DTX ƏMƏKDAŞI TƏRƏFİNDƏN KÜLLİ MİQDARDA PULU MƏNİMSƏNİLƏN İŞ ADAMI SPİKERDƏN KÖMƏK İSTƏYİR
Milli Məclisin Sədri cənab Oqtay Əsədova
Millət  Vəkili  Qənirə xanım Paşayevaya

Tovuz rayonu, Düz Qırıqlı kənd sakini Rusiya Federasiyası vətəndaşı, Hümmətov Rəfail Talıb oğlundan

M  Ü  R  A  C  İ  Ə  T

Hörmətli, Milli Məclisin Sədri Oqtay müəllim,

Hörmətli Deputatımız, əziz Qənirə xanım,

Mən Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub, orada yaşamışam və hal-hazırda da oradakı evimdə həyat yoldaşım və üç övladım  yaşayır. Özüm isə, uzun illərdir ki, Moskva şəhərində yaşayıram və RF-nin vətəndaşlığını qəbul etmişəm,kommersiya fəaliyyəti ilə məşgul oluram. Buna baxmayaraq, mütəmadi olaraq kəndə gəlib ailəmin yanında oluram və kəndlə əlaqəmi üzmürəm. Evimizin yaxınlığında olan kənd parkına bitişik bir ərazi bərbad vəziyyətdə idi. Bilirsiniz ki, mən həmin ərazini öz şəxsi vəsaitim hesabına abadlaşdırmaq istədim və aidiyyəti məsul şəxslərin razılığını, o cümlədən Sizin də xeyir-duanızı aldıqdan sonra 2011-2013-cü illər ərzində parkın bir hissəsini və onun ətrafını abadlaşdırıb səliqəli və gözəl bir vəziyyətə gətirdim. Əlavə olaraq orada bir çay evi və mağaza inşa etdirdim.
Siz özünüz dəfələrlə həmin əraziyə gələrək işlərin gedişatı ilə maraqlanaraq, bir deputat kimi və qonşuluqda yaşayan şəxs kimi öz tövsiyyələrinizi və köməyinizi bizdən əsirgəməmisiniz.
Nəzərinizə çatdırım ki, mən bu işlərlə məşğul olan zaman, 2013-cü ildə kənd sakini – kənddə “Seyidəli” kimi tanınan Seyidov Əli Həsən oğlu mənimlə yaxınlıq etməyə başladı və bir gün parkda məni Göygöl rayon Milli Təhlükəsizlik şöbəsinin rəisi Məhərrəmov Anar Məhərrəm oğlu ilə tanış etdi. Anar həmkəndlimiz olsa da mən onu tanımırdım. Həmin vaxtdan mən kəndə gələrkən Seyidəli ilə bərabər Anar da parka gəlir və  onlar mənimlə ünsiyyətdə olurdular.
Bir dəfə Seyidov Əli məni Anar Məhərrəmovun iş yerinə qonaq apardı. Məhərrəmov Anarın iş otağında mənə “rəisə “şirinlik” verməlisən” deyib 500 ABŞ dollar pulumu aldı. Elə bütün işlər də həmin gündən başladı: Anar Məhərrəmov tez-tez kəndə gəlir, Seyidəli onun yanından əskik olmur, qulluğunda durur, o yan-bu yanına keçirdi. Bir dəfə Anar Məhrrəmov parkda inşa etdirdiyim yeni çay evini məndən  məcburən alıb işlətmək üçün Seyidəliyə verdi. Anarın sözünə əməl etməsəm, mənim üçün pis nəticələnəcəyini başa düşdüyümə görə də mən etiraz etmədim.
Mən Moskvada olarkən, 23.11.2015-ci il tarixdə Anarla Seyidəli parkda quyu qazdırarkən 2 nəfər fəhlə: Tovuz rayonuun Aşağı Quşçu kənd sakinləri- Musayev Zaman Əli oğlu və Mürşüdov Azad Qərib oğlu ölmüşlər. Anar Məhərrəmov mənə telefonla dedi ki, ölülərin sahibləri pul istəyir, birinə 1000 manat, o birinə isə 1500 dollar verməlisən. Mən etiraz etdim ki, mən niyə pul verməliyəm?! Anar Məhərrəmov obyekt mənim olduğu üçün axtarışa verildiyimi dedi və əlavə etdi ki, rayon prokuroru ilə danışıb, işi bağlamaq üçün mən 6000 manat da yollamalıyam ki, o, özü aparıb prokurora verəcək. O, bunu deyib, məndən həmin pulları, yəni 6.000 manatı öz qaynı Bağırov Vüsalın adına yollamağı tələb etdi. Pulu mən bank vasitəsi ilə Bağırov Vüsalın adına və Seyidəlinin adına yolladım. Lakin sonradan başa düşdüm ki, Anar  Məhərrəmov məni aldadıb pullarımı mənimsəyib. Məhərrəmov Anar özü qabağa düşüb Seyidəlinin adına obyektə saxta icarə müqaviləsi bağlatdırıb və həmin saxta sənədi prokurora veribdir.
Həmin vaxtdan 3 il Seyidəli çay evini işlətdi, Anar isə tez-tez kəndə gəlir, ona himayədarlıq edirdi. Mən Anara Seyidəlidən çayxananı almaq istədiyimi bildirəndə, Anar, mənə etirazı edib dedi ki, “Kim Seyidəliyə dəyirsə, deməli mənim qabağıma keçir”.
Mən başa düşdüm ki, artıq o, Seyidəli ilə öz aralarında danışıb çayxananı mənim əlimdən çıxarmaq istəyirlər. Bu sözləri ilə Anar məni hədələyir və qorxuzur ki, mən əlimi tamam çayxanadan çəkim. Həmin vaxtlar naziri Mahmudov Eldar olan “MTN”-çilər respublikada tüğyan edirdilər və onların “kəsdiyi başa” sorğu yox idi. Çünki, bu o vaxt idi ki, camaatdan eşidirdik ki, bizim kənd sakinlərinin də bir neçəsini Bakıya aparıb incidərək pullarını alıb buraxmışdılar. Həmin adamlar ölkədən kənarda yaşayıb kommersiya fəaliyyəti ilə məşgul olub pul qazananlar idi və onların pul sarıdan imkanlı olduğu kənddə hamıya bəlli idi. Kiminsə kənddən aparıldığı bilinəndə Seyidəli mənə deyirdi ki, bunları apartdıran Anardır, onun arxası möhkəmdir, kimə nə istəsə eliyər, sözünün qabağında heç kim dayana bilməz. Bir dəfə Seyidəli Anarın göstərişini mənə çatdırdı ki, Moskvadan ona araq, kolbasa, çay, kofe gətirim.
Mən də növbəti dəfə Moskvadan gələndə məcbur olub Anarın göstərişini yerinə yetirdim. Mənimlə daimi telefonla əlaqə saxlayan Anar gələcəyim vaxtı bilirdi və Gəncə hava limanında məni Seyidəli ilə öz sürücüsü Babəkə qarşılatdırıb Göygöl rayonuna aparıb Moskvadan gətirdiklərimi qəbul etdikdən sonra, yeyib-içmək məclisi təşkil etdirib hesabı mənə ödətdirdi. Bütün günü məni yanında saxlatdıran Anar sonradan mənə saysız hesabsız sifarişlər verirdi. Mən bunları etməyə bilməzdim. Çünki, qorxurdum. Ona görə qorxurdum ki, özüm Moskvada olsam da, ailəm iki böyümüş oğlum kənddə idi və oğlumla həyat yoldaşım kənddə mağaza işlədirdilər. Oğlum maşın idarə edirdi. Öz həmkəndlilərini Bakıya–MTN-ə daşıtdırıb, döydürüb müflisləşdirən Anar, mənim də oğluma qarşı nə istəsə edərdi. Bir yandan da Seyidəli məndən əl çəkmirdi, “Anar səni çağırıb” deyə, gətirirdi Anarın yanına, yenə yeməkxanalar, yeyib-içmək və sairə, pulu isə məcbur olub mən verirdim. Yenə bildirirəm ki, bu o dövr idi ki, bəzi Anar Məhərrəmov kimi “MTN”-çilər hamıya meydan oxuyurdular və ağına-bozuna baxmadan kimi istəsələr aparıb “dərs”ini verib yola salırdılar.
Məhərrəmov Anardan qurtulmaq üçün mən daimi Moskvada qala bilməzdim, bəzi çətinliklərə görə ailəmi də ora apara bilmirdim, onların kənddə işi gücü var idi, uşaqlar məktəbli idilər. Bu səbəbə mən Anarın bütün kapriz göstərişlərini yerinə yetirməyə məcbur olurdum, yəni Anar Məhərrəmovun özünün şəstlə mənə dediyi kimi onun “qabağında ismirna dururdum”. O, bu sözləri məni telefonda hədələyəndə demişdi və dediyi bu sözlərin “Watsapp” səsyazmalarını mən saxlayıram.
2013-cü ilin  payızında mən yenə kəndə gəlmişdim. Seyidəli mənə bildirdi ki, rəis Anar özünə “Niva” markalı təzə maşın alıbdır, pulunu isə dost-tanışlar verir. Anarın özü isə mənə telefonda göstəriş verdi ki, ona 2.000 dollar verməliyəm və Seyidəlinin vasitəsi ilə yollamağımı dedi. Övladlarımın, özümün taleyindən qorxduğum üçün 2.000 ABŞ dollarını Anarın göstərişi ilə ona çatdırmaq üçün mən Seyidəliyə verdim. Sonradan həmin maşına qış mövsümü üçün tikanlı təkər almağı Anar məndən telefonla tələb etdi və mən məcburiyyət qarşısında qalıb Moskvadan 600 ABŞ dollar məbləğində pula 4 ədəd təkər alıb avtobusla Anara yola saldım.
2014-cü ilin aprel ayının əvvəllərində, mən Moskvada olanda Anar mənə zəng eləyib Moskvaya gəlmək istədiyini deyib onlar üçün Gəncə-Moskva təyyarə reysinə 3 ədəd bilet almağa göstəriş verdi. Mən onun dediyini elədim və Anar, Anarın oğlu və Anarın adamı olan “Şəmkirli Əli” kimi tanınan Rzayev Əli Müseyib oğlu Moskvaya gəldilər. Hava limanında mən onları qarşıladım və Anar mənə dedi ki, biz sənin qonağınıq, bizə qulluq eləməlisən. Mən onları “VALS” mehmanxanasına gətirib, otaq götürdüm və 1 həftənin pulunu əvvəlcədən ödədim. Elə ilk gündən, Anar Məhərrəmov yenə mənə göstəriş verdi ki, onları gəzdirim, kafe-restorana, başqa əyləncə yerlərinə aparım. Mən də məcbur olub işimi-gücümü atıb, bütün günü onların qulluğunda dururdum, gəzdirib, kafe-bar-restoran və digər əyləncə yerlərinə aparırdım. Bütün xərcləri  isə Anar Məhərrəmov mənə ödətdirirdi.
3 gün keçdikdən sonra, Məhərrəmov Anara xəbər gəldi ki, onun Ufada yaşayan böyük qardaşı Natiq ölüb. Anar öz qardaşının meyitini Ufa şəhərindən kəndə aparmaq üçün məndən 1.000 000 (bir milyon) rubl, yəni təxminən 30.000 (otuz min) ABŞ dolları məbləğində pul tələb etdi. Mən pul verməkdən boyun qaçırmaq istəyəndə o, mənə dedi ki, ya meyiti aparmalısan, ya da mənə pul verməlisən. Mən məcbur olub meyiti aparmağa razılaşdım. Anar qardaşı Natiqin meyitini kəndə aparmaq üçün öz adamı olan Rzayev Əlini də mənə qoşub özünü isə təyyarə ilə Moskvadan Gəncəyə yola salmağı dedi. Anarı mehmanxanaya apardım, o, mənim mehmanxanaya əvvəlcədən ödədiyim pulun qalanını alıb təyyarə ilə Gəncəyə getdi. Mən maşınımı idarə etməyə kömək üçün Moskvada yaşayan  dostum Nazimdən mənimlə getməyi xahiş etdim.  Mən, dostum Nazim və Anarın dostu “Şəmkirli Əli” ilə mənim “Toyota” maşınımla Moskvadan Başqırdıstanın paytaxtı Ufa şəhərinə yola getdik.
Ufa şəhərində kirayə etdiyim “Qazel” markalı maşınla meyiti götürüb ,mən Nazim və Əli  mənim maşınımla Tovuz rayonunun Düz Qırıxlı kəndinə gəldik. Rəis Məhərrəmov Anarın qardaşı Natiqin meyitinin Ufa şəhərində morqda saxlanmasına, yuyulmasına, kəfənlənməsinə, tabut sifarişinə, “Qazel” maşını ilə kəndə gətirməsinə və ümumilikdə 8.000 km-dən çox yol qət etməklə, çəkilən bütün xərcləri, yəni 9.000 (doqquz min) ABŞ dolları məbləgində pulu mən özümdən ödədim. Məhərəmov Anar mənim 15 gün vaxtımı məcburi qaydada öz şəxsi işlərinə aldı.
Kənddə gözlədim ki, Anarın özü, kiçik qardaşı Xalid, anası, əmisi-dayısı mənə yaxınlaşıb çəkdiyim xərci verərlər. Onlar mənə heç “sağ ol” da demədilər. Elə bil ki, bu mənim Anar Məhərrəmovun rəis vəzifəsinə borcum idi və elə beləcə də olmalı idi. Yas mərasiminin 7-sindən sonra, mən yenidən Moskva şəhərinə qayıtdım.
Məhərrəmov Anar utanmadan yenə telefonla sifarişlərini mənə çatdırır, mən də məcbur olub ona araqlar, kolbasalar, kofe-çay, konfet və digər ərzaqlar yollayır, ya da özümlə gətirirdim. Anar məni Gəncə hava limanında qarşılatdırıb öz yanına gətizdirir, sifarişlərini özünün və katibəsinin ağ rəngli 20-299 nömrəli maşınına qoyandan sonra, məclislər qururdu və pulunu da mənə ödətdirirdi. Məhərrəmov Anarın məclisinin əsas iştirakçıları “Seyidəli”-Seyidov Əli Həsən oğlu ilə “Şəmkirli Əli”-Rzayev Əli Müseyib oğlu olurdular və çox vaxtda katibəsi də olurdu.Dəfələrlə Şəmkirdə, Gəncədə, Tovuzda və Göygöl rayon ərazisində yerləşən restoranlarda olmuşuq.
2015-ci ildə rəis Məhərrəmov Anarın telefonla mənə dirənib tələb etdiyinə görə, Moskva şəhərindən onun özünə 70.000 rubl, oğluna isə 38.000 rubl, yəni təxminən 2.000 ABŞ dolları məbləğində pula mobil telefonlar alıb gətirdim.  Ondan sonra isə Məhərrəmov Anar Üçtəpə kəndində tikdirdiyi ev üçün mişar daşı almaq adı ilə məndən tələb edib 2.200 ABŞ dolları məbləğində pulumu almışdır.
Oğlum Talıblı Hüseyin 2015-ci ildə əsgəri xidmətdə olarkən, Məhərrəmov Anar məclislərinin birində, “Əsgərlikdə olan oğlunun rahat xidmət etməyini istəyirsənsə mənə pul verməlisən ki, mən əmisi tapşırsın ki, onu incitməsinlər”. O, bunu mənə deyib 10.000 ABŞ dolları verməyimi tələb etdi. Mən də məcbur olub özümdə olan 7.000 manat pulu Məhərrəmov Anara verdim.
Oğlum Talıblı Hüseyin əsgərlikdən sonra mağazada işləyirdi və “Niva” markalı maşını idarə edirdi. Məhərəmov Anar  həmin “Niva” maşınını zorla alıb apardı və etibarnamə verməyə göstəriş verdi. Öz qaynı Bağırov Vüsalın vasitəsi ilə Hüseyini notariusa apartdırıb, baş etibarnamə verməyə məcbur etdirdi.
2015-сi ilin  oktyabr ayında Gəncədə “Ərikli” kafesində Daşkəsən MTN şöbəsinin rəisi Eldənizin iştirakı ilə Anar Məhərrəmov mənə dedi ki: “Mənə pul lazımdır, məni Bakıya “Neftçilər” metrosu olan tərəfdəki rayona MTN-nin rəis vəzıfəsinə dəyişirlər və bu işə görə yuxarıdan beş yüz min dollar istəyirlər. O rayon ən çox şadlıq sarayları olan rayondur, verdiyim pulu tez çıxardacam. Pulun 200.000 dollarını  mütləq sən tapıb verməlisən.”
Ona dedim ki, bu qədər pulum yoxdur və konkret söz vermədən çıxıb getdim.
5 gündən sonra Moskva şəhərinə qayıtdım. Anar Məhərrəmov telefonla məndən pul tələb edib, heç olmasa 150 min dollar tap deyirdi. Mən özümün və ailə üzvülərimin taleyi üçün qorxurdum. Moskvada olan dost-tanışlarımdan 130 min ABŞ dolları pul toplayıb həyat yoldaşıma göndərdim. Anara isə telefonla bildirdim ki, pulu evə göndərmişəm, sənə necə çatdırım. Anar dedi ki, “dostum şəmkirli Əliyə çatdırsınlar o, mənə gətirəcək”. Mən qardaşım Fəzaildən xahiş etdim və o, Şəmkir rayonuna gedib 130.000 dolları Anar Məhərrəmova çatdırmaq üçün  “Şəmkirli Əliyə”, yəni Rzayev Əli Müseyib oğluna vermişdir. Pulu aldıqdan sonra, Məhərəmov Anar Əlinin mobil telefonu ilə mənə dedi ki, “qardaş çox sağ ol, pul mənə çatdı”.
Bir neçə gündən sonra Anar Məhərrəmov yenidən mənə Moskvaya zənglər edib pul verməyimi tələb etdi, mən onun zənglərindən bezmişdim, ona görə də dedim ki, 1 maşınım və 1 mənzilim qalıb, ondan başqa heç nəyim yoxdur. O, dərhal mənə dedi ki, təcili mənzilin sənədlərini çatdır mənə, satım pulunu qoyum o biri pulların üstünə vəzifəyə gedim. Mənim Bakıda olan 2 otaqlı mənzilimin sənədləri Arif adlı qohumumda idi. Məcbur olub Arifə zəng etdim ki, sənədi versin Anar Məhərrəmova. Sənəd əlinə keçən kimi Anar Məhərrəmov mənə zəng etdi ki, adıma etibarnamə göndər mənzili satım. Ona söz versəm də əməl etmədim. Anar Məhərrəmov da iki gündən bir Moskvaya zəng edib etibarnaməni tələb edirdi. Lakin mən müxtəlif bəhanələrlə onun dediyinə əməl etmədim. Həmin mənzilin sənədini bu il mənim oğlum Hüseyin gedib kənddə Anar Məhərrəmovdan alıb gətirdi.
Pulu verdiyim müddətdən 7-8 ay keçəndən sonra Məhərrəmov Anarı Ağstafa rayonuna rəis dəyişdilər. Mən ondan pullarımı tələb etdikdə o, dedi ki, “sənin pulunu qaytaracam, Cəncədə və Bakida evlərim var. Uzağı onları satıb sənin pulunu verəcəm”.
2016-cı ilin avqust ayında Moskvadan kəndə gəlmişdim və Anar mənə kənddə olan onun mal fermasına şəriklik etməyi təklif etdi. Ona dedim ki, səndə 130 min dollar pulum var, ayrı pulum yoxdur. Anar mənə dedi ki, maşınını sat, pulunu ver. Sentyabr ayının 1-də “Prado” markalı maşınımı Seyidəlinin tanışına satdım. Həmin adamdan 600 ABŞ dolları beh alıb Anarın telefonda göstərişi ilə onun qaynı Bağırov Vüsala verdim ki, pulu aparıb Anara versin. Avtomaşın həyat yoldaşımın adına olduğu üçün , oğlum Hüseyin, Məhərrəmov Anarın göstərişi ilə onun qaynı Bağırov Vüsalla onun maşınında Gəncə şəhərində avtomaşını etibarnamə ilə həmin alıcıya verib və qalan 20 min ABŞ dollarını da alıb elə oradaca Bağırov Vüsala vermişlər ki, pulu aparıb Məhərrəmov Anara versin.
2017-ci ilin mart ayının 18-də yenə kəndə gəldim və fermaya gedib gördüm ki, orada əlavə heç bir baş da olsun heyvan alınmayıb. Mən bu barədə Məhərrəmov Anardan soruşanda dedi ki, pulu daşa verib toyuq damı tikib. Mən Anara danışığımızda damın olmadığını və ona vermiş olduğum 20.600 dollara heyvan almaq barədə danışdığımızı xatırlatdım. Və Anara dedim ki, “sən məni əvvəldən aldatmısan mənim pullarımın hamısını qaytar”.
Məhərrəmov Anar əvvəlcə mənimlə razılaşıb “pullarını son qəpiyinə qədər qaytarmağa haziram” dedi. Lakin o, həmin vaxtdan məndən qaçmağa başladı, yəni mən ona zəng edəndə gah Bakıda, gah da başqa bir uzaq yerdə olduğunu deyib, min bir bəhanə ilə mənimlə görüşməkdən boyun qaçırırdı.
Aprel ayında Məhərrəmov Anar mənə əvvəlcə Gəncə şəhərində yarımçıq qalmış və sənədi olmayan bir həyət evini dəyərindən çox baha, yəni 180 min manata təklif etdi. Lakin maklerlər həmin evin qiymətinin 100.000 manat da olmadığını dedilər. Anara həmin evin məni qane etmədiyini dedim.
Daha sonra Məhərrəmov Anar mənə telefonla Bakı şəhərində Yasamal rayonunda “Yeni Yasamal” yaşayış massivi, D.Bünyadzadə küçəsi, ev 34-B ünvanında 2 qoşa mənzilinin ünvanını verdi. Ünvanda olub Məhərrəmov Anara zəng edəndə o, ora öz adamını yolladı. Həmin adam Anara məxsus olan: biri təmirli, digəri isə təmirsiz 2 mənzili göstərtdi. Təmirsiz  mənzili 150 min manat qiymətə hesablayacağını dedi. Mənim apardığım Əli adlı makler mənzilin çox baha qiymətə təklif edildiyini mənə dedikdə, mən Anara zəng edib ona bu barədə dedim. Makler telefonu məndən alıb Anara dedi ki, “Camaatın puluna ev alıbsan, təzədən özünə 2 qat qiymətə sırımaq istəyirsən?”.
Anar ona nə dedisə, makler telefonda ona “Anqırma” dedi. Mən telefonu makler Əlinin əlindən aldım. Anar mənimlə mübahisə edərək mənə hədə-qorxu gəlib dedi ki, “hara qaçıb getsən səni tutacam, sən hələ məni yaxşı tanımırsan, bilmirsən mən kiməm”.
Mən ona dedim ki, “Qaçan sənsən qovan mənəm, çəkilib Daşkəsəndə gizlənmisən, ta kəndə də gəlmirsən, gələndə də gecəynən gəlib Seyidəliynən dərdləşib qaçıb gedirsən, mənim pullarımı qaytar”. Anar  nə isə fikirləşib dedi ki, “gəl səni gözləyirəm, söhbətimizi edək”. Oradan bir başa Tovuza yola düşdüm .
Gəncəyə çatmağa az qalmış Məhərrəmov Anara zəng edib onun harada olmasını soruşdum. Mənə dedi ki, “İndi yorğunam sabah axşamüstü Gəncəyə, Şahmarın kafesinə gələrsən”. Səhəri gün Şahmarın kafesində Məhərrəmov Anardan pulumu qaytarmasını tələb etdim. Aramızda mübahisə oldu və bütün gecə səhərə kimi Anar məni müxtəlif bəhanələrlə söhbətdən yayındırmağa çalışırdı. Bizim mübahisəmiz səhər saat 7-yə kimi çəkdi. Nəticədə Anar mənə dedi ki, “Sən mənə pul verməmisən, get nə bilirsən elə, pulu kimə vermisənsə ondan da al”.
Həmin vaxtdan Məhərrəmov Anar məndən gizlənir, telefonuma cavab vermir. Seyidəli isə fermadan kəndə gəlmir. Kənddə adamlardan eşidirdik ki, Anar gecə ilə fermaya gəlir və səhər tezdən çıxıb gedir.
Mən şikayət etməyə qərar verərək Baş Prokurorluğa 6 şikayət ərizələrimlə müraciət etdim və mənə cavab gəldi ki, şikayət ərizələrim Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilərək, “baxılması və nəticəsi barədə müəllifinə məlumat verilməsi” bildirilmişdir.
Məni Bakı şəhərinə, DTX-nə çağırdılar və Məhərrəmov Anarın mənim başıma açdığı oyunları və aldığı pullar barəsində danışdım. Oranın işçisi mənim 7 vərəq izahatımı alıb mənə haqlı olduğumu dedi, sonra əlavə etdi ki, “narahat olma sənin pullarını mütləq qaytartıracağıq”. Həmin işçi mənə öz mobil telefon nömrəsini (050 709-41-14) verib lazım olduqda onunla əlaqə saxlamağımı tapşırdı. Sonra isə,  işlə əlaqədar izahat vermək üçün həyat yoldaşımla oğlumu da DTX-nin Tovuz rayon şöbəsinə aparmağımı dedi. DTX-nin Tovuz rayon şöbəsində Azad adlı müavin həyat yoldaşım Məhərrəmova Məhbubə ilə oğlum Talıblı Hüseynin izahatlarını aldı. Bir neçə dəfə telefonla adını unutduğum, mənim izahatımı alan işçi ilə əlaqə saxlayaraq işin gedişatı ilə maraqlandıqda, o, “araşdırma aparılır, işlər sənin üçün yaxşı olacaq, narahat olma” dedi.
Mənim şikayətimə baxılan müddətdə Anar Məhərrəmov mənim telefonuma “Watsapp”la özünün səs yazısını göndərərək, hədə-qorxu, təhqir edici sözlər deyib hədələyir, söyüşlər də söydü. Həmin səs yazılarını təqdim edəcəm.
Yenə DTX-nin əməkdaşı ilə telefon əlaqəsi saxlayaraq, Anar Məhərrəmovun telefonda “Watsapp”la mənə hədə-qorxu gəldiyi barədə səs yazısı olmasını və işə əlavə etmək istədiyimi bildirdik də, əməkdaş mənə dedi ki, “İşə baxılıb qurtarıb, hər şeyi Əli öz boynuna alıb, mülki işdir, Anarlıq orda heç bir şey yoxdur” telefonu bağladı və bir daha mənim zənglərimə cavab vermədi.
Bir neçə gün sonra isə, DTX-nin İdarə rəisi Faiq Şamilovun adından mənə 05.08.2017-ci il tarixli məktub gəldi ki, “DTX-nin hərbi qulluqçusu Anar Məhərrəmovun Sizə qarşı qanunazidd hərəkətlərə yol verməsi ilə bağlı göstərdiyiniz xüsusatlar toplanmış materiallar üzrə təsdiqini tapmamışdır. Diqqətinizə çatdırırıq ki, vət. Əli Rzayev tərəfindən  aldadılmağınızla bağlı mülki xarakterli probleminizlə əlaqədar, Sizin aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək hüququnuz vardır.” Məktub məndə təəccüb və təəssüf hissi doğurdu və mən başa düşdüm ki, bu idarələrə müraciət etməyin xeyri yoxdur. Orda Anar Məhərrəmovun adamı var ki, onu belə açıq-aşkar müdafiə edirlər.
Çünki, Anar Məhərrəmovla bağlı mən Baş prokuror Zakir Qaralova ünvanladığım 6 şikayət ərizəsi başqa istiqamətə yönləndirilmişdir. Mənim şikayətimdən bərk narahat olan Anar Məhərrəmov öz həmkəndlisi Məmmədəliyev Şəfayət Cahangir oğlunu mənim üstümə yollamışdır. Masazır qəsəbəsində yaşayan Şəfayət Məmmədəliyev mənimlə münasibət quraraq, Anarın məndən zorla aldığı pulları qaytarmaq üçün öz “xidmət”ini təklif edərək, öz əsgərlik yoldaşı və kirvəsi olan Şükürov Altay Allahşükür oğlu ilə tanış edib, Anar Məhərrəmovla mübarizədə Altayın köməyindən istifadə edəcəyini bildirdi. Şəfayət Məmmədəliyev, Altay Şükürovun Xırdalanda yerləşən Baş Yol Polisində rəis olduğunu bildirərək, guya Altay Şükürovun “nazirə və lap yuxarılara” da çıxışının olduğunu söylədi və əlavə etdi ki, Altay Şükürov yuxarıya mərüzə edəcək və mənim Anar Məhərrəmovla olan problemini həll etməyə, yəni pullarımın qaytarılmasına nail olacaq.
Beləliklə, Şəfayət Məmmədəliyev məni Bakıya gətizdirdi və Xırdalanda Baş Dövlət Yol Polisi İdarəsinin qarşısında Altay Şükürovla görüşdürüb tanış etdi. Sonradan isə Xırdalanda Baş Yol Polisi İdarəsinin yanındakı kafedə Əzizli Ziya və Ziyanın atası Həzi ilə tanış etdi. Əzili Ziyanın Altay Şükürovun bacısı oğlu olduğunu və vəkil işlədiyini dedi. Ziya Əzizli və atası Həzi problemi həll etməyi mənə söz verdilər. Orada yerləşən 48 №-li notariusda Əzizli Ziyanın adına etibarnamə verdim. O, iş üçün məndən  ümumilikdə 3600 manat  pul aldı və mənə dedi ki, guya Altay Şükürov bu məsələni yuxarılara deyib və tapşırılıb ki, ancaq məhkəməyə ərizə vermək lazımdır. Mən deyəndə ki, “mənim işim məhkəməlik deyil”, onlar məni inandırdılar ki, çıxış yolu ancaq məhkəmdir. Ziya Əzizli hazırladığı ərizəni aparıb Şəmkir rayon məhkəməsinə verdim. Sonra Ziya Əzizli mənə dedi ki, “məhkəməyə tapşırılıb, hər şey sənin xeyrinə olacaq, amma bunun üçün Anardan tələb etdiyin pulun 5%-ini, yəni 7.500 dolları Şəmkir məhkəməsinə vermək lazımdır. Bunu da sən mənə verməlisən ki, mən məhkəməyə verim, sənin xeyrinə qərar çıxartsın. Amma mənə 7.500 dollar verməyini heç kim bilməsin, nə Şəfayət, nə də mənim atam Həzi”. Sonrakı gün Şəfayət Məmmədəliyev də məndən özünün vacib bir işi üçün min dollar pul istədi. Mən başa düşdüm ki, onların bu işi fırıldaqdan başqa bir şey deyil.
Hörmətli Milli Məclisin Sədri Oqtay müəllim,

Hörmətli Deputatımız, əziz  Qənirə xanım,

Mənim Sizə müraciət etməkdə məqsədim budur ki, Məhərrəmov Anar Məhərrəm oğlu tutduğu vəzifəsindən və qulluq mövqeyindən öz şəxsi məqsədlərini həyata keçirərək,  mənə qarşı uzun müddət ərzində psixoloji zorakılıq etməklə, məni onun sifarişlərini yerinə yetirməyə məcbur etdirmiş, həmçinin məni aldadaraq mənim külli miqdarda pul vəsaitimi, yəni 166.700 (yüz altmış altı min yeddi yüz) məbləğində ABŞ dolları və 7.000 manat məbləğində pulumu əlimdən almışdır. Həmin pullarımın mənə qaytarılmasında, pozulmuş hüquqlarımın bərpa edilməsində və günahkarların məsuliyyətə cəlb olunmasında mənə köməklik etməyinizi Sizdən xahiş edirəm.
Hörmətlə, Hümmətov Rəfail Talib oğlu

25  dekabr, 2017-ci il

365İNFO.AZ