Şahmar İbadovun oğlu BDU-da magistraturaya qəbul olundu
Elmar İbadov: “Mən təhsilimi davam edərək atamın yolunu gedib gələcəkdə icra başçısı olacam”
Məlum olduğu kimi, Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadovun oğlu Elmar İbadov bu ilin avqust ayının 22-də Bakı şəhərində idarə etdiyi “Range Rover” markalı avtomobillə ağır yol qəzası törədərək hadisə yerindən qaçmışdır.
Hadisə nəticəsində yaşlı qadın vəfat etmişdir. Şahmar İbadov oğlunun həbsə göndərilməməsi üçün media emissarları hesabına məsələnin tirajlanmasını qabaqladı.
Baş nazirin müavini Əli Həsənovun nəvəsi, general Novruzəli Orucovun oğlu kimi Nərimanov rayon icra hakiminin müavini Şahmar İbadovun övladının törətdiyi qəza da Azərbaycan rəhbərliyinin qəzəbinə tuş gəldi.
Prezidentin dəfələrlə məmurlara və uşaqlarına etdiyi xəbərdarlıqlara baxmayaraq, davam edən bu qudurğanlıqlar adıçəkilən üç nəfərlə partlayışa gətirib çıxardı.
Onlardan ilk ikisi həbsə getsə də, sonuncu övladını xilas etməyə müvəffəq oldu. Ş.İbadovun oğlunu həbs etməyə qoymayan dairələrin məqsədi isə cəmiyyətdə presedent yaratmamaq idi.
QAFQAZXEBER.AZ
 xəbər verir ki,həmin qüvvələr istəmir ki, insanlar qudurğanlıq edən məmur balalarının cəzalanacağına arxayın olsunlar.
Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Şahmar İbadovun oğlu Elmar İbadovun cinayət işi üzrə məhkəmə prosesi bir müddət əvvəl başa çatmışdır. Məhkəmənin hökmü ilə E. İbadov 5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi haqqında qərar qəbul edib.
Elmar İbadovun istintaqı başa çatdığına görə prokurorluq orqanları onun törətdiyi cinayəti “obyektiv” araşdıraraq onun əməlinə hüquqi qiymət veriblər.
Hüquqi qiymət elə verilib ki, Elmar İbadov törətdiyi bu cinayətdən sonra hətta BDU-da bakalavr təhsilini bitirərək elə BDU-da magistraturaya qəbul olunub. Və təhsilini davam edib atasının tutduğu yolun davamçısı olmağına söz verib. Olsun ,əlbəttə, biz heç kimə pislik arzulamırıq.
Ancaq 365info saytının əldə etdiyi məlumata görə Elmar İbadovun törətdiyi cinayətdən canını qurtarmaq ona heç də asan başa gəlməyib.
Onun atasına himayədarlıq edən qüvvələr onun həbsdən qurtarmağına köməklik ediblər.
Bir çox hallarda prokurorluq orqanları bu cür hadisə törədən digər şəxslərə ağır cəza istəsə də, nədənsə Elmar İbadov üçün bu məsuliyyətə cəlb edilmə həddindən artıq yumşaq cəza olub.
Hətta Şahmar İbadov onun oğlunun törətdiyi qəzadan yazan bəzi jurnalistləri də prokurorluq orqanları ilə hədələyib. Nədənsə bu şəxs son vaxtlar prokurorluq orqanlarının adından çox istifadə edir.
Hətta bəzi jurnalistlərə də elə prokurorluq orqanlarından zəng edib Şahmar İbadovla bağlı biraz az yazı yazmağı tövsiyyə ediblər. Və elə Elmar İbadov da bu cür arxasında dayanan “dayılarına” arxalanaraq ona kəsilən hökmə baxmayaraq BDU-da magistraturada təhsilini davam edir.
Başqa vaxt ittiham idarəsi protest verir, məhkəmənin verdiyi hökmlə razılaşmır,ancaq Elmar İbadovun işində nədənsə ittiham idarəsi səsini çıxartmır, elə bil ki, yalandan qış yuxusuna gedir ki, Elmar İbadov da sakitcə magistraturada təhsilini davam etdirə bilsin.
365info
 saytına daxil olan məlumata görə Elmar İbadov yaxın dostlarının yanında yekə-yekə danışaraq deyib ki, mən təhsilimi davam etdirərək atamın yolunu gedib,gələcəkdə icra başçısı olmalıyam.
Araşdırmamız davam edir, bizi izləyin

Şamil Əfəndi

365İNFO.AZ