Qaz borusunu su borusu ilə əvəz edən Qorxmaz Hüseynovun qaynı yarım milyon “cərimələndi”
LEGİON.AZ saytı Hüseynov qardaşlarının qanunsuz əməllərindən çox yazıb; hamamlardan tutmuş SOCAR-dakı maxinasiyalarınacan. 

Ancaq bu dəfə legion.az saytının redaksiyasına Qorxmaz Hüseynovun qaynı Namiq Cəbrayılovun “cərimələnməsi” barədə məlumat daxil olub.

Məlumatda bildirilir ki, Namiq Cəbrayılovun şirkəti Bakıdan cənub istiqamətinə çəkilən qaz xəttində qaz borusunu su borusu ilə əvəz edib və nəticədə qaz həmin borudan keçən kimi boru yararsız hala düşüb. 

Əlbəttə ki, Namiq Cəbrayılov bu hərəkətinə görə cəzalanıb. Hətta onu bununla bağlı "Gənclik" metrostansiyasının yaxınlığında yerləşən restorana çağırıblar və orda ona gördüyü qeyri-peşəkar işə görə ciddi xəbərdarlıq edib yarım milyon “cərimə” ediblər. Bundan sonra yenidən su boruları qaz boruları ilə əvəzlənib. 

Məlumat üçün bildirək ki, qaz borularının cənub istiqamətində çəkilməsi dövlət tərəfindən "Azəravtoyol" un öhdəsinə verilib, "Azəravtoyol" isə öz növbəsində bu işi Vüqar adlı şəxsin şirkətinə həvalə edib. Vüqar adlı şəxs də bu işi Namiq Cəbrayılova verib ki, o qaz borularını su boruları ilə əvəz etsin. Ölkə mətbuatının yazdığına görə “Azərsu” ASC sədri Qorxmaz Hüseynovun qohumunun şirkətində müdhiş maxinasiyalar həyata keçirilir. Q.Hüseynovun qaynı Namiq Cəbrayılovun övladı tərəfindən təsis olunan “Hidro-Lotos” firmasında vəsaitlərin qeyri-şəffaf xərclənməsi barədə də iddialar var. 

LEGİON.AZ saytının emailinə göndərilən məktubda qeyd olunur ki, “Azərsu” ASC-nin sədri qohumunun şirkətinə əlverişli şərait yaradıb. Məktub müəllifləri yazırlar ki, qurumun iri layihələrini həyata keçirən şirkət milyonları havaya sovurur. Əslində şirkətin qeyri-rəsmi icra müdiri Qorxmaz Hüseynovun doğma qardaşı Məhəmməd Hüseynovdur. Onun qaynı oğlu isə rəsmi şəkildə idarəçi kimi təqdim olunub. Ancaq şirkətin Azərbaycan hökuməti içərisində əsas himayəçisi kimi SOCAR-ın rəhbərliyinin də adı çəkilir. Bununla belə, şirkət daxilində ən böyük pay sahibi Q.Hüseynovun özüdür və ən böyük layihələrin tenderdə qalibi bu şirkət olur. Ümumiyyətlə “Azərsu” da baş verən çoxsaylı yeyinti faktlarından ,maxinasiyalardan yerli mediada xeyli araşdırmalar aparılıb, məlumatlar verilib. 

Məsələn, LEGİON.AZ-a daxil olan məlumatda bildirilir ki, ölkədə ən çox yeyinti olan qurumlardan birinin “Azərsu” ASC-i olduğu hər kəsə bəllidir. “Azərsu” da baş verən qanunsuzluqlardan bəhs edən həmin araşdırmada Qorxmaz Hüseynovun digər yaxınları ilə bərabər onun qaynı Namiq Cəbrayılovun da maxinasiyalarda iştirakı xüsusi vurğulanır: ”Dəfələrlə bu idarədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan yoxlamanın nəticəsində ciddi yeyintilər, qanunun pozuntuları, külli miqdarda rüşvət, dövlətin ayırdığı pulların silinməsi faktları aşkar edilib. Heç kimə də sirr deyil ki, bu qurum “qohum-əqraba obyektinə” çevrilib.

“Azərsu” Qorxmaz Hüseynovun yaxın ətrafının talan obyektinə çevrilib və aparılan maxinasiya sistemində əsasən 4 şəxsin adı çəkilir. Onlardan biri, Qorxmaz Hüseynovun bacısı oğlu Yusifəlidir. Digəri qardaşı Məhəmməd, üçüncüsü qaynı Namiqdir, dördüncü isə Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin sədri Akif Məmmədovdur. «Azərsu» prezidenti Qorxmaz Hüseynovun layihələrdən pay verdiyi şəxslərdən biri adını çəkdiyimiz qaynıdır. «Hidro-İnşaat Servis» MMC-nin rəhbəri olan Namiq Cəbrayılov sözün həqiqi mənasında Yusifəli və Məhəmməddən də daha çox paya sahibdir. Onun şirkətin əksər işlərini həyata keçirməsi və bir çox hallarda normal şəkildə işləri görmədiyi üçün problemlər yaratması «Azərsu»da kimsəyə sirr olmayan məsələdir. 

Namiq Cəbrayılovun «udduğu» tenderlərin ən ucuzu 1 milyon dollarlıqdır. Qalanları isə artan rəqəmlər üzrə inkişaf edir. Onun yeznəsinin yanına gedərək, asanlıqla söz deməsi də çətin məsələ sayılmır. Elə buna görədir ki, «Hidro-İnşaat Servis» MMC-nin rəhbəri «Azərsu» prezidentindən asanlıqla böyük məbləğli layihələri ala bilir. 

Məlumat üçün bildirək ki, prezident İlham Əliyevin məmurlarla bağlı imzaladığı fərmanda yaxın qohumların birgə işləməsinin bir çox hallarda yasaq olunmasını nəzərdə tutan müvafiq bənd var. “Dövət qulluğu haqqında” Qanunun tələblərinin pozan Q.Hüseynova xatırlatmaq istəyirik ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən də , yaxın qohumların birgə işləməsinə yol verilmir. Qanunda göstərilib ki, vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər. Qanunun bu maddəsini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeçiliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır. Göstərilən əsaslar üzrə vəzifədən azad olunmuş şəxslər digər orqanlarda, idarə, müəssisə və təşkilatlarda vəzifə tuta bilərlər. Prezidentin bu fərmanı Q.Hüseynov daxil-hər kəs üçün keçərlidir. “Azərsu”ASC dövlətin idarəsidir, hər hansısa kafe, restoran və ya biznes şəbəkəsi deyil ki...

Mövzunu davam edəcəyik.

Murad İbrahimli

LEGİON.AZ