Rusiyadakı nüfuzlu diaspor təşkilatlarımızın rəhbərləri xeyriyyəçi diasporçu ilə bağlı prezidentə müraciət etdilər
Diaspor rəhbərləri Rusiya vətəndaşı olan iş adamı,fəal diasporçu Rəfail Hümmətovun başına gətirilənlərə qanun çərçivəsində qiymət verilməsi üçün ölkə başçısına müraciət edirlər

“Rusiya vətəndaşı olsa da, Rəfail Hümmətovun qəlbi həmişə doğma Azərbaycanla döyünən və Sizin də böyük inam bəslədiyiniz xeyriyyəçi iş adamı olan həmyerlilərimizdəndir”
 

“Hümmətovların təqib-təzyiqlərə məruz qalmalarının başlıca səbəbi, Rəfail Hümmətovun bu beş il müddətində Anar Məhərrəmova külli miqdarda pulunu qanuni yolla ondan geri tələb etməsidir”
 

Çox hörmətli Cənab Prezident!
 

Bu yaxınlarda rəhbəri olduğumuz və Rusiya Federasiyasının Novosibirsk vilayətində uzun zamandır faydalı diaspor fəaliyyəti ilə məşğul olan Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun və Türkdilli Xalqlarla Slavyan Xalqları arasında «Sodrujestvo» Əməkdaşlıq Fondunun ünvanlarına, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətində başdansovdu aparılmış bir araşdırma prosesesinə dərin narazılıq ifadəsi olan məktub daxil olub. Məktub müəllifi – Rusiya vətəndaşı, fəal diaspor nümayəndəsi və iş adamı Rəfail Talıb oğlu Hümmətovun doğma Vətəni Azərbaycanda başına gətirilənlər, Rusiyanın hər yerindəki nüfuzlu diaspor qurumlarında olduğu kimi, bizim təşkilatlarda da, ciddi reaksiya doğurdu.

Əslən Tovuz rayonunun Düz Qırıqlı kəndindən olan Rəfail Hümmətov, öz məktubunda qeyd edir ki, beş ilə yaxındır həmkəndliləri –Milli Təhlükəsizlik Nazirliyinin Göygöl rayon şöbəsinin rəisi Anar Məhərrəm oğlu Məhərrəmovun və «Seyidəli» ləqəbli Əli Həsən oğlu Seyidovun qanunsuz hərəkətləri, özbaşınalıqları, təhdid və hədə-qorxuları ilə üz-üzədir. Onların hegemonçuluq xarakterli əməllərindən, Rəfail Hümmətovun Düz Qırıqlı kəndində yaşayan həyat yoldaşı və üç övladı da, olmazın əzab-əziyyət çəkirlər.
 

Hümmətovların təqib-təzyiqlərə məruz qalmalarının başlıca səbəbi, Rəfail Hümmətovun bu beş il müddətində Anar Məhərrəmova, Əli Seyidovun təklifi ilə, üst-üstə verdiyi külli miqdarda pulunu –166.700 (yüz altmış altı min yeddi yüz) ABŞ dollarını və 7.000(yeddi min) manatı – qanuni yolla ondan geri tələb etməsidir.
 

Məbləği böyük olan bu pul, Tovuz rayonunda şərikli iş qurmaq adıyla, Rəfail Hümmətovdan «qoparılıb». Lakin edilən təkliflər sonda dələduzluğun bariz nümunəsi kimi ortaya çıxıb. Aldandığını görən pul sahibinin verdiklərini xahiş-minnətlə geri istəməsi xeyli müddət nəticəsiz qalıb; Üstəlik, özü qarışıq, ailəsi də, sabiq «mtnçinin» təqib-təzyiqlərindən, hədə-qorxularından, təhdidlərindən təngə gəliblər.

Rəfail Hümmətov məcburiyyətdən Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına müraciət etmək qərarına gəlib; Pullarının geri alınmasını, özünün və ailəsinin pozulmuş hüquqlarının bərpasını, əsl günahkarların məsuliyyətə cəlb olunmasını onlardan xahiş edib. Respublika Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə dəfələrlə etdiyi şikayətlərin müsbət nəticəsi olmayıb.

Naəlac qalan Rəfail Hümmətov, sonda, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına müraciət ünvanladığını bildirir. Prezident Administrasiyasından baxılması üçün DTX-yə göndərilmiş müraciətinə də, eynən Daxili İşlər Nazirliyindən və Baş Prokurorluqdan aldığı cavablar kimi, başdansovdu cavab alıb. DTX-nin idarə rəisi Faiq Şamilovun imzası ilə verilən cavabda da, göstərilib ki, şikayətçinin ərizəsi əsasında xidməti yoxlama aparılıb və nəticədə, DTX əməkdaşı Anar Məhərrəmovun ona külli miqdarda pul borcunun olması ilə bağlı bildirdiyi xüsusatlar təsdiqini tapmayıb: Guya ki, onların ortaq tanışları – Şəmkir rayon sakini Əli Müseyib oğlu Rzayev qeyd edilən külli miqdarda pulu Rəfail Hümmətovdan şəxsi biznes qurmaq üçün aldığını, pulları biznes fəaliyyətinə sərf etdiyini, həmin pulların DTX əməkdaşı Anar Məhərrəmova heç bir aidiyyatının olmadığını bildirib.
 

Çox hörmətli Cənab Prezident!
 

Rəfail Hümmətov yazdığı məktubunda onu da göstərib ki, şikayət xarakterli bu müraciətini yalnız bizim rəhbəri olduğumuz diaspor təşkalatlarına deyil, həm Rusiyanın ayrı-ayrı regionlarında nüfuzu olan digər diaspor qurumlarımıza, həm də Rusiyanın Azərbaycandakı, Azərbaycanın Rusiyadakı səfirliklərinə, hətta Federasiyanın hüquq-mühafizə orqanlarına ünvanlayıb. Elə, bu xoşagəlməz səbəbdən doğan ciddi narahatçılıq da, bizi şəxsən Sizə müraciət ünvanlamağa vadar edib. Çünki Rusiyanın bu böyük regionunda uzun zamandır nüfuz sahibləri olan bu təşkilatlarımız, bütün dövrlərdə, ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu Azərbaycan dövlətçiliyi, milli maraqlarımız naminə çalışıb, onun layiqli davamçısı kimi, ölkə rəhbəri postunda Sizin apardığınız möhtəşəm daxili və xarici siyasətə, birmənalı şəkildə, inam, ehtiram, sədaqət və güclü dəstək nümayiş etdirib. Daim fəxrimizə çevrilən bu möhtəşəm siyasətinizə kölgə salacaq hər hansı məsələnin  doğma Azərbaycan səviyyəsindən kənarda müzakirəyə çıxarılmasının əleyhinə olub: Bu istiqamətdə olduqca çətin mübarizələrdən belə, heç vaxt çəkinməyib – hesab etmişik ki, belə xoşagəlməz işlər Azərbaycan xalqına başucalığı gətirməz.  

Çox hörmətli Cənab Prezdient!
 

Məhz, bu səbəbdən, Sizdən xahiş edirik ki, Rusiya vətəndaşı olan fəal diasporçu Rəfail Hümmətovun başına gətirilənlərə qanun çərçivəsində qiymət verilməsi üçün, əlaqədar dövlət qurumlarına ciddi göstərişlərinizi verə, bu işi öz nəzarətinizdə saxlayasınız! Biz Sizə arxayınıq və ədalətli qərar qəbul edəcəyinizi gözləyirik. Bizcə, bu, həm də doğma Vətəndən kənarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan tanınmış həmyerlilərimizin Azərbaycana sərmaye qoyub, iş yeri açmaları üçün Sizin tribunalardan etdiyiniz çoxsaylı çağırışlara daha bir inam yaradardı.
 

Sonda, onu da nəzərinizə çatdırırıq ki, Rusiya vətəndaşı olsa da, Rəfail Hümmətovun qəlbi həmişə doğma Azərbaycanla döyünən və Sizin də böyük inam bəslədiyiniz xeyriyyəçi iş adamı olan həmyerlilərimizdəndir. Uzun zaman doğma Vətənindən uzaqlarda min bir əziyyətlə qazandıqlarını el-obasının rifahı naminə xərcləməkdən  heyfislənən də deyil. Doğulub, boya-başa çatdığı Tovuz rayonunun abadlaşdırılması üçün əlindən gələni əsirgəməyib. Burada gördüyü alqışalayiq xeyriyyə işlərindən hamı ağızdolusu danışır. Lakin onun özü etdiyi yaxşılıqlar barədə danışan, bunu reklam edən də deyil.

Sonda dediklərimizi nəzərə alıb, dara düşənə kömək əli uzadacağınıza bir daha qəti əminik və ona göstərəcəyiniz köməyə görə, biz də, Sizə qabaqcadan minnətdarlığımızı bildiririk
     
      08.01.2018
 
      Dərin hörmətlə,
 
      Mirtağı Heydər oğlu Seyidov
 
      Heydər Əliyev adına Beynəlxalq Azərbaycan
 
      Forumunun Prezidenti,
 
      Ünvan: Россия. 630004, г. Новосибирск, ул. Ленина 57      
 
 
     Fərman Tağı oğlu Rəsulov
 
     Türkdilli Xalqlarla Slavyan Xalqları Arasında
 
     «Sodrujestvo» Əməkdaşlıq Fondunun Prezidenti
 
     Ünvan: Россия. 630004, г. Новосибирск, ул. Челюскинцев, 18/57,
 
   
365İNFO.AZ