Oğurluq və quldurluq törədənlər saxlanılıb
Fevralın 6-da Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə müraciət edən qəsəbə sakini olan qadın evindən oğurluq edilməsini bildirib.
DİN-dən Modern.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və mənzildən 4000 manat dəyərində qızıl əşyalarının oğurlandığı məlum olub.         
Əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. Araşdırmalarla onların qəsəbə sakinləri İsmayıl Abdullayev və Məhəmməd Yəhyayev olduqları müəyyən edilib.         
***

DİN-in “102” Xidməti Zəng Mərkəzinə müraciət edən Bakı şəhər sakini olan qadın mənzilində ona qarşı edilmiş cinayət barədə məlumat verib.
Dərhal aidiyyatı üzrə həmin ünvana gələn Nizami RPİ 25-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla mənzilə gələn şəxsin bıçaqla onun əlinə xəsarət yetirərək qiymətli əşya və pul verməsini tələb etməsi, istədiyinə nail olmadığından quldurluq yolu ilə oradan ütü və elektrik manqalını aparması müəyyən edilib.         
Quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Kirill Bakutov polis əməkdaşları tərəfindən saxlanılıb.
***

Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan qadın isə evindən 20000 manat və 400 ABŞ dollarının oğurlandığını bildirib.
Polis əməkdaşları dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Oğurluğun ev sahibinin bacısı Bahar Salahova tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o, saxlanılıb.
Qeyd olunan faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar aparılır.

LEGİON.AZ