Qorxmaz Hüseynovun qorxmazlığı
Və yaxud “Azərsu”ASC-nin Qobuda “dəfn etdiyi” 8 milyon

Bir neçə gün öncə Abşeron rayonu Qobu qəsəbəsindən Realliq.info – ya müraciət daxil olub. Qəsəbə sakinləri müraciətlərində bildirirlər ki, onlar içməli su problemi ilə üzləşiblər. Vətəndaşlar dəfələrlə “AZƏRSU” ASC – yə müraciət etsələrdə onlara müsbət cavab verilməyib.

Xatırladaq ki, Realliq.info – da bir müddət əvvəl bu mövzu ilə bağlı araşdırma yazı dərc olunmuşdu. Həmin yazıda qeyd olunurdu ki, Abşeron rayonu Qobu və ora yaxın yaşayış məntəqələrinin su təchizatının yenilənməsi üçün bir neçə il öncə layihə həyata keçirilməli idi. Lakin, həmin layihənin və planın həyata keçirilməsi bu günə qədər naməlum səbəblərdən gecikdirilmiş, işlər isə yarımçıq qalmaqdadır.

Məsələ ilə bağlı Realliq.info-nun apardığı araşdırmalar nəticəsində məlum olub ki, Qobu qəsəbəsi və ətraf yaşayış məntəqələrinin su təchizatının yenilənməsi, komunal xəttlərin çəkilməsi, içməli su anbarlarının tikilməsi üçün “Azərsu”ASC tender elan edib və tenderdə fəaliyyəti hamıya qaranlıq qalan “VAST” MMC qazanıb.

Maraqlıdır ki, layihəni həyata keçirməyə borclu olan “VAST”MMC –nin işi yarımçıq qoyması və bir neçə ildir ki, vətəndaşların narazılığına biganə münasibət göstərməsi diqqətimizdən kənarda qalmadı. Qobu sakinlərinin müraciətini nəzərə alaraq Realliq.info – nun əməkdaşları araşdırmalar aparmış və “VAST”-ın əsl sahibini aşkara çıxara bilmişlər.

Saytın araşdırmasının nəticəsi olaraq aydın olur ki, “VAST” MMC “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun kürəkəninə məxsusdur və qayınata – kürəkən işbirliyi Dövlətə 8 milyon manat ziyan vurub.

8 milyonu mənimsəyən Qorxmaz Hüseynov və onun kürəkəni Qobuda su problemini həll etməmiş və insanların haqlı narazılığına səbəb olmaqdadırlar.

Readaksiyamıza müraciət edən Qobu sakinləri Realliq.info saytı vasitəsilə Ölkə başçısından kömək istəyirlər: “Hörmətli Prezident! Biz qobulular hər dəfə “Azərsu”ASC rəhbəri Qorxmaz Hüseynova müraciət edəndə bir cavab ala bilmirik. Dövlət büdcəsindən Qobunun su təchizatının düzəlməsi və içməli su probleminin həlli üçün 8 milyon manat ayrılsada qəsəbə sakinlərinin problemləri həll edilmir. Qorxmaz Hüseynov, kürəkəni - “VAST”MMC nin rəhbəri ilə işbirliyinə girərək milyonları silib mənimsəyib. İndi də kürəkəni və qohumları bizə deyir ki, pul yoxdur. Biz qobulular Sizdən xahiş edirik. Bu məmurların özbaşınalığına son qoyulması və qəsəbənin su probleminin həlli üçün tapşırıq verəsiniz”.

Qobu sakinlərinin müraciətlərinin cavabsız qalmayacağına ümid edirik.

Realliq.info “Azərsu”ASC nin sədri Qorxmaz Hüseynovun SOCAR prezidenti Rövnəq Abdullayev tərəfindən dəstəkləndiyini qeyd etmişdi. Təəssüflər olsun ki, SOCAR şefinin gölgəsində olan məmurlar son illər insanların qəniminə çevrilib və süni problemlərin yaranmasına səbəbkar olmaqdadırlar. Dövlətin siyasi kursuna qarşı olan bu fəaliyyətin genişlənməsi cəmiyyətdə birmənalı qarşılanmır. Lakin Qorxmaz Hüseynov və onun qohumları cəzasızlıq mühitindən yararlanaraq dövlətə milyonlarla ziyan vurmaqdadırlar.

“Azərsu”ASC –nin rəhbərliyi təkcə qobuda saxta layihələr həyata keçirməyib. Bakının bir sıra rayonlarında da bu kimi fəaliyyətlə saxta sənədləşmələr aparan təşkilat əməli işlərdən kənar qalıb.

Qobuda su problemi ilə bağlı yaranan narazılıq və müraciətlərə aydınlıq gətirmək məqsədilə Abşeron rayon icra hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətindən bildirdilər ki, qəsəbənin su problemi çoxdan həll edilməli idi. İndi “Azərsu” deyir pulumuz yoxdur. Bizdə insanların haqlı olduğunu bilirik. Amma problemin həllinə məsul orqan “Azərsu” ASC-dir.

“Azərsu”ASC –dən sorğularımızı cavablandırmadılar. “VAST”MMC-nin rəhbəri Söhrab İmanov isə bildirdi ki, “Azərsu”ASC layihəyə ayrılan pulu versin ki, biz də işimizi görək.

Məsələnin ittiham olunan tərəfi isə açıqlama verməkdən qaçır. Səbəb bəllidir, pul ayrılıb və Qorxmaz müəllim və kürəkənindən başqa kimsə pulun yerini bilmir. 

Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Ümid edirik ki, “Azərsu”Asc –nin sədri Qorxmaz Hüseynovun qanunsuz əməllərinə hüquqi qiymət veriləcək və narazı insanların haqlı tələbləri həyata keçiriləcək.Realliq.info