“Atəşgah Sığorta” Nazirliyə 1000 manatlıq borcunu ödəmir” – AÇIQLAMA
“Atəşgah Sığorta” Ekologiya və Təbii Sərvətlər Nazirliyinə olan borcunu ödəmir. Söhbət sığorta ödənişi üçün evlərə və digər danışmaz əmlaklara dəyən ziyanın müəyyənləşdirilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən alınan arayışlara görə yaranan borcdan gedir.
LEGİON.AZ xəbər verir ki, bu barədə Fins.az-a Nazirliyin Milli Hidrometeorologiya Departamentinin sektor müdiri Zeynəb Babaşova deyib. O bildirib ki, bu xidmətin göstərilməsi qanunla ödənişlidir. Bununla bağlı “Azərsığorta”, “PAŞA Sığorta”, “AzSığorta” və “Atəşgah Sığorta” şirkəti ilə müqavilə bağlanılıb. Bəzi şirkətlər isə müqavilə bağlamadan konkret sorğular əsasında Milli Hidrometeorologiya Departamentinə müraciət edirlər.
Z.Babaşova bildirib ki, qurum 2016-cı ildən “Atəşgah Sığorta” şirkətinin sorğularını cavablandırmaqdan imtina edib. Buna səbəb isə sorğuların müqavilədəki limiti aşmasıdır. O deyib ki, sığorta şirkəti bağlanan müqaviləyə xitam verilməməsini, yaranan əlavə borcların yeni müqavilə ilə ödəniləcəyini bildirib. Amma bu baş verməyib.
Qurum məsələ ilə bağlı dəfələrlə sığorta şirkətinə müraciət etsə də, sığorta şirkətindən hər hansı cavab verilməyib. Z.Babaşova deyib ki, yaranan borcun həcmi cəmi 1056 manatdır.
Bununla belə, sığorta şirkətinin borcunu ödəməməsi onun müştərilərini çətin vəziyyətə salıb: “Evlərinə ziya dəyən vətəndaşların arayışın gecikməsi ilə bağlı dəfələrlə bizə müraciət ediblər. Onlara da bu barədə məlumat vermişik”.

LEGİON.AZ