DTX-NİN QEYRİ-OBYEKTİV ARAŞDIRMASINDAN PREZİDENTƏ YENİDƏN MÜRACİƏT OLUNDU
AZƏRBAYCAN  RESPUBLİKASININ PREZİDENTİ CƏNAB  İLHAM  ƏLİYEVƏ
M Ü R A C İ Ə T (t ə k r a r)

HÖRMƏTLİ  PREZİDENT, “Qafqaz Hüquq Mərkəzi”
 vətəndaş Hümmətov Rəfail Talıb oğlunun şikayətini də əlavə etməklə 28.11.2017-ci il tarixdə Sizə müraciət etmişdi.
Prezident Administrasiyası həmin müraciət və şikayəti araşdırılması üçün Dövlət Təhlükəsizlik Xidmətinə göndərmişdir.
Təəssüflər olsun ki, şikayət DTX-də qeyri-obyektiv araşdırılmış və İdarə rəisi Faiq Şamilovun et-5534 №-li 04.12.2017-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki: “DTX əməkdaşı Anar Məhərrəmovun Hümmətov Rəfail Talıb oğlundan külli miqdarda BORC pul almasi və hal-hazıradək həmin BORCU qaytarmamasi barədə müraciətinizə baxılmışdır”.
Qeyri-obyektivlik ondadır ki:
“Anar Məhərrəmovun öz vəzifəsindən istifadə edərək hədə-qorxu gəlməklə və aldatma yolu ilə bilavasitə özü Rəfail Hümmətovun 28.600 ABŞ dollar və 7.000 manat məbləğdə pulunu mənimsəməsi;
“Prado” və “Niva” markalı avtomaşınlarını zorla onun əlindən alması;
Rəfail Hümmətovun arvadı Məhbubə Məhərrəmova ilə oğlu Hüseyn Talıblının 20.000 ABŞ dolları məbləğində pulu Anar Məhərrəmovun tələbi ilə ona çatdırılması üçün öz qaynı Bağırov Vüsala vermələri;
Anar Məhərrəmovun tələbi və göstərişi ilə Rəfail Hümmətovun ona yolladığı 130.000 ABŞ dolların ona çatdırılması üçün Rəfailin qardaşı Fəzail Hümmətovun Rzayev Əliyə verməsi və digər əmlakların Anar Məhərəmov tərəfindən Rəfail Hümmətovdan məcburi yolla alması barədə şikayət olunduğu halda, məcburi yolla alınmış pullar və əmlaklar DTX-də aparılan “araşdırma və xidməti yoxlama” nəticəsində hansı səbəbdənsə “BORC”a çevirilmişdir.
“Anar Məhərrəmova heç bir aidiyyətinin olmadığı” bildirilən cavab məktubunda göstərilmişdir ki:
“…cari il ərzində Hümmətov Rəfailin eyni məzmunlu şikayət ərizəsi əsasında xidməti yoxlama aparılmış və nəticədə DTX ƏMƏKDAŞI ANAR MƏHƏRRƏMOVUN ona külli miqdarda PUL BORCUNUN OLMASI ilə bağlı bildirdiyi xüsusatlar TƏSDİQİNİ TAPMAMIŞDIR. Belə ki, onların ortaq tanışları Şəmkir rayon sakini RZAYEV ƏLİ MÜSEYİB OĞLU qeyd edilən KÜLLİ MİQDARDA PULU R.HÜMMƏTOVDAN şəxsi biznes qurmaq üçün ALMASINI, pulları biznes fəaliyyətinə sərf etməsini VƏ HƏMİN PULLARIN DTX-nin ƏMƏKDAŞI A.MƏHƏRROMOVA  AİDİYYƏTİNİN  OLMAMASINI  BİLDİRMİŞDİR”.
Lakin Anar Məhərrəmovun göstərişi ilə 20.000 ABŞ dollar verilmiş qaynı Bağırov Vüsal “yaddan çıxsa”da, Anar Məhərrəmov həqiqəti özü bəyan etmişdir.
Belə ki, Rəfail Hümmətov şikayət etdiyinə görə Anar Məhərrəmov mobil telefonla “Watsapp” vasitəsi ilə ona özünün təhqir, söyüş, hədə-qorxu olan və “…pulu qardaşın Əliyə verib, Əli də deyir ki, qaytarmışam… qaldı ki, 20 minə,onu özün verifsən, yalvarıf verifsən… …sənə elədiklərim sənin burnundan gəlsin, pillə-pillə… bütün el-oba da bilir ki, 5 il sən mənim yanımda olufsan, həmişə də smirna durufsan eey, smirna! Özün də bilirsən, ailən də bilir, qardaşın da bilir, sənin qohumların da bilir, bütün kənd, el-oba da bilir… …nə bilirsən elə, eləməsən heç kişi deyilsən!” sözləri də olan səs yazıları yollamışdır. Nədənsə bu məqamda yada  vaxtı ilə MTN-nin tədbirləri nəticəsində aşkar edilmiş “ələkeçməz dəstə başçısı Hacı Məmmədov”un əməlləri düşür…
Əslində “külli miqdarda pul almağı etiraf etməklə” Əli Rzayev özü də bütün bu işlərin başında elə Anar Məhərrəmovun özünün durmasını birbaşa etiraf etmişdir.
Çünki, bu həmin Əli Rzayevdir ki, “2014-cü ilin aprel ayında Rəfail Hümmətova məcburən Gəncə-Moska reysinə özlərinə təyyarə biletləri aldırmaqla zorla ona qonaq gələn Anar Məhərrəmov öz oğlunu və Əli Rzayevi də Moskvaya gətirib Rəfail Hümmətovla tanış etmiş və onun təşkil etdiyi “VALS” mehmanxanasında yaşamışlar. Elə həmin vaxt öz qardaşının meyitini Ufa şəhərindən kəndlərinə gətirməyi Rəfail Hümmətovu məcbur edən Anar Məhərrəmov, öz adamı və köməkçisi kimi Rəfail Hümmətova təqdim etdiyi Əli Rzayevi də meyiti gətirmək üçün ona qoşub, özü isə kəndinə qayıtmışdır”.
Anar Məhərrəmovun qardaşının meyitini gətirərkən, “Əli Rzayevi də Moskva-Ufa-Tovuz marşrutu ilə bir həftə özü ilə maşınında daşıyan” Rəfail Hümmətov “Əli Rzayevin heç yerdə işləmədiyini, yəni pul qazanmadığını, günlərini ancaq Anar Məhərrəmovun yanında keçirdiyini öyrənmişdir. Və o, “şəmkirli Əli” kimi tanıdığı bu Əli Rzayevi 2014-2017-ci illlər ərzində həmişə Anar Məhərrəmovun yanında boş-bekar hərləndiyini, ona qulluq etdiyini və onun müəyyən tapşırıqlarını yerinə yetirməsini görmüşdür. Bütün bunları bildiyi halda Rəfail Hümmətov, “130.000 dollar pulu Əli Rzayevə heç bir halda verməzdi, o ki, qaldı hansısa “şəxsi biznes qurmaq üçün…”
“Külli miqdarda pul almağı etiraf edən” Əli Rzayevin həmin 130.000 ABŞ dolları məbləğində pulu hansı “şəxsi biznes qurmaq üçün” sərf etdiyi isə “sirr” olaraq açılmamışdır. Aydındır ki, heç bir biznes-filan olmamışdır.
Axı həmin məbləği Rəfail Hümmətovdan Anar Məhərrəmov “vəzifəyə getmək üçün dirənib tələb etmişdi” və onun qarşısında konkret tələb qoymuşdu ki, “200.000 dolları sən verməlisən!”. “Özünün və ailəsinin canından qorxan” Rəfail Hümmətov pulu öz arvadı Məhbubəyə yollayıb və onun da xahişi ilə də qardaşı Fəzail Hümmətov “130.000 dollar pulu Anar Məhərrəmovun göstərişi ilə Əli Rzayevə verdikdən sonra, həmin pulun Anar Məhərrəmova çatdırıldığını Anar Məhərrəmov özü öz mobil telefonu ilə Moskvaya, Rəfail Hümmətova zəng edərək pul çatdı” deyə bildirmişdir.
130.000 dollar pul olan bükülünü Əli Rzayevə verib saymasını təkid edərkən, “Anar özü sayacaq” deyən Əli Rzayevin saymazyana həmin bükülünü alıb içinə baxmadan getməsi Fəzail Hümmətovu çox təccübləndirmişdir.
DTX-nin 5 avqust və 4 dekabr tarixli cavab məktublarından (əlavə olunur)  belə nəticəyə gəlmək olur ki, Rəfail Hümmətov bir neçə ay ərzində Baş Prokurorluğa, DTX-yə və Respublikanın Prezidentinə DTX-nin əməkdaşı Anar Məhərrəmov barəsində yazdığı şikayətlər “şər-böhtan, yalan və həqiqətə uyğun olmayan məlumatlardır”.
Əgər belədirsə, niyə bu “qarayaxmaların” üzərindən sükutla keçirilir, Rəfail Hümmətovun  barəsində tədbir görülmür?! Niyə onun özünü və şikayət etdiyi əməkdaş Anar Məhərrəmovu bir yerdə dəvət edib məsələni yerində araşdırmırlar?! Rəfail Hümmətov şikayət etdikdən sonra “vaxtı ilə parkdakı çayxanadan çıxmayan Anar Məhərrəmov indi qaçaq düşüb, kəndə ancaq gecələr öz fermasına Seyidəlinin yanına gəlib-gedir”.
Cari ilin iyul ayında Rəfail Hümmətovun Anar Məhərrəmovdan Baş Prokurorluğa ünvanladığı 6 sikayət ərizəsinin hamısı əsassız olaraq DTX-yə yönləndirilmişdir.
6  şikayət ərizələri əsasında da DTX-də qeyri-obyektiv araşdırılma aparılaraq İdarə rəisi Faiq Şamilovun imzaladığı 05.08.2017-ci il tarixli cavab məktubunda R.Hümmətova bildirilmişdir ki:
“…yoxlama nəticəsində ANAR MƏHƏRRƏMOVUN SİZƏ QARŞI QANUNAZİDD HƏRƏKƏTLƏRƏ YOL VERMƏSİ İLƏ BAĞLI GÖSTƏRDİYİNİZ XÜSUSATLAR TOPLANMIŞ MATERİALLAR ÜZRƏ TƏSDİQİNİ TAPMAMIŞDIR. Belə ki, Şəmkir rayon sakini RZAYEV ƏLİ MÜSEYIB OĞLU SİZDƏN KÜLLİ MİQDARDA PUL ALDIĞINI ETİRAF ETSƏ DƏ, pulları biznes fəaliyyətinə sərf etdiyini və həmin maddi vəsaitin A.Məhərrəmovla heç bir əlaqəsi olmadığını bildirmişdir. Diqqətinizə çatdırırıq ki, Əli Rzayev tərəfindən ALDADILDIĞINIZLA BAĞLI MÜLKİ XARAKTERLİ PROBLEMİNİZLƏ əlaqədar, Sizin aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək hüququnuz vardır”.
Yoxlama “aldatmanın mülki xarakterli problem” olduğunu diqqətə çatdırır.
Təəccüb və təəssüf doğuran araşdırmanın qeyri-obyektivliyi ondadır ki: “Məhərrəmov Anarın ona qarşı törətmiş olduğu qanunazidd əməllər barəsində” şikayəti əsasında DTX-də Hümmətov Rəfailin geniş və ətraflı izahatını aldıqdan sonra, ona “sənin tələbin haqlıdır, alınmış nəyin varsa mütləq qaytarılacaqdır” deyib ona ümidlə bərabər, əlaqə telefonu da verilmişdir. Sonradan isə DTX-nin Tovuz rayon şöbəsində də onun həyat yoldaşı Məhərrəmova Məhbubənin və oğlu Hüseynin də izahatları alınarkən yenə də “sizin tələbləriniz haqlıdır, bütün pullarınızı qaytaracağıq” deyə söz verilmişdir.
Lakin, bir neçə müddət keçdikdən sonra, şikayət etdiyinə görə Anar Məhərrəmov mobil telefonla “Watsapp” vasitəsi ilə ona özünün təhqir, söyüş, hədə-qorxu olan və sonluğu “Nə bilirsən elə, eləməsən kişi deyilsən!” sözləri də olan səs yazıları yollamışdır. Rəfail Hümmətov Bakı şəhərinə gəlib araşdırma aparan DTX-nin əməkdaşı ilə telefon əlaqəsi saxlayaraq, Anar Məhərrəmovun “Watsapp”la ona yolladığı səs yazısını təqdim etmək istədiyini bidirəndə, telefonda ona: “İşə baxılıb qurtarıb, hər şeyi Əli öz boynuna alıb, mülki işdir, Anarlıq orda heç bir şey yoxdur”, deyib onu qəbul etməyərək və bir daha zənglərinə cavab verməyəndə Rəfail Hümmətov başa düşür ki, “Anar Məhərrəmov MTN-dən sonra DTX-də də öz “podderjka”sını bərkitdiyi üçün, “Watsapp”la ona göndərdiyi özünün səs yazılarında hədə- qorxu gələrək deyir ki: “Nə bilirsən elə, eləməsən kişi deyilsən!”.
“İşə baxılıb qurtarıb, hər şeyi Əli öz boynuna alıb, mülki işdir, Anarlıq orda heç bir şey yoxdur” cavabı alan Rəfail Hümmətov bir daha əmin olur ki, “məsələ tam yoluna qoyulmuşdur”, yəni onun şikayət ərizələrində göstərdiyi aşağıdakı xüsusatlar DTX-də aparılan araşdırmalarda guya öz “təsdiqini tapmamışlar”:
  1. Rəfail Hümmətovun Tovuz rayonun Düz Qırıqlı kəndində yerləşən “təp-təzə çayxanasını 2013-cü ildə Anar Məhərrəmov tərəfindən zorla əindən alınaraq öz adamı olan Seyidov Əli Həsən oğlu ilə 3 ilə yaxın müddətdə əvəzsiz işlətmələri;
  2. 23.11.2015-ci il tarixdə Anar Məhərrəmovla Seyidov Əli parkda özləri quyu qazdırarkən faciəli surətdə ölmüş iki fəhlənin: Musayev Zaman Əli oğlu və Mürşüdov Azad Qərib oğlunun sahiblərinə: birinə 1.000 manat, o birinə isə 1.500 dollar və prokurorluqda işi bağlamaq üçün 6.000 manat məbləğində pulu o vaxtkı məzənnə ilə bank vasitəsi ilə Anar Məhərrəmovun tələbi ilə onun qaynı Bağırov Vüsalın adına və 1.500 dolları isə poçtla Seyidov Əlinin adına yollaması;
  3. “Zorla Moskvaya Rəfail Hümmətovun yanına qonaq gələn Anar Məhərrəmovun tələbi ilə onun özünə, oğluna və “külli miqdarda pul aldığını etiraf edən” Rzayev Əliyə təyyarə biletləri, mehmanxana, restoranlar, gəzintilər və sairə əyləncələrin təşkil edilməsinə pulların xərcləməsini, təsadüfən həmin vaxt Ufa şəhərində ölmüş qardaşı Natiqin meyitini Düz Qırıqlı kəndinə gətirilməsinə Anar Məhərrəmov tərəfindən məcbur edilməsi və bu işə Rəfail Hümmətovun xərcləmiş olduğu 9.000 ABŞ dolların Anar Məhərrəmovun ona qaytarmaması”;
  4. “Rəfail Hümmətovun oğlu Talıblı Hüseynin “Niva” maşınını Anar Məhərrəmovun zorla əlindən alıb öz qaynı Bağırov Vüsalın vasitəsi ilə notariusa apartdırıb baş etibarnamə verməyə məcbur etdirilməsi”;
  5. “Rəfail Hümmətova məxsus, həyat yoldaşı Məhbubə Məhərrəmovanın adına olan “Prado” maşınını Anar Məhərrəmovun zorla əlindən alıb notariusa apartdırıb öz adına baş etibarnamə verməyə məcbur etdirilməsi” ;
  6. “Hər Moskvadan gələndə Məhərrəmov Anarın tələbi ilə bahalı araqları, böyük qutularda kolbasalar, kofe, çay, konfetlər və sairə ərzaqlar gətirməyi, Gəncə hava limanında “Seyidəli” , yaxud sürücü Babək tərəfindən qarşılanaraq dəfələrlə zorla gətizdirilmiş hədiyyələri rəis Anar Məhərrəmovun özünün və katibəsinin ağ rəngli 20-299 №-li maşınına qoymağı, (yeri gəlmişkən, rəislə katibəsinin maşınlarının nömrələri eyni idi)”;
  7. “Oğlu Talıblı Hüseyinin 2014-15-ci illərdə əsgəri xidməti rahat etmək üçün Rəfail Hümmətovdan Anar Məhərrəmovun 7.000 manat pulu zorla alması”;
  8. “Anar Məhərrəmovun özünün dediyinə görə Bakıya rəis getmək üçün 2014-сi ilin oktyabr ayında Gəncədə Şahmarın “Ərikli” kafesində Eldənizlə Əlinin yanında Rəfail Hümmətovdan 200.000 dollar tələb etməsini, Moskvada olan dost-tanışlarımdan 130.000 dollar pul toplayıb həyat yoldaşı Məhbubəyə göndərməsi, qardaşı Fəzailin həmin 130.000 dolları Anarın göstərişi ilə ona çatdırmaq üçün Rzayev Əli Müseyib oğluna verməsi”;
  9. “Anar Məhərrəmovun Moskvaya Rəfail Hümmətova zənglər edib yenə pul verməsini tələb etməsi, bunun üçün Bakı şəhəri, 20 Yanvar küçəsi, 3 №-li binada 2 otaqlı mənzilinin sənədlərini Hümmətov Rəfaildən tələb etməsi, nəticədə onun məcbur olub öz mənzilinin sənədlərini Bakı şəhər sakini İmamquluyev Arif adlı şəxsin vasitəsi ilə Anar Məhərrəmova çatdırması”;
  10. “Anar Məhərrəmovun tələbi ilə Hümmətov Rəfailin arvadı Məhbubənin adına olan “Prado” markalı maşının satılması, Məhərrəmov Anarın göstərişi ilə öz qaynı Bağırov Vüsalın maşınında Məhbubə ilə oğlu Hüseynin 01.09.2016-cı ildə Gəncə şəhərinə notariusa aparılaraq avtomaşını etibarnamə ilə alıcıya təhvil verib əvəzində 20.000 ABŞ dolların Bağırov Vüsalın alması və aparıb Məhərrəmov Anara verməsi”;
  11. “Məhərrəmov Anardan pulları qaytarmasını tələb edərkən, əvvəlcə son qəpiyinə qədər qaytarmağa hazıram deyib özünə məxsus olan: Düz Qırqlı kəndindəki mal fermasını; Gəncə şəhərində (Üçtəpə kəndində) 30 sot torpaqda olan yarımçıq qalmış evini; Bakı şəhəri “Yeni Yasamal” yaşayış massivi, D.Bünyadzadə küçəsi, ev 34-B ünvanında yan-yana olan 2 mənzilini; Bakı şəhəri, Cavadxan küçəsi 44, mənzil 32 ünvanda olan 2 otaqlı mənzilini təklif etməsi”;
  12. “Şikayət etdiyinə görə Rəfail Hümmətova Moskvaya zəng edən Anar Məhərrəmovla cavab vermədiyi üçün, Anarla danışmağı ondan xahiş etmiş Rzayev Əlinin (“külli miqdarda pul aldığını etiraf edən”) “Watsapp”la ona göndərdiyi, özünün “Rəfail, Anara cavab ver” sözləri olan səs yazısı”;
  13. “Ondan şikayət etdiyi üçün Məhərrəmov Anarın Moskvaya Rəfail Hümmətova “Watsapp”la 27.07.2017-ci il tarixdə göndərdiyi hədə-qorxu, təhqiramiz sözlər, söyüşlər olan özünün səs yazıları”;

Rəfail Hümmətovun şikayətində adları göstərilən: meyitin gətirilməsində Rəfail Hümmətova kömək edən Nazimin, Seyidov Əli Həsən oğlunun, Seyidov Nemət Əbülfəz oğlunun, Məhərrəmova Məhbubə İsbəndiyar qızının, Talıblı Hüseyn Rəfail oğlunun, Hümmətov Fəzail Talıb oğlunun, Bağırov Vüsal Əli oğlunun, Məhərrəmov Bahadur Qəşəm oğlunun, İmamverdiyev Arifin, ev alqı-satqısı ilə məşğul olan Əlinin, kafe müdiri Şahmarın, sürücü Babəkin, katibənin, poçt-bank işçilərinin izahatları alınmış olsaydı; meyitin gətirilməsinə dair sənədlər; notarius müqavilələri; poçt-bank, mehmanxana qəbzləri; təyyarə biletləri; avtomobillərə dair etibarnamələr; “Watsapp”la yollanmış səs yazıları, ən nəhayət Anar Məhərrəmovun Rəfail Hümmətova 5 il ərzində etdiyi yüzlərlə zənglərin mobil operatordan çıxarışları və digər sübutlar məqsədyönlü araşdırılsaydi, keçmiş MTN-nin Göygöl və Ağstafa şöbələrinin rəisi Məhərrəmov Anar Məhərrəm oğlu barəsində Rəfail Hümmətovun şikayət ərizələrində göstərdiyi xüsusatlar təsdiqlərini mütləq tapardılar.
CƏNAB  PREZİDENT,

Sizə təkrarən müraciət edərək, Hümmətov Rəfail Talıb oğlunun ona qarşı “öz tutduğu vəzifə səlahiyyətindən və qulluq mövqeyindən sui-istifadə etməklə onun külli miqdarda pulunu və əmlakını zorla ələ keçirmiş Məhərrəmov Anar Məhərrəm oğlu barəsində şikayəti”ni yenidən təqdim etməklə hüquq mühafizə orqanları tərəfindən obyektiv araşdırılaraq vurulmuş zərərin ödənilməsinə və günahkarlar barəsində tədbir görülməsinə göstəriş vermənizi bir daha xahiş edirik.
Hörmətlə, baş direktor İlqar Abbasov

365İNFO.AZ