Namiq Əsgərov Kikboksinq federasiyasından küsərək istefa verib?
Kikboksinq federasiyasının prezidenti Adil Əliyevlə bağlı ölkə mətbuatında gedən yazılar səngimək bilmir.
Keçən yazılarımızın birində onun şəxsi “prorabı” Rüstəm Rüstəmovun dövlət tərəfindən ev alması barədə yazmışdıq.
Ancaq oxucularmıza söz vermişdik ki, Adil Əliyevin rəhbərlik etdiyi federasiyadan küsüb gedənlər barədə məlumat verəcəyik. İlk olaraq Federasiyadan küsüb gedənlərdən biri- Namiq Əsgərov barədə məlumat vermək istəyirik.
365info saytına daxil olan məlumata görə federasiyanın vitse- prezidenti Namiq Əsgərov neçə illərdi Adil Əliyevlə dostluq münasibətində olduğu üçün federasiyanın vitse -prezidenti vəzifəsinə təyin olunmuşdur.
Ancaq keçən il o nədənsə birdən-birə Kikboksinq federasiyasının vitse -prezidenti vəzifəsindən istefa verdi və Azər Həsənsoyun rəhbərlik etdiyi Uşu və Muey-Tay federasiyasına transfer olunaraq həmin federasiyanın vitse-prezidenti seçildi.
Qeyd edək ki, ilkin olaraq bu təşkilatın adı AKMF – Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyası (AKMF) olub. Federasiya 1993-cü ildə Azərbaycan Respublikasının “Əməkdar bədən tərbiyəsi və idman xadimi”, Uşu Federasiyasının prezidenti Azər Həsənsoy (1993-2000-ci illərdə AKMF-nin prezidenti) tərəfindən yaranmışdır. 2000-ci ildə Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyasının prezidenti Adil Əliyev seçilmişdir. 2000-ci ildə AKMF-nin 1-ci vitse-prezidenti Oqtay Mehdiyev təyin olunmuşdur (2008-ci ildə istefa verib). 2001 -ci ildə Namiq Əsgərov və Ramiz Quliyev AKMF-nın vitse-prezident vəzifələrinə təyin olunublar. 12 dekabr 2008-ci ildə isə federasiyanın idarə heyətinin qərarı ilə Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyası iki müstəqil təşkilatlara bölünub. Həə, bax maraqlısı da elə burdan başlayır.
Sual olunur görəsən niyə Kikboksinq federasiyasından küsüb gedənlər Uşu Muey-Tay federasiyasına üz tuturlar?!
Namiq Əsgərovla bağlı balaca araşdırma apararkən onun tanınmış iş adamı olduğunu müəyyən etdik. Bakının bir neçə rayonunda göydələnlər tikən Namiq Əsgərov dostu və onun kimi Kikboksinq federasiyasından küsüb Uşu və Muey-Tay federasiyasına üz tutan Ramiz Quliyevin vasitəsi ilə Hacıbala Abutalıbova yol tapır.
Apardığımız araşdırmalar nəticəsində bəlli oldu ki, Ramiz Quliyev Bakı Şəhər İcra Hakimiyyətində rəsmən vəzifə sahibidir və Hacıbala Abutalıbovun sağ əllərindən biri sayılır. Ramiz Quliyevin köməkliyi ilə Hacıbala Abutalıbov Namiq Əsgərova paytaxtın bir neçə yerində hündürmərtəbəli binalar ucaltmağa icazə verib və bu haqda müvafiq sərəncam imzalayıb.
Düzdür sonradan bir neçə binanın tikintisi elə Hacıbala Abutalıbovun əmri ilə dayandırılıb və hətta buna görə Namiq Əsgərovla Ramiz Quliyevin arasında soyuq münasibət də yaranıb. Ancaq buna baxmayaraq neçə il onların ikisi də Adil Əliyevin federasiyasında vitse-prezident olub və heç nəyə nail olmadıqlarına görə elə ikisi də birdən-birə dediyimiz kimi Azər Həsənsoyun federasiyasına transfer olunublar. Namiq Əsgərovun yaxın dostlarının yanında dediyinə görə Adil Əliyevin federasiyasında olduqları müddətdə onlar nəinki heç nəyə nail ola bilməyiblər,əksinə hələ bir xeyli xərcə düşüblər. Amma bildirilir ki, keçən ildən Uşu və Muey-Tay federasiyasına vitse-prezident vəzifəsinə seçiləndən sonra onların vəziyyəti xeyli yaxşılaşıb.
Belə ki, bunun sübutu kimi, məsələn ,Namiq Əsgərovun Milli Olimpiya Komitəsi tərəfindən mükafatlandırılmasını göstərmək olar.
Məlumat üçün bildirək ki, keçən ilin dekabrında Milli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin və birinci xanım, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Mehriban Əliyevanın iştirak etdiyi həmin tədbirdə Azər Həsənsoy və digərləri ilə birlikdə həmçinin Namiq Əsgərov da Milli Olimpiya Komitəsi prezidentinin fəxri fərmanı ilə təltif edilib.
Xatırladaq ki, Azərbaycan keçən il mötəbər beynəlxalq idman tədbirinə – “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi edərək tarix yazdı. On gün ərzində İslam dünyasının idman nəbzi Bakıda döyündü. İslamiadanın yarışları, sözün həqiqi mənasında, əsl idman və həmrəylik bayramına çevrildi, maraqlı və parlaq qələbələrlə yadda qaldı. İdman arenalarında Azərbaycanın dövlət himni 75 dəfə səsləndi, dövlət bayrağı 162 dəfə qaldırıldı. IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsinin Azərbaycanın gücünü, qüdrətini göstərdiyini deyən İlham Əliyevin sözlərinə görə, Azərbaycan istənilən beynəlxalq tədbiri ən yüksək səviyyədə keçirə və eyni zamanda, öz standartlarını tətbiq edə bilər: “54 ölkənin iştirak etdiyi IV İslam Həmrəyliyi Oyunlarında 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanan Azərbaycan böyük tarixi qələbəyə imza atdı.
Bir daha təsdiq olundu ki, Azərbaycan dünya miqyasında güclü idman dövlətidir. IV İslam Həmrəyliyi Oyunlarında idmançılarımızın qələbəsi göstərdi ki, Azərbaycanda həyata keçirilən düşünülmüş siyasət bütün sahələrdə, o cümlədən, idmanda öz bəhrəsini verir”. IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən uşu-sanda üzrə yığma komandamız da bu mötəbər yarışda uğurla çıxış etdi. 2000 ildən çox tarixə malik olan , Çin dilindən tərcümədə “Döyüş Sənəti” demək olan, ənənəvi uşu texnikalarından yaranmış müasir silahsız döyüş idman növü olan və əl-ayaq zərbələri, kürsüdən atma, güləş və müdafiə texnikalarından istifadə etməyə imkan verən uşu-sanda yarışlarında 17 ölkədən idmançılar çıxış edib , ölkəmiz bu idman növündə 7 çəki dərəcəsindən 6-da təmsil olunub. Ötən İslam Həmrəyliyi Oyunlarında 3 idmançı ilə qatıldıqlarını deyən federasiya prezidenti Azər Həsənsoy bir gümüş və bir bürünc medal qazanıldığını vurğulayıb və bildirib ki, Uşu uzrə nəticələrin bütün məsuliyyət onun uzərinə düşüb. “Komandamız 100 faizli nəticə göstərdi: 3 gümüş 3 bürünc və bu nəticədən ötrü hər cür zəhmət çəkilib. Gələn idmançıları və bizim idmançıları analiz edərək , 2 çəkidə qızıl medal qazanacağımıza 100 faiz ümüdüm var idi. Amma bu tam kontakt döyüş növüdür . Hər cür hadisə ola bilər və oldu da. Mənim üçün cənab Prezident İlham Əliyevin verdiyi qiymət ən yüksək mükafatdır . Oyunların nəticələrinə həsr edilmiş görüşdən sonra cənab Prezidentlə komandamız şəkil çəkdirərkən ondan üzr istədim. O isə dedi ki , “uşu üçün 2-ci yer də yüksək nəticədir” ,- deyə Azər Həsənsoy IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən uşu-sanda üzrə yığma komandamızın çıxışı haqda müsahibəsində bildirib.
Əsas mövzumuza qayıdaraq məlumat üçün onu bildirək ki, Namiq Əsgərovun qardaşı Nəzər Əsgərov polis polkovnik-leytenantıdır və Nərimanov RPİ-nin əməliyyat üzrə rəisi müavini vəzifəsində işləyir.
Ölkə mətbuatının yazdığına görə bu vəzifədən əvvəl Nəzər Əsgərov Bakı şəhər BPİ-nin CAİ-nin şöbə rəisi vəzifəsində işləyərkən, Bakı şəhər BPİ-nin əməliyyat üzrə rəis müavini general-mayor Elxan Həsənovun göstərişi ilə jurnalistləri idarəyə dəvət edib və o zaman jurnalistlər idarədə Elxan Həsənov tərəfindən təhdid olunub. Bu hadisə Bakı BPİ-nin rəisi Rafiq Abbasovun dövründə olub. Mirqafar Seyidov Bakı şəhər BPİ-ə rəis təyin olunandan sonra Nəzər Əsgərov Bakı BPİ-dən uzaqlaşdırılaraq Nərimanov RPİ-ə rəisi müavini vəzifəsinə təyin olunur,general-mayor Elxan Həsənov isə vəzifədə qalsa da demək olar ki, səlahiyyətləri əlindən alınır.
Əldə etdiyimiz məlumata görə Nəzər Əsgərov Nərimanov RPİ-ə rəis müavini təyin olunandan sonra DİN tərəfindən yoxlamalar aparılıb və ona, xidmətə yararsız olması ilə bağlı töhmət verilib.
Ancaq buna baxmayaraq ev tikən oliqarx qardaşı Namiq Əsgərovun köməyi ilə o hələ də gələcəkdə hansısa rayon polis idarəsinin, hətta ölkənin böyük şəhərlərindən birinin polis rəisi vəzifəsinə təyin olunmaq arzusu ilə yaşayır.
Uşu və Muey-Tay federasiyası keçən il , İslam Həmrəyliyi Oyunlarında uğurla iştirak etdiyinə görə dövlət tərəfindən bu federasiyaya maraq artıb və bu maraqdan da yararlanandan biri də Namiq Əsgərovdur.
Əlbəttə ,Gənclər və İdman naziri Azad Rəhimovun razılığı olmasaydı Namiq Əsgərov Azər Həsənsoyun federasiyasında vitse- prezident vəzifəsinə təyin oluna bilməzdi və bu məsələdən bəlli olur ki, Adil Əliyevdən küsənlər təkcə Namiq Əsgərov və Ramiz Quliyev deyil. Görünür, küsənlərin siyahısında Azad Rəhimov da var və Adil Əliyevdən küsənlərə nazir özü başçılıq edir.
Mənbənin bildirdiyinə görə Uşu və Muey-Tay fedearsiyasına vitse-prezident seçiləndən bir müddət sonra Namiq Əsgərov özünün yaxın ətrafına deyib ki, “mən 15 il Adil Əliyevin yanında olduğum müddətdə Kikboksinq federasiyasına bir xeyli xərc töksəm də heç nəyə nail ola bilmədim , amma Uşu və Muey-Tay federasiyasının vitse-prezidenti seçilən kimi dövlət tərəfindən mükafatlar almağa nail oldum”.
Sonda onu bildirək ki, Kikboksinq federasiyasından küsənlər yalnız Namiq Əsgərov və Ramiz Quliyevdən ibarət deyil.
Gələn yazımızda oxucularımıza onlardan savayı digər küsənlər barədə şok məlumatlar təqdim edəcəyik.
Şamil Əfəndi
365İNFO.AZ