Nərimansayağı “yığım“, “qırxım” kampaniyası uğurla davam etməkdədir
Bəli, Nəriman adı cəmiyyətimizdə geniş yayılmış olsa da, o adın daçıyıcılarının çox az bir qismi mətbuat səhifələrinin qəhramanına çevrilir.

Təbii ki, bu şəxslər vəzifə sahibi, məmur kürsüsündə uzun müddət özünü “təminat “ və rahatlıq bolluğunda hiss edən “ tanınmışlar “ olurlar.

Əlbəttə, Nəriman deyəndə ilk olaraq yaddaşımızda görkəmli dövlət xadimi, böyük mütəfəkkir yazıçı Nəriman Nərimanovun surəti canlanır. Bu adın daşıyıcılarının heç olmazsa azacıq da olsa ona bənzəməsini istəyirik.

Amma neyləyəsən ki, ağ xalatlı həkim adı daşıyan hər Nərimandan “ Molla Pənah” olmaz.

Bəli, yəqin hörmətli oxucular mövzumuzun nədən ibarət olduğunu duydular. Yəqin ki, paytaxtımızın göbəyinin tən ortasında 1 nömrəli Bakı Tibb Kollecini çoxları yaxşı tanıyır. Bu kollecin diqqətəlayiq uğurları, orta təhsilli tibbi kadrların hazırlanması sahəsindəki məqsədyönlü fəaliyyəti artıq nastalgi ilə xatırlanmaqdadır. Kollecin başına Nəriman Mövsümovun keçməsindən sonra tədris işində köklü dəyişikliklərin bünövrəsi qoyulub.

Bəs nə bilmişdiniz? Ağzıgöyçəklik eləmirik. Qulağımıza pıçıldanan kollec əhvalatlarından əməlli-başlı baməzə bir kitab yazmaq olar. Oxuyan bilməz ki, qəşş eləyib gülsün, yoxsa orada təhsil alan tələbələrin halına ağlasın. Vallah, bir qəmisiyə təşkil edib birinci kurs mamalıq fakultəsi, üçüncü kurs tibb bacısı fakultəsi və eləcədə başqa fakultələrin tələbələrini xəstənin venasına, dəri altına iynə vurma, sistem qoşma bacarığı yoxlanılsa, doğurdan da ağlamalı vəziyyətlə üzləşərik.

Tələbələrə burda sənətin sirrlərini yox “yığım kampaniyasında” fəal iştirak etməyin sirrlərini, “plan və öhdəliklərin” doldurulmasında fərqlənmək tapşırığı verilib. Bəzən bu “yığım” sözünü “qırxım” ifadəsi ilə də əvəzləyirlər. Tələbələrin zarafatyana sessiya vaxtı ilə kasıblaşmalarını ciblərini açaraq “Qırxılıqla bu gün qırxılıb qağa, tüklənməsi uzun çəkər bu gün bir çaydan çay almaq sənlikdir” deyə bir-birlərinə zarafatlarını izhar eləmələri artıq ənənə halı alıb.

Bu “qırxım” keçmiş kolxozlarda, sovfozlardakı sürülərin qırxım kampaniyasına çox bənzəsə də plan dövlət tərəfindən yox, hörmətli Nəriman müəllimin bığaltı necə qımışmasından formalaşır. Bilirsiniz, əslində doğru da eləyir. Yəni tələbə imtahandan üzügülər çıxması üçün “şirinlik” verirsə bu yaddaşa həkk olunur, nə vaxtsa xatırlanır. Nəriman müəllim də onlarda xoş xatirə, ovqat yaratmaq üçün əslində bu “yığım” “qırxım” kampaniyalarının startını verir sessiyalar dövründə.

Tələbədi də, hərə hər imtahanda bir cağ əllilik, bütövlükdə sessiya vaxtı yeddicə yüz manat ”tərləsə” dünya dağılmaz ki. Birinci kursda təhsil alan mamalıq və üçüncü kurs tibb bacısı fakultələrinin tələbələri bu “gərəkli” işin öhdəsindən gəlməyi bacarırlar. “Staros” da “dəmir seyf” rolunu oynayır. O, “seyfin” qapılarının açarlarının harada olduğunu təkcə fakultə dekanları bilirlər, desək yəqin ki, yanılmarıq. Allah bazar versin, yoxeee çaşdım, siz allah üzr istəyirəm, elə demək istəmədim.

Əslində bu özü bir hobbidir, azardı, Nəriman həkimin vurduğu peyvənd və iynənin təsiri təhsil dövründə öz təsir gücünü itirmir. Bu da bir təcrübədir, sınaqdır, gələcək ağ xalatlı tibb işçilərimiz üçün. “Nəriman iynələri” “yığım” və “qırxım” kampaniyaları haqqında yazmaqla qurtaran deyil.

Bu yerdə yazıya nöqtə qoyuruq. İnşallah mövzunu davam etdirəcəyik.

P.S. Qarşı tərəflə əlaqə yaratmaq cəhdimiz baş tutmadı. Onların da mövqeyini dərc etməyə hazırıq. 10may.az

LEGİON.AZ