Qoşqar Təhməzlinin həmyerlisi “Qafqaz Xəbər”i məhkəməyə Verdi
365info.az saytı Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin həmyerlisi Xaliq Abbasovdan bir neçə yazı dərc edib.

Ancaq nədənsə 365info.az-ın əvəzinə dövlət agentliyinin yeni təyin olunan sədri öz həmyerlisi Xaliq Abbasovun vasitəsi ilə “Qafqaz Xəbər Agentliyi”ni məhkəməyə verib.

“Qafqaz Xəbər Agentliyi”nin direktoru Araz Məmmədov Legion.az saytın əməkdaşına bununla bağlı bildirib ki, onların agentliyi Qoşqar Təhməzli barədə heç bir özəl yazı yazmayıb, əksinə agentliyin saytında yeni yaradılan agentlik barədə hər zaman rəsmi xəbərlər verilib: “O ki, qaldı Xaliq Abbasova, mən neçə illik iş təcrübəmdə belə hallarla çox rastlaşmışam. Sadəcə, Qoşqar Təhməzli özü jurnalistləri məhkəməyə vermək istəmir və onun əvəzinə azad mediaya həmyerlisi Xaliq Abbasov müharibə elan edir.

Yəni, bunların hərəkətlərindən bəlli olur ki, Xaliq Abbasov bizə qarşı açdığı məhkəmədə demək olar ki, yeni vəzifəyə təyin olunan məmur Qoşqar Təhməzlini təmsil edəcək. Kiminsə qeyri-dəqiq məlumatına görə guya 365info.az saytı “Qafqaz Xəbər Agentliyi”nə yaxın olan sayt sayılır. Bu yanlış fikirdir. 365info.az saytının rəhbəri var, özü də təcrübəli jurnalist Anar Asimoğludur. Bu gün bir çox saytlar Anar Asimoğlunun rəhbəri olduğu sayta istinadən özəl, maraqlı yazıları öz saytlarında yerləşdirirlər.

Ancaq bu o demək deyil ki, “Qafqaz Xəbər”in 365info.az saytına nəsə bağlılığı var. Məhkəməyə veriblər, bu onların hüququdur, ancaq kimsə səhv addım atanda onun əks nəticəsini də fikirləşməlidir. Məhkəmə məsələsindən sonra bəzi yaxın yoldaşlar ehtiyatla Qoşqar Təhməzlinin adını çəkərək bizdən narahat olaraq söyləyirlər ki, “O çox qüdrətli məmurdur. Siz kimə baş qoşmusuz?!”

Ancaq düşünürəm ki, kimliyindən asılı olmayaraq hər hansı bir məmur azad mətbuatda haqqında yazılanlara öz münasibətini bildirməlidir. Lakin görünür Qoşqar Təhməzli başqa yolu seçib;o medianın qarşısına çıxmaq əvəzinə öz həmyerlisi Xaliq Abbasovun əli ilə azad medianı məhkəməyə verir. Yaxşıdır...Əgər Qoşqar Təhməzli öz fəaliyyətinin ilk ayından belə başlayıbsa, yəqin ki, onun rəhbərlik etdiyi agentlik tam iş rejiminə keçəndən sonra, bir neçə jurnalist də Qoşqar Təhməzli tərəfindən həbs olunar...”.

Legion.az saytı olaraq ,məsələ ilə bağlı dəfələrlə Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqə yaratmağa cəhd etsək də zənglərimizə cavab verən olmadı. Qeyd edək ki, İddiaçı Abbasov Xaliq Nəriman oğlu Nərimanov rayon məhkəməsində iddia qaldıraraq “Qafqaz Xəbər Agentliyi”ni cavabdeh qismində məhkəməyə verib. Hazırlıq iclası hakim Abbas Əliyevin sədrliyi ilə 13.02.2018- ci tarixində , saat 12:30-da keçiriləcək.

Qarşı tərəfin də fikirini dərc etməyə hazırıq.

Murad İbrahimli

LEGİON.AZ