“Günay Sığorta” vətəndaşı çıxılmaz vəziyyətə saldı – Sığorta pulunu ödəmir (FOTOLAR)
“Günay Sığorta” şirkəti müştərisinə dəyən ziyanı ödəməkdən yayınır.
Bu barədə sığorta şirkətinin müştərisi Şirvan şəhər sakini Ceyhun Əsgərov AZXEBER.COM-a müraciətində bildirib. Onun sözlərinə görə, avtomobilini icbari qaydada “Günay Sığorta” şirkətində sığortalayıb. Dekabr ayının 2-də isə Bakıda zəncirvari qəzaya düşüb. Belə ki, Ziya Bünyadov prospektində idarə etdiyi 90 UJ 483 nömrəli Opel Astra ilə ara məsafəsi saxlamadığı üçün qarşıda eyni istiqamətdə hərəkətdə olan 90 UJ 145 nörməli Mercedes Benz avtomobilini arxadan vurub. Zərbənin təsirindən əzilən avtomobil də qarşıdakı 50 BX 703 nömrəli Mercedes Benz avtomobilinə çırpılıb. Nəsimi rayon DYP-nin əməkdaşları hadisə yerinə baxış keçirib. Daha sonra sığorta şirkətinin qaynar xəttinə qəza barəsində məlumat verilib. Yarım saat sonra şirkətin əməkdaşları hadisə yerinə gəlib avtomabillərin şəkillərin çəkərək sənədləşmə işləri aparıblar. Nəsimi rayon DYP-nin hadisə materialları “Günay Sığorta” Sığorta şirkətinə 04.12.2017-ci il tarixdə təqdim edib və araşdırma materialına əlavə edilib. Sığorta ödənişinin edilməsi barədə Günay Sığorta ASC-nin Sığorta Şirkətinin İdarə Heyyətinin sədrinə ərizə ilə müraciət edilib.
Ceyhun Əsgərov bildirib ki, sığorta şirkəti dəymiş zərəri qiymətləndirərkən avtomobilə baxış keçirməyib: “Bu hal göstərir ki, onlar sığorta hadisəsi nəticəsində dəymiş ziyanı istədikləri kimi qiymətləndirir, bundan sonra isə süründürməçilik halı başlayır”.
Şikayətçi bildirir ki, qanuna əsasən sığorta ödənişi bir həftə ərzində verilməli olsa da sığorta şirkəti süründürməçilik edir: “Elə edirlər ki, bezərək sığorta ödənişindən imtina edim. Bir neçə müddətdir ki, sığorta şirkətinin əməkdaşları nə əlaqə saxlamır nədə ki, telefona cavab vermirlər”.
O bildirib ki, sığorta şirkətinin əməkdaşlarının bu qanuna zidd hərəkətləri adi vətəndaşların sığorta şirkətlərinə inamsızlığı günü-gündən artır, avtomobil sahiblərini sığortadan yayınmağa məcbur olur.
Qeyd edək ki, “İcbari sığortalar haqqında” Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir.
C.Həsənov məsələ ilə bağlı “Günay Sığorta” şirkətinin rəhbərliyinə və Maliyyə Bazarlarına Nəzarət Palatasına da şikayət ərizəsi ünvanlayıb.
AZXEBER.COM olaraq məsələ ilə bağlı “Günay Siğorta” şirkətinin də mövqeyini dərc etməyə hazırıq.

LEGİON.AZ