Mayorun kupçalı evinə basqın edib sökdülər, özünə isə ağır xəsarətlər yetirildi – Sumqayıtda şok hadisə
Sumqayıtda bu gün sensasion hadisə baş verib.

Bu barədə Mia.az-a Sumqayıtın Bağlar massivi deyilən ərazidə yaşayan sakinlərdən biri məlumat verib.

Onun sözlərinə görə, təxminən bir saat əvvəl şəhər İcra Hakimiyyətinin memarlıq şöbəsinin işçiləri olduğunu deyən 20-dək idmançı görkəmli şəxslər ərazidə ev tikib tamamlayan bir hərbçinin evinə basqın ediblər:
“Hadisə zamanı həmin hərbi formada olan mayor rütbəli, orta yaşlı hərbçinin evini sökmək istəsələr də, o, “kupça” göstərərək, qanunsuz heç nə görmədiyini deyərək, söküntünün dayandırılmasını tələb elədi.

Bu zaman onlar arasında mübahisə yarandı və İcra Hakimiyyətinin işçiləri hərəsi bir yandan tökülüşüb, evi sökməyə başladılar. Mayor isə israrla qanunsuz iş görmədiyini deyərək, söküntünün qabağına keçmək istəyirdi. Lakin hücum edənlər nə evin qanuni sənədlərinə, nə də həmin evin sahibinin hərbiçi olmasına məhəl qoymadan qanunsuz əməllərini davam etdirdi. Belə bir anda qəfildən onlardan 5-6 nəfəri söküntüyə mane olmaq istəyən hərbiçinin üstünə tökülüşüb, onu sanki erməni vururmuş kimi döyməyə başadılar.

Müşahidələrimə görə, Azərbaycan hərbiçisi icra məmurlarının zərbələrindən ağır bədən xəsarətləri aldı, onun sifət nahiyəsini qan içində idi, ağır zərbə izləri açıq görünürdü. Bəlkə də sizə inandırıcı olmayacaq, ancaq həqiqətən onu amansızcasına vurdular. Sanki Vətən torpağını qoruyan hərbiçi düşmən idi, söküb-dağıdılan da onun evi yox, düşmən postu idi. Dəhşətli bir mənzərə idi”.

Hadisə şahidinin sözlərinə görə, hazırda hərbiçinin kupçalı evini tamamilə sökürlər: “Görünür, o, ya tələb olunan rüşvəti verməyib, ya da Sumqayıtda qayda-qanun, sənəd sayan yoxdur.  Əks halda günorta çağı Azərbaycan ordusunun mayorunun evini nə sökər, nə də özünə o cür ağır bədən xəsarətləri yetirilərdi…”.

Məsələ ilə bağlı döyülən hərbçi ilə yanaşı, İH-nin memarıyla danışmaq cəhdlərimiz alınmadı.

Mövzuya qayıdacağıq.

LEGİON.AZ