İcra başçısı köçkünləri hədələyir- AİLƏ BAŞÇILARINIZI HƏBS ETDİRƏCƏM!
Goranboyda köçkünləri işıqsız qoydular
Goranboy rayonunun Xoylu kəndindəki fermada məskunlaşan bir neçə Kəlbəcər köçkünü ailəsi növbəti dəfə elektirik enerjisinin təminatından məhrum edilib.
LEGİON.AZ xəbər verir ki, bu barədə Gununsesi.infoya məlumat verən köçkün ailələrinin sözlərinə görə, rayonun elektrik şəbəkəsinin əməkdaşları köhnə borc adı ilə onlara verilən elektirikin təminatını dayandırblar.
Yaşadıqları fermada təbii qazın olmadığını deyən köçkünlər yaşlı insanların və körpə uşaqların hazırda  beton divarlar arasında soyuqdan donduğunu deyib. Üzləşdikləri qanunsuzluqla bağlı etirazlarını DİN-nin 102 xidmətinə zəng etməklə ifadə edən kəlbəcərlilər rayon mərkəzinə yürüş etmək istədiklərini ifadə edib.
Ancaq DİN-ə edilən bu zənglərdən sonra rayon icra başçısı Nizaməddin Quliyev köçkünləri hədələdib. Belə ki, ailə başçılarını həbslə hədələdən Nizaməddin Quliyev onlardan sakit oturmağı tələb edib. Köçkünlər onu da bildirib ki, Xoylu kəndinə gedən qaz kəməri yaşadıqları fermadan 300 metr aralıdan keçsə də bunu çəkməyə imkanları yoxdur: “Nizaməddin Quliyev bizi hədələməkdənsə bu məsələni həll etsin”.
Qeyd edək ki, yarıtmaz idarəçiliyi, korrupsiya və bir sıra qalmaqallı işlərdə adı keçən Nizaməddin Quliyevin köçkünləri hədələməsi birinci hal deyil. Bundan əvvəl də anoloji hallar baş verib.
Kəlbəcər köçkünləri kommunal xidmət problemlərinin uzun zamandır davam etdiyini vurğulayaraq, Prezident Admnistrasiyasına yollanacaqlarını da əlavə ediblər.

LEGİON.AZ