Mərkəzi Neftçilər Xəstəxanasında qanunsuzluq: Xəstənin pulunu alıb, həkim qəbuluna buraxmadılar
Mərkəzi Neftçilər xəstəxanasına burun-boğaz-qulaq xəstəlikləri ilə bağlı müraciət edən İbrahim Quliyev səhiyyə ocağında qanunsuzluqla üzləşib.
A24.Az
 xəbər verir ki, vətəndaş həkim-otolorinqoloq Tural Hüseynovun əvvəlcədən qəbuluna yazılıbmış.
Buna baxmayaraq vətəndaş uzun müddət növbə gözləməli olub.
“Saat 9-30-da xəstəxananın 4-cü mərtəbəsində vəzifəsinin nədən ibarət olduğu bəlli olmayan bir qadın mənim də adımı əlindəki uzun qəbul siyahısına yazıb, məni koridordan pilləkən meydançasına çıxardı və qapını arxadan bağlayaraq gözləməyi tapşırdı. Doğrudur, dar meydançada iki oturacaq var idi, amma onlar məndən qabaq gələnlər tərəfindən tutulduğu üçün çoxları kimi mən də pilləkənlərin üstündə ayaq üstə dayanmalı oldum. Burada qocalar və uşaqlı qadınların əksəriyyəti pilləkənlərin üstünə qəzet sərib oturmuşdu. Düzünü deyim, bu mənzərə mənim yadıma XX əsrin başlanğıcındakı Bakı qul bazarlarını saldı. Düz iki saat gözləyəndən sonra, nəhayət, bayaqki siyahıtutan qadın mənə yaxınlaşıb, ödəniş eləməyi buyurdu. Nə qədər? 30 manat! Dinmədən çixarib verdim, amma əvəzində mənə nə qəbz, nə bir sənəd verdilər. Xanım çox sakitcə pulu alıb cibinə qoydu və məni həkimin yanına ötürmək istədi. Elə bu zaman balacaboy, arıq bir mühafizə işçisi aşağıdan bir xəstə gətirib, dedi ki, bunu filankəs tapşırıb, növbəsiz içəri keçməlidir. Mən etiraz elədim, dedim ki, düz iki saatdır növbə gözləyirəm, mən növbəmi niyə başqasına verməliyəm? Mühafizəçi çox saymazyana şəkildə: – Mən mühafizəçiyəm, – dedi və qabağa keçdi. Başa düşdüm ki, artıq burada mübahisə eləmək yersizdir və əsəblərim getdikcə tarım çəkilir. Ona görə bayaq qəbzsiz, filansız 30 manatımı alıb cibinə basan xanıma yaxınlaşıb pulumu geri istədim. Dedim, mənə sizin həkim lazım deyil. Sənədsiz, qəbzsiz pula alıb cibinə qoyan xanım əvvəl imtina eləmək istədi (imtina etsəydi də, heç bir şey edə bilməyəcəkdim, çünki əlimdə heç birsənəd yox idi), amma insaflı çıxdı. Daha doğrusu, yanındakı digər qadınların təkidi ilə pulu cibindən çıxarıb mənə qaytardı. Doğrusu, bu Tural Hüseynovun necə həkim olmasını deyə bilmərəm, deyirlər, Türkiyədə də olub. Bəlkə də işinin öhdəsindən gələ bilir. Məni sadəcə olaraq narahat edən xəstəxanadakı qanusuzluq, dərəbəylik, vergidən yayınma hallarına imkan verən sənədsiz pul yığımı, insanlara etinasız münasibətdir. Həkim xəstəni toz-torpaqlı pilləkənlərin üstündə saatlarla oturub gözləməyə vadar etməməlidir. Mühafizə xidməti əməkdaşları xəstəxananın mühafizəsi ilə məşğul olmalıdır, həkim-xəstə münasibətinə müdaxilə etməməlidir. Ölkə başçısı insanlara xidmət, sosial sahələrin inkişafı ilə bağlı ardıcıl tədbirlər gördüyü bir halda, kimlərsə öz maraqlarına görə xəstəxananı bazara çevirməməlidir”- deyə İbrahim Quliyev şikayətində bildirib.

LEGİON.AZ