“Azərişıq”ın və deputatın muzdlu ruporları jurnalistləri təhqir edirlər
Palitika.az saytı yeni ilin ilk günlərində “Azərişıq”ın rəhbəri Baba Rzayev barəsində tənqidi yazı dərc edib. Həmin yazını palitika.az saytına istinadən bir neçə tanınmış saytlar da dərc edib. Hətta saytlar yazını sosial şəbəkələrdə paylaşandan sonra , “Azərişıq” ASC-nin sədri Baba Rzayev orada istifadəçilər tərəfindən tənqid atəşinə tutulub.

Xatırladaq ki, həmin yazıda Azərbaycanın elektrik təsərrüfatının bayramqabağı iflic olmasından, bölgələrdə elektrik təchizatında fəlakət yaşanmasından bəhs edilir: “Palitika.Az-a ayrı-ayrı regionlardan gələn məlumatlarda bildirilir ki, işıqlar tez-tez söndürülür, fasilələrlə verilir. Gah “Barmek”, gah “Bakıelektrikşəbəkə”, indi də “Azərişıq” ASC olan ölkənin işıq təsərrüfatına cavabdeh qurum rayonları zülmətə qərq edib. Məsələn, İmişli rayon sakinləri İmişli Rayon Elektrik Şəbəkəsindən şikayətçidirlər.

Belə ki, qeyd olunan şəbəkə sakinlərə elektrik enerjisini fasilərlə verir. Gecələr küçə işıqlarını yandırmırlar. Evlərə verilən elektrik enerjisi bəzən kondisionerlərin işləyə bilməyəcəyi qədər zəif olur, bəzən də işıq lampalarını partladacaq qədər güclü. Oxşar problemlər Lənkəran, Bərdə, Astara, Beyləqan, Ağcabədi, Saatlı, Şəki və əksər rayonlarda baş verir.

Elə Bakıda da işıqların tez-tez sönməsi problemi tam həllini tapmayıb. Əsasən də Bakıətrafı qəsəbələr işıqsız qalır. Ancaq vətəndaşlara xəbərdarlıq olunur ki, dekabrın 19-na kimi borclar ödənilsin, əks halda kəsiləcək. İnsanlara bayramqabağı zülm edən ASC rəhbəri Baba Rzayevin məqsədinin nə olduğu anlaşılan deyil.

Sabunçu rayon Elektrik Paylayıcı Şəbəkəsi rəisi İlham Quliyev hər ay abonentlərə “gün verib, işıq vermir”. Toğrul Rəhimovun yerinə idarə rəisi gəldikdən sonra İlham Quliyev abonentləri sıxışdırmağa, işıqlarını kəsməyə, xəbərdarlıq etmədən gününü zülmətə çevirməyə başlayıb. Abonentlər deyirlər ki, 10-15 manat ödənilməmiş borc 1-2 gün keçən kimi qəfildən işığı kəsirlər. Fikirləşmirlər ki, soyuq havadır, körpəsi, xəstəsi, qocası olan var. Onların sözlərinə görə, İ.Quliyev Sabunçuda villaların, bahalı evlərin işığını kəsməyə cəsarət etmir. Onların isə külli-miqdarda borcları var və vaxtında ödəniş etmirlər.

Palitika.Az xəbər verir ki, hazırda regionlarda bayram ərəfəsində işıqsız qalan abonentlər var. B.Rzayevin yerlərdəki adamları insanlara “gün verib, işıq vermirlər”. Bu gərginliyi yaratmaqla aqressiya, sosial narazılıq yaradan B.Rzayev prezidentə qarşı siyasət aparmaqdadır. Ölkə başçısı dəfələrlə qeyd edib ki, aztəminatlı ailələrdən kommunal borcları güzəştə gedərək, möhlət verərək tələb edin. B.Rzayev isə öz yaşayışı ilə xalqın vəziyyətini bərabər tutur. Əlbəttə, villasında hündür yolkası, çilçıraqlı, bəzəkli dekorasiyası olan ASC məmurunun bayram süfrəsinin menyusu da hazırdır, hansı ölkədə qeyd edəcəyi yerin uçuş bileti də, övladlarının istirahət məkanları da… Yada salaq ki, uzaq ölkələrdən Azərbaycana qonaq gətirən təyyarələrin yolunu işıqlandıran projektorlardan tutmuş Bakı sakinlərinin evində közərən lampalara qədər, ölkə paytaxtında yandırılan elektrik enerjisinin hər kilovatından qazanan bir ailə var – Rzayevlər…

Bakıda Böyük Şor şosesində işıqlı, çilçıraqlı binası ilə göz oxşayan Santral Elektrik LTD şirkətinin səhmlərinin rəsmi sənədlərə görə 70 faizi Baba Rzayevə, 30 faizi onun həyat yoldaşı Nərminə Həsənovaya məxsusdur . İndi Santral Elektrikə rəhbərlik səlahiyyəti İlham Həsənova – Baba Rzayevin qaynına verilib. Həm də təkcə Santral Elektrik deyil, əldə etdiyimiz sənədlərə görə bu ailə Azərbaycanda elektrik məhsulları sahəsində əksər şirkətlərə himayədarlıq edir. Ailənin biznesi 2006-cı ildən sonra çiçəklənməyə başlayıb. Bu isə Baba Rzayev paytaxtın elektrik paylama şəbəkəsinə nəzarət edən dövlət qurumu olan “Bakıelektrikşəbəkə”nin sədri təyin olunan vaxta təsadüf edir”.

Bildirilir ki, haqqında edilən tənqidlərdən bərk narahat olan Baba Rzayev onlardan nəticə çıxartmaq əvəzinə rəhbərlik etdiyi qurumun ruporlarına sosial şəbəkədə yazının müəllifini sifariş edib. Ruporlar da feysbukda jurnalisti tənqid yox, birbaşa təhqir edərək sosial şəbəkədə Baba Rzayev barədə müsbət imic yaratmağa çalışıblar.

LEGİON.AZ saytı “Azərişıq”ın həmin ruporlarından bir neçəsinin kimliyini araşdıraraq müəyyən edib .

LEGİON.AZ olaraq oxucularımıza və həmkarlarımıza onlarla bağlı bəzi bilgiləri təqdim edirik. Məsələn ,Feysbukda Yasin Adilov adlı istifadəçisinin səhifəsinə baxanda onun “Azərişıq”da işləməsi və əslən İsmayıllı rayonundan olması haqda məlumata rast gəldik.

Palitika.az saytında “Azərişıq”ın rəhbəri Baba Rzayev haqqında yazılan yazının müəllifini "Facebook"-da ən çox təhqir edərək şərh yazan da Yasin Adilov adlı profilin istifadəçisi olub. Onun,feysbukda paylaşılan adıçəkilən yazıya yazdığı şərhlərinə baxanda əlbəttə ki, sifarişlə yazdığı aydın sezilir. Yasin Adilov yazı müəllifini səviyyəsiz, ”zurnalist“, xiyar adlandırır ,soruşur ki,”o görəsən yazdığını araşdırıb ,yoxsa ağlına gələni yazıb” və hətta məsləhət verməyindən də qalmır ki,bəs xəbəri dəqiqləşdirib yazmaq lazımdır.

Düzdür,yazı ilə bağlı mübahisə bir Yasin Adilovun şərhilə bitməyib. Ancaq onun təhqirlərindən fərqli olaraq “Azərişıq”ın digər ruporu - Rafiq Abdullayev adlı feysbuk istifadəçisi yazının müəllifini tənqid edərək yazını cızma-qaraya bənzətməklə,qərəzli adlandırmaqla kifayətlənib.

Azad Memmedov adlı istifadəçi , daha doğrusu çox güman ki, Baba Rzayevin digər ruporu isə müəllifin nə yazdığını bilmədiyini qeyd edir və təmənnalı tərifdə daha irəli gedərək ”kaş bütün nazirliklərin rəhbərləri Baba Rzayev kimi işləyəydi”yazır.

Baba Rzayevə vəkillik edən bir başqası isə küçə işıqlandırılmasının “Azərişıq”ın yox,şəhər icra nümayəndəliyinin tabeçiliyində olmasını bildirir.

Əziz oxucu, bizim bu yazını yazmaqda məqsədimiz sadəcə bəzi yüksək vəzifəli korrupsioner məmurların bəd əməllərini ifşa etməkdir. Belə ki, bu gün ölkədə korrupsiya yoluyla əlində milyonları cəmləşdirən bəzi məmurlar və deputatlar var ki, onların imkanı olsa idi,bu il keçiriləcək prezident seçkilərində hətta prezidentliyə namizədliklərini də belə verərdilər,ancaq qorxurlar ki, namizədliklərini versələr sifətlərindəki “maskalar” cırılar və onlar cəzalanar. Və cəmiyyət onların əslində kim olmalarını bilər. Ona görə də onlar sosial şəbəkələrdə öz şəxsi maraqları üçün bir dəstə muzdlu ruporçular saxlayıb yetişdirirlər ki, barələrində mətbuatda tənqidi yazılar gedəndə həmin ruporçular jurnalistlərin üstünə düşüb onları təhqir etsinlər. Bununla da jurnalistlər tərəfindən tənqid olunan hansısa məmur muzdlu ruporçularının köməkliyi ilə özü haqda sosial şəbəkədə müsbət fikir formalaşdırmağa çalışır.

Məsələn ,bir deputat var, bu günləri deyir ki, “mən Heydər Əliyevçiyəm”, ancaq qıraqdan o deputata hüquq mühafizə və təhlükəsizlik orqanlarının gözü ilə baxanda görürsən ki, onun keçmişi qaranlıq olub və gələcəkdə əlinə fürsət düşsə məmur qardaşları ilə birləşib hətta prezident olmağa iddia edər. Bu günləri əgər həmin deputat jurnalistlər tərəfindən tənqid olunursa və cəmiyyətin aktiv üzvləri tərəfindən onun tənqid olunmasına jurnalistlərə irad bildirilmirsə, deməli əksəriyyət ,deputatın ürəyindən keçəni onu tənqid edən jurnalistdən də yaxşı bilir...

Tamerlan Zeynallı

LEGİON.AZ