Prokurorluq MTN əməkdaşını cinayət məsuliyyətinə niyə cəlb etmir?
Ölkə mətbuatında artıq üç aydan çoxdur ki, DTX-nin əməkdaşı Anar Məhərrəmov barədə yazılar dərc olunur.

İş adamı Rəfail Hümmətov DTX-nin əməkdaşı Anar Məhərrəmovun ona hədə-qorxu gəlməklə və aldatmaqla külli miqdarda pulunu mənimsəməsi, avtomobillərini və digər əmlaklarını zorla ələ keçirməsi barədə Baş prokuror Zakir Qaralova, Milli Məclisin sədri Oqtay Əsədova, millət vəkili Qənirə Paşayevaya və sonda ölkə başçısına müraciət edib.

Ölkə başçısına ünvanlanan son müraciəti Prezident Administrasiyası öz növbəsində, müraciətdə səslənən şikayətin araşdırılması üçün Dövlət Təhlükəsizlik Xidmətinə göndərmişdir.

Müraciətlərində Rəfail Hümmətov pulunun DTX-nin əməkdaşı Anar Məhərrəmov tərəfindən hədə-qorxu yolu ilə mənimsəməsini və onun tərəfindən təhdid olunmasını xüsusi olaraq vurğulayıb.

Rəfail Hümmətov həmçinin üzləşdiyi problemin ictimailəşdirilməsini və Kütləvi İnformasiya Vasitələrində yayılmasının təşkil edilməsi məqsədi ilə “Qafqaz Hüquq Mərkəzi”nə də müraciət etmişdir.

“Qafqaz Hüquq Mərkəzi” də öz növbəsində bu məsələdə əli olan DYP əməkdaşı barəsində daxili işlər naziri Ramil Usubova müraciət ünvanlamışdır.

Ancaq təəssüflər olsun ki, bütün bu şikayətlərə baxmayaraq vətəndaşın problemi indiyəcən həll olunmamış qalıb, məsələ öz ədalətli həllini tapmayıb.

Belə ki, şikayət DTX-nin İdarə rəisi Faiq Şamilov tərəfindən qeyri-obyektiv araşdırılmış və et-5534 №-li 04.12.2017-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki: “DTX əməkdaşı Anar Məhərrəmovun Hümmətov Rəfail Talıb oğlundan külli miqdarda BORC pul alması və hal-hazıradək həmin BORCU qaytarmaması barədə müraciətinizə baxılmışdır”.

Qeyri-obyektivlik ondadır ki:

“Anar Məhərrəmovun öz vəzifəsindən istifadə edərək hədə-qorxu gəlməklə və aldatma yolu ilə bilavasitə özü Rəfail Hümmətovun 28.600 ABŞ dollar və 7.000 manat məbləğdə pulunu mənimsəməsi;

“Prado” və “Niva” markalı avtomaşınlarını zorla onun əlindən alması;

Rəfail Hümmətovun arvadı Məhbubə Məhərrəmova ilə oğlu Hüseyn Talıblının 20.000 ABŞ dolları məbləğində pulu Anar Məhərrəmovun tələbi ilə ona çatdırılması üçün öz qaynı Bağırov Vüsala vermələri;

Anar Məhərrəmovun tələbi və göstərişi ilə Rəfail Hümmətovun ona yolladığı 130.000 ABŞ dolların ona çatdırılması üçün Rəfailin qardaşı Fəzail Hümmətovun Rzayev Əliyə verməsi və digər əmlakların Anar Məhərəmov tərəfindən Rəfail Hümmətovdan məcburi yolla alması barədə şikayət olunduğu halda, məcburi yolla alınmış pullar və əmlaklar DTX-də aparılan “araşdırma və xidməti yoxlama” nəticəsində hansı səbəbdənsə “BORC”a çevirilmişdir.

“Anar Məhərrəmova heç bir aidiyyətinin olmadığı” bildirilən cavab məktubunda göstərilmişdir ki:

“…cari il ərzində Hümmətov Rəfailin eyni məzmunlu şikayət ərizəsi əsasında xidməti yoxlama aparılmış və nəticədə DTX ƏMƏKDAŞI ANAR MƏHƏRRƏMOVUN ona külli miqdarda PUL BORCUNUN OLMASI ilə bağlı bildirdiyi xüsusatlar TƏSDİQİNİ TAPMAMIŞDIR.

Naməlum səbəbdən zorla alınmış pullar DTX-nin sənədində BORCa çevrilir, digər faktları isə “görmürlər”.

Bundan başqa nə millət vəkili, nə də spiker DTX-nin əməkdaşı Anar Məhərrəmovun özbaşınalığına məruz qalmış vətəndaş tərəfindən onlara ünvanlanan müraciətə reaksiya verməmişlər.

Keçən ilin iyul ayında Rəfail Hümmətovun Anar Məhərrəmovdan Baş Prokurorluğa ünvanladığı 6 sikayət ərizəsinin hamısı əsassız olaraq DTX-yə yönləndirilib, Rəfail Hümmətovun başına gələnlərə Baş prokuror Zakir Qaralov tərəfindən də hüquqi qiymət verilməyib.

Əslində isə törədilmiş cinayət hadisələri barədə şikayətləri ilk növbədə Baş prokurorluq araşdırmalıdır. Amma Anar Məhərrəmovun törətdiyi əməllərə ölkənin baş prokuroru nəyə görəsə göz yumur.

Halbuki Rəfail Hümmətov, Anar Məhərrəmovun ona qarşı etdiyi qanunsuz əməlləri sübut edən bütün sənədləri, onun “Watsapp”la yolladığı səs yazısınadək baş prokurorluğa göndərib ki, bunlar da Anar Məhərrəmovun ifşa olunmasına, cinayət məsuliyyətinə cəlb olunmasına yetərincə bəs edir, əsas verir.

Sual olunur, axı niyə və hansı qüvvə yenə də Baş prokuror Zakir Qaralova təsir göstərərək onu Anar Məhərrəmovun əməllərinə göz yummağa məcbur edir?

365info.az saytı bu barədə yazır, səhərisi gün isə redaksiyamıza zənglər gəlir və müstəqil mətbuata təzyiq göstərilir. Çox maraqlı məntiqdir…

Baş prokurora xitabən soruşuruq ki, prokurorluğun qeyri-obyektiv araşdırmalarına cəmiyyət nə üçün göz yummalıdır? Amma müstəqil mətbuat sizləri azca tənqid edəndə mətbuata təzyiq göstərilir! Guya biz kiminsə sifarişi ilə prokurorluq orqanlarından yazı yazırıq…

Bəlkə elə siz kiminsə xahişi ilə Anar Məhərrəmovun əməllərinə hələ də hüquqi qiymət vermirsiniz?!

Üç aydan artıqdır ki, DTX-nin əməkdaşı Anar Məhərrəmovun törətdiyi əməllər ölkə mətbuatının gündəmini zəbt edib, ancaq siz yenə də Rəfail Hümmətovun şikayətlərini ört-bastır edərək Anar Məhərrəmovu məsuliyyətə cəlb etmirsiniz.

Bəs niyə, cənab baş prokuror?!

Axı qanun hamı üçün eynidir. Necə olur ki, oxşar əməlləri törədən digər şəxslər barədə sizin göstərişinizlə dərhal cinayət işi açılır və onlar məsuliyyətə cəlb olunurlar, ancaq Anar Məhərrəmov hələ də məsuliyyətə cəlb olunmayaraq azadlıqda gəzir və hər yerdə deyir ki, “lazım olan şəxslərin payını çatdırmışam, mənə heç kim heç nə edə bilməz”.

Bəlkə gözləyirsiniz ki, Anar Məhərrəmovun zorla pullarını aldığı zərərçəkmişlərin sayı artsın və onun mənimsədiyi pulların miqdarı milyonu aşıb keçsin,ondan sonra Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri Səmyar Abdullayev kimi, ona da nəzarətinizdə olan Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi açılsın?!

Hələ ki, Rəfail Hümmətovun işində heç bir irəliləyiş yoxdur, ancaq biz yenə də inanırıq ki, nə vaxtsa irəliləyiş olacaq. Vaxtı ilə Eldar Həsənov baş prokuror postu ilə vidalaşandan sonra Siz baş prokuror təyin olundunuz və Eldar Həsənovun dövründə xitam verilmiş minlərlə işləri dərhal ləğv edərək, onlara yenidən baxdınız.

İndi də ümid edirik ki, Rəfail Hümmətovun işində də biz yeni baş prokuroru gözləməli olmayacağıq, elə Sizin rəhbərliyiniz altında Anar Məhərrəmovun əməllərinə hüquqi qiymət veriləcək.

Şamil Əfəndi

DTX ƏMƏKDAŞI ÖZÜNÜ HOSPİTALA “YIXDI”?- “MTN-Çİ RƏİS”İN İŞİNDƏ ŞOK FAKTLAR


DYP ƏMƏKDAŞINDAN RAMİL USUBOVA ŞİKAYƏT OLUNDU