 evin yerləşdiyi məhəlləni satın alıb. İlk söküntü də həmin məhəllədən başlayıb. Virtualaz.org araşdırıb ki, həmin MMC Milli Məclisin deputatı Adil Əliyevə bağlıdır. Şikayətçilər hesab edirlər ki, qəsdən belə şərait yaratmaqla onlara təzyiq edirlər, onları evlərini tərk etməyə məcbur etməyə çalışırlar.

O ki,qaldı Adil Əliyevə , onun müharibə veteranının əlindən aldığı torpaq sahəsindən,həmin torpaq sahəsində tikdirdiyi şadlıq sarayından biz çox yazmışıq və Adil Əliyevi bəlkə də bizdən yaxşı tanıyan yoxdur”. Yeri gəlmişkən biz sonuncu məsələdən bəhs edən yazılardan bəzi seçmə məqamları, bu oxucularda maraq doğura biləcəyindən təkrarən təqdim edirik: “Bu günlərdə Qarabağ qazisi, ehtiyatda olan zabit Oruc Məmmədov Qafqaz Xəbər Agentliyinə müraciət etmiş, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində ona aid 40 sot torpağın deputat Adil Əliyev tərəfindən zəbt edildiyini demişdi. Mən 2006-cı ildə 7-ci mikrorayonda qanuni yolla 40 sot torpaq almışdım, amma maddi imkansızlığıma görə heç bir tikinti işi aparmamışdım. Həbs olunan zaman öyrəndim ki, Mahmudov və Çovdarov mənim bu torpağımla maraqlanırlar, zəbt etmək niyyətləri var. Ondan sonra həbsdə başım qarışdı hüquqlarımın müdafiəsinə, torpaq məsələsini düşünmədim.

Lakin 2014-cü ilin avqustunda həbsdən çıxanda getdim torpaq sahəmə baş çəkməyə, gördüm orda tikinti gedir. Öyrəndim ki, burda deputat Adil Əliyev şadlıq evi tikdirir. Mənim torpaq sahəmlə qonşu olan 4 sot torpağı hansısa yollarla qayınanası Qətibə Abdullayevanın adına alıb, amma restoran mənim ərazimdədir. Bilmirəm, o torpağı Adil Əliyevin zəbt etməsi ilə Çovdarovun mənə qarşı qurduğu planların əlaqəsi varmı, yoxmu… Amma kimlərsə həbsdə olmağımdan məharətlə istifadə ediblər.” “Onun Rüstəm adlı yaxın adamı söz vermişdi ki, bizi görüşdürəcək, amma sonra ondan da xəbər çıxmadı. Məni aldatdılar. Hara gedirəmsə, ya bir bəhanəylə başdan edirlər, ya da “araşdırma” adıyla məsələni uzadırlar.

Görünür ki, deputat Adil Əliyevin yaxşı əlaqələri, geniş imkanları var. Nə deyirəm, sağlığına qismət. Amma müharibə veteranına, Vətən uğrunda canından keçən, düşmənə amansız zərbələr endirən bir zabitə qarşı bunu etmək rəvadırmı? Adil Əliyevin bu haqsızlığı cəmiyyətdə pis nümunə ola bilər. Mənim ailəm döyüşlər vaxtı kirayədə qalırdı. Əgər mən müharibədən sağ qayıtmasaydım, əzizlərimin taleyi necə olacaqdı? Hazırda da işsizəm, təqaüdlə dolanıram. Kimdənsə onun haqqını istəmirəm ki… Öz haqqım olan torpaq sahəsini geri qaytara bilmirəm. Belə haqsızlıqları görən gənclər sabah necə döyüşə gedəcək? Kim zəmanət verir ki, onların da mülkiyyətini kimlərsə deputat mandatına, vəzifəli qohum-qardaşına güvənib mənimsəməyəcək?… Dövlət başçısı özü də belə hallara qarşıdır. Amma təəssüf ki, bəzi məmurlar, deputatlar onlara göstərilən etimaddan sui-istifadə edirlər. Onların ədalətsiz davranışları ölkədəki vətənpərvərlik ruhunu sarsıdır.” Məsələ ilə bağlı Kavkaznews.az mayın 12-də Adil Əliyevin özü ilə də əlaqə saxlayıb. “Oruc Məmmədovun dedikləri həqiqətə uyğun deyil. Mən onu ümumiyyətlə tanımıram”, – deyə deputat bildirib.

“BŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinin rəisi Nazim İsmayılovun məktubunda deyilir ki, “Çıraq Palas” sizin qayınananıza məxsusdur”, – deyə jurnalist qeyd edib. “Burda qeyri-adi nə var?”, – deputat təəcüblənib.

“Həmin məktubda şadlıq sarayının Binəqədi RİH-in sərəncamı əsasında tikildiyi göstərilir. Binəqədi RİH nümayəndəsi Rauf Həsənov isə o torpaq sahəsinin onların balansında olmadığını bildirib. İstintaq və Təhqiqat İdarəsinin şöbə rəisi Məmmədağa Əhmədov da bizə deyib ki, Binəqədi RİH-in qərarı qanunsuz olub”, – deyə aydınlıq gətirdik. “Qanunsuz verilib, onda Oruc Məmmədov prokurorluğa müraciət etsin”, – deyə Adil Əliyev məsləhət verib”.

Murad İbrahimli