Yalçın İmanov cəza qərarını ala bilmir
Ötən il noyabrın 20-də vəkillik fəaliyyəti dayandırılan Yalçın İmanov haqqında çıxarılan qərarı ala bilmir. Bu barədə Yalçın İmanov özü danışıb.

Onun sözlərinə görə, dəfələrlə Vəkillər Kollegiyasından Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarının surətini istəsə də, sənəd ona təqdim edilməyib: “Noyabrın 30-da müracaiət etmişəm ki, qərarın surətini versinlər, 1 ay sonra protokoldan çıxarış göndəriblər. Sonra yanvarın 10-da müraciət edib iclasın stenoqramını və qərarın surətin istəmişəm. Yəni məni qanunvericiliyin hansı müddəasını, hansı normanı pozduğum üçün cəzalandırırlar, bilmirəm. Protokolda bu barədə heç nə yoxdur. Məhkəmə prosesinin fevral ayında baş tutacağını gözləyirəm. Mən işin ölkə instansiyalarında sürətlə yekunlaşmasını istəyirəm ki, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edim. Bizim məhkəmələrdə ədalətli qərar çıxarılacağına heç bir inamım yoxdur”.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkil Yalçın İmanovun vəkillikdən uzaqlaşdırılması üçün məhkəməyə müraciət qərarı qəbul edib. Məhkəmə baxışına qədər Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırılıb. Rəyasət Heyəti qərarı Penitensiar Xidmət rəhbərliyinin şikayəti əsasında qəbul etdiyini bəyan edib.

Penitensiar Xidmətin şikayətində bildirilib ki, Yalçın İmanov hüquqlarını müdafiə etdiyi Abbas Hüseynova Qobustan həbsxanasında işgəncə verilməsi haqda yalan məlumat yayıb.

Beynəlxalq təşkilatlar Yalçın İmanovun vəkillik fəaliyyətindən uzaqlaşdırılmasını pisləyib.

LEGİON.AZ