Daşkəsən RİH-dən aprel qazisinin şikayətinə reaksiya: ”Bu işin icra başçısı Əhəd Abıyevə heç bir aidiyyəti yoxdur”
30.01.2018-ci il tarixində LEGİON.AZ saytında vətəndaş aprel qazisi Arzu Məmmədovun şikayəti əsasında "Aprel qazisini Daşkəsən RİH-də belə aldatdılar... - ŞİKAYƏT" başlıqlı yazı dərc olunmuşdur. Yazı dərc olunandan bir müddət sonra redaksiyamıza Daşkəsən RİH-dən yazıya cavab məktubu daxil olmuşdur. Həmin məktubu olduğu kimi təqdim edirik:

"Sizin 30.01.2018-ci il tarixli  “Aprel qazisini Daşkəsən RİH-də belə aldatdılar” başlıqlı yazıya cavab olaraq bildiririk ki, Gəncə şəhərində qeydiyyatda olan Məmmədov Arzu Ramiz oğlunun yaydığı məlumatlarla əlaqədar bildiririk ki, onun arvadının əmisi qızı Bayramova İlhamə İsa qızı barəsində 26 yanvar 2017-ci il tarixdə Daşkəsən rayon Polis şöbəsində başlanılmış cinayət işinin istintaqı Daşkəsən rayon Prokurorluğunda davam etdirilmişdir.

Daşkəsən rayon Prokurorluğunda aparılmış obyektiv istintaq zamanı Arzu Məmmədovun ərizəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmamış, yazdıqları əsassız sayılaraq cinayət işində onunla bağlı hissəsinə 13.11.2017-ci il tarixli Qərarla xitam verilmişdir.

Gəncə şəhərində qeydiyyatda olan Məmmədov Arzu Ramiz oğlu istintaqa ərizə verərək İlhamə Bayramova tərəfindən guya Gəncə şəhərində əlillər üçün nəzərdə tutulmuş çoxmənzilli yaşayış binasından ona mənzil verilməsi adı ilə aldadılaraq 20 min manat pulunun ələ keçirməsini göstərsə də, həmin xüsusat öz təsdiqini tapmamışdır.

Faktlarla müəyyən olunmuşdur ki, Arzu Məmmədov ilə İlhamə Bayramova arasında yaranmış mübahisə Gəncə şəhərində əlillər üçün tikilməkdə olan çoxmənzilli yaşayış binasından mənzil verilməsi ilə əlaqədar deyil, İlhamə Bayramovanın Arzu Məmmədovdan hər ay 10 faiz sələm ödəmək şərti ilə 6 min manat məbləğində götürdüyü borcla bağlıdır. Onlar arasında mübahisə sələm borcunun qaytarılmamasından sonra yaranmışdır. Onların bütün telefon danışıqları və digər təsdiqini tapmış sənədlərlə bu fakt sübuta yetirilmişdir.

Daşkəsən rayon Prokurorluğunda məsələ ilə bağlı Arzu Məmmədovun şikayətinin əsassız olduğu barədə 13.11.2017-ci il tarixli qanuni Qərar qəbul olunmasına baxmayaraq, A.Məmmədov həmin qərardan bu günədək şikayət və narazılıq etmədiyi halda, maraqlıdır, kimlərinsə tapşırığı ilə bu gün Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev haqqında əsassız məlumatları özlərinin maraqlarını təmin etmək məqsədi ilə yaymaqdadır.

Arzu Məmmədovun adından müxtəlif saytlarda Əhəd Abıyevlə barədə dərc olunan məlumatlar tamamilə əsassız olmaqla, onun öz çirkin əməllərinə haqq qazandırmaq cəhdidir və hədə-qorxu gəlmək yolu ilə pul əldə etmək məqsədi daşıyır.

Bayramova İlhamə İsa qızının digər cinayət əməlləri ilə bağlı Daşkəsən rayon Prokurorluğunda istintaq olunmuş cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Hal-hazırda İlhamə Bayramovanın cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır. Cinayət işinə məhkəmədə baxılarkən bununla bağlı KİV-lərdə və sosial şəbəkələrdə qeyri-obyektiv məlumatların dərc edilərək ictimailəşdirilməsi ədalət mühakiməsinə təsir və təzyiq göstərilməsi kimi qiymətləndirilir və bu cür hərəkətlər qanunazidd olmaqla yolverilməzdir.

Belə ki, bu işin Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevə heç bir aidiyyəti və bağlılığı yoxdur. Bu, Arzu Məmmədovun həyat yoldaşının əmisi qızı İlhamə Bayramova ilə öz aralarında Gəncə şəhərində yaranan sələmlə verilən borc pul mübahisəsidir".

Vüqar Məmmədov Daşkəsən Rayon İcra Hakimiyyətinin İnformasiya Təminatı və Təhlil Sektorunun müdiri

LEGİON.AZ