Ermənistandakı böhranın kökündə işğalçılıq siyasəti dayanır
İqtisadi tənəzzül, aclıq və səfalət yürütdüyü işğalçılıq siyasəti ilə özünü təcrid vəziyyətinə salmış Ermənistanın real mənzərəsidir. Ölkədə sosial layihələr həyata keçirilmədiyindən əhalinin həyat səviyyəsi hər ötən gün ağırlaşır.

LEGİON.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, büdcəni xarici ianələr hesabına doldurmağa çalışan Ermənistan hökuməti indi də ölkə diasporunun hədəfindədir. Avropa Erməniləri Assosiasiyaları Forumunun sədri Aşot Qriqoryan investorları ayıq-sayıq olmağa və Ermənistana sərmayə qoymamağa çağırıb. O, diaspor üzvlərinə nə qədər ki, ölkə rəhbərliyində Serj Sarkisyan və Karen Karapetyan var Ermənistana getməməyi məsləhət görüb.

Ermənistanda uğursuz investisiya təcrübəsindən danışan diaspor təşkilatının rəhbəri bildirib ki, hökumət əhaliyə daim yalan danışır. Onların fırıldaqçılığına görə Ermənistanda investisiya yatırmağa maraq göstərən insanlar oradan qaçır. Diaspor ölkəyə kifayət qədər pul xərcləyib, biznes planlar hazırlanıb, lakin bütün səylər boşa çıxıb. Sərf olunan pullar təyinatı üzrə istifadə edilməyib. Belə olsaydı, Ermənistan iqtisadiyyatı tənəzzülə uğramaz, əhali isə normal şərtlər altında yaşayardı. Ölkədə isə hazırda böhran, aclıq və səfalət hökm sürür. Bütün bunların kökündə hökumətin yürütdüyü işğalçılıq siyasəti dayanır. Hakimiyyət illərdir ki, Dağlıq Qarabağ kartından öz maraqları üçün istifadə edir. Bu ölkənin ötən əsrin 90-cı illərində Azərbaycana qarşı başlatdığı ərazi iddiaları birinci növbədə sadə vətəndaşlara təsir edib.

Hökumət həmin dövrdə Ermənistana köçən ermənilərdən istifadə edərək xarici təşkilatlardan külli miqdarda pul alır. Bu məsələni araşdıran "Epress.armenia” xəbər portalı ortaya maraqlı faktlar çıxarıb. Məlum olub ki, Ermənistan hökuməti bütün səfirliklərə Azərbaycandan gələn ermənilərin ölkələrinə buraxılmaması tapşırığını verib. Abovyanda məskunlaşan Stella Arutunyan ağır şərtlər altında yaşadıqlarını deyib. Qeyd edib ki, onlar Ermənistanda girov kimi yaşayırlar. Bir vaxtlar Azərbaycanda yaşadıqları həyat tərzindən burada əsər-əlamət yoxdur. Yerli ermənilər onlara düşmən münasibəti bəsləyirlər. Stella Arutunyan hələ aylar əvvəl "Epress.armenia” portalının jurnalistinə belə bir sual verib: "Siz belə şərtlər altında yaşasaydınız Ermənistan vətəndaşı olmaq istərdinizmi? Burada bizə yer yoxdur. S.Arutunyan Ermənistanda yaşayan əhalinin iflas, işsizlik, pul vəsaitinin çatışmazlığı kimi problemlərə dözə bilmədiyini qeyd edib. Bu səbəbdən ölkəni tərk etmək istəyənlər arasında o da var. Lakin buna onun heç bir fürsəti qalmayıb. Ermənistan Miqrasiya Xidmətinin rəhbəri Qaqik Yeqanyan bildirib ki, qaçqınlara ev tikmək üçün büdcədə pul çatmır, heç bir perspektiv də gözlənilmir.

LEGİON.AZ