"60 manat verin, blokdan sahibsiz itləri təmizləyək" - "JEK"-in "tövsiyəsi"
Xətai rayonu, Tusi 19 ünvanında yaşayan sakinləri vahimə bürüyüb. Sakinlər arasında yaranan təşvişə səbəb isə sahibsiz, xəstə bir itin binanın zirzəmisində yuvalamasıdır. 
Cebhe.info-ya şikayət edən sakinlər sahibsiz itdən xilas olmaq üçün aidiyyəti quruma zəng etsə də, heç bir tədbir görülməyib. Zirzəminin təmizlənməsi üçün Xətai rayon 87 saylı Mənzil Kommunal İstismar Birliyinə zəng edib məlumat veriblər. MKİS rəhbəri isə sakinlərlə danışığında ərazinin təmizlədilməsi üçün 60 manat pul yığılmasının vacibliyini vurğulayıb. 
İldə iki dəfə mənzil pulu verən sakinlər isə onlardan 60 manat pulun yığılmasına etiraz edirlər: 
“İldə iki dəfə ödədiyimiz pul nə üçündür? Niyə 60 manat ödəməliyik? MKİS üzərinə düşən öhdəliyi yerinə yetirmirsə, o zaman nə üçün fəaliyyət göstərir. Bu qurum yalnız pul yığmağa yarayır”.
Məsələ ilə əlaqədar Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi ilə əlaqə saxladıq. Bildirilib ki, bu vəsaitin sakinlərdən tələb olunması mümkünsüzdür: 
“MKTB-dən vəsait tələb oluna bilməz”. 

LEGİON.AZ