Səbaildə iş adamını necə şərlədilər? – İlqar Mahmudov və Müslüm Quliyevin “sirli” arxivi açıldı
Tofiq Eyvazov: “Mən həbsdən çıxandan sonra külli miqdarda dəyəri olan şəxsi əşyalarımı geri ala bilmədim”

MTN çətəsinin “sərgüzəştləri” barədə mətbuatda çox yazılıb, həmçinin, sabiq nazir Eldar Mahmudovun əmisioğlu və Səbail RPİ-nin sabiq rəisi İlqar Mahmudovun da adı çoxuna tanışdır.

Yəni, bu adam Bakıda və respublikada ən az Eldar Mahmudov qədər insanlarda qorxu yaratmaq, bu qorxu hesabına da istədiyini qoparmaq gücünə malik olub.

Hətta bir çox MTN əməkdaşlarının belə bu DİN zabitindən ehtiyat etməsi, hər zaman onun xoşuna gəlməyə çalışması barədə çox danışılır.

İlqar Mahmudovun rəislik dönəmindəki “macəraları” barədə az danışılmayıb.

Həmin yazıda maraqlı məqamlar diqqəti çəkir: “MTN mafiyası”nın sonradan həbs olunan üzvlərinin istintaqında bu məsələ ilə bağlı şahid qismində “Qaradağ maşınqayırma” ASC-nin idarə heyətinin sədri Asif Bədəlovun verdiyi ifadəsində İlqar Mahmudovla bağlı maraqlı epizod var.

A.Bədələov ifadəsində göstərib ki, Səbail Rayon Polis  İdarəsinin rəisi olmuş İlqar Mahmudovla uzun müddət şəxsi münasibətləri olub: “2014-cü ilin sonunda İlqar Mahmudovun otağında öz işimlə bağlı görüşmüşdük. MTN əməkdaşı Fizuli Əliyevlə də orada tanış oldum. 10-15 dəqiqə bir otaqda oturub ümumi söhbətlər etdik. Mən Fizuli Əliyevə öz telefon nömrəmi verdim, o da mənə. Həmin dövrdə Arif Həsənovla da tanış olub müəyyən bir iş görmək istədim. Bir neçə dəfə görüşdük. Aramızda dostluq münasibətləri yarandı. Bir-iki dəfə onun bikef olduğunu görüb səbəbini soruşdum. Şəriki ilə müəyyən maliyyə problemlərinin olduğu barədə qısa danışdıq. Mən də şərikinin qanunsuz fəaliyyəti ilə bağlı MTN-ə müraciət etməsini, Fizuli Əliyevin ona kömək edə biləcəyini dedim. Mən Fizuli Əliyevə zəng elədim. Birlikdə “Sultan” kafesində görüşüb danışdıq. Sonra onlar mənim iştirakım olmadan görüşüblər. 2015-ci ilin yanvar ayında Arif Həsənovla əlaqəm kəsildiyindən sonra baş verənlərdən xəbərim yoxdur”. Sonradan hər iki şərik incidilib və onlardan təzyiq, şantaj yolu ilə külli miqadarda pul alınıb.Və təbii ki, Eldar Mahmudovun əmisi oğlu olan İlqar Mahmudovun bu məsələdən xəbəri olmamış olmazdı”.

Həmçinin, yazıda qeyd olunur ki, həbs olunan sabiq nazir köməkçisi, polkovnik-leytenant Vüqar Mahmudov DİN-nin Bakı BPİ-nin Səbail RPİ-nin keçmiş rəisi İlqar Mahmudovun doğma qardaşıdır.

Onu da bildirək ki, Mahmudovlar ailəsinin törətdikləri cinayət əməllərindən zərər çəkənlərdən biri də keçmiş polis zabiti Mahmud Tağıyev olub.
 

Belə ki, vaxtı ilə M.Tağıyev İlqar Mahmudova 6 min dollar pul verib. Və sonradan ona verdiyi pulu geri istəyəndə İlqar Mahmudov ona “ağıllı” olmağı məsləhət bilib.

M.Tağıyev dəfələrlə İlqar Mahmudovdan pulunu istədikdə isə Eldar Mahmudovdan ona xəbərdarlıq gəlib ki, o sakit otursun, yoxsa onu da bir çoxları kimi yükləyib “sroka” göndərərəm.

M.Tağıyev onu təhdid edən İlqar Mahmudovdan dəfələrlə hüquq müafizə orqanlarına müraciət etsə də, onun şikayətlərinə baxan, araşdırmaq üçün dəvət edən olmayıb.

Bu günlərdə isə redaksiyamıza iş adamı, altı il həbsdə yatdıqdan sonra ötən ilin dekabr ayında azadlığa qovuşan Tofiq Kamran oğlu Eyvazov müraciət edib. 
O qeyd edib ki, 2000-ci illərdə Lənkəranda ona məxsus olan quşçuluq fabrikinin ətrafında “Aqrarkredit”lə məhkəmə çəkişməsi gedirdi. 

“300 min dollarlıq daşınmaz əmlakım girovda olduğ halda, 100 min ABŞ dolları məbləğindəki kredit zorla quşçuluq fabrikinə yönəldildi. O müddətdə mən çətin vəziyyətdə olmağma baxmayaraq, yenə də ayaqda qalmağa və hüquqlarımı qorumağa çalışırdım. Bir gün mənə Səbail RPİ-nin baş müstəntiqi zəng etdi və mən həmin gün idarəyə getdim. Həmin gün də, məni guya tanımadığım bir qadına 50 min ABŞ dolları dəyərində “pul atmaq” ittihamıyla həbs etdilər, tələm-tələsik məhkəmə keçirib, Kürdəxanı təcridxanasına göndərdilər. Bir gün içində uydurma şikayət yazıldı, qondarma cinayət işi açıldı və Müslüm Quliyev mənə “rəis İlqar Mahmudovun göstərişi belədir” deyərək, “ifadə almaq” adıyla aldadıb öz istədiyini yazdırdı, şərləyib həbs etdi”, – deyə T.Eyvazov vurğulayıb.

O qeyd edib ki, idarəyə gələrkən onun üstündə vertu telefon, daş-qaşlı qızıl saat və 20 min manat pul olub.

“Müslüm Quliyev məni “başqa yolun yoxdur” deyə qorxudaraq, 100 minlik “Mercedes S Class” markalı avtomobilimi ömrümdə qarşılaşmadığım qadının adına keçirtdi. Müslüm Quliyev bildirdi ki, sənin işin şəxsən İlqar Mahmudovun nəzarətindədir, ona görə də, dediyimi elə, çıx get evə. İstədiyi kimi izahat yazdırdıqdan sonra isə… Nəticə məlumdur, mən əvvəl Kürdəxanıya getdim, məhkəmədə isə məni yenidən şikayətçi qadına borclu çıxartdılar. Guya heç nə verməmişdim”, – deyə Tofiq Eyvazov bildirib.

Şikayətçi vətəndaş əlavə edib ki, 6 il həbsdə yatdıqdan sonra, azadlığa çıxıb, lakin onun həbs olunarkən üzərində olan bahalı əşyalar qaytarılmayıb.

“Məlumdur ki, o vaxt Müslüm Quliyevin arxasında Eldar Mahmudovun əmisioğlu İlqar Mahmudov dururdu, o da mən və mənim kimi insanlardan mənimsədiyi şəxsi əşyalar və pullar hesabına özünə var-dövlət toplayırdı.

Bu gün İlqar Mahmudov vəzifədə yoxdur, amma Müslüm Quliyev hazırda Nizami RPİ-də istintaq şöbəsinə rəhbərlik edir. Mən üzümü tuturam ölkə rəhbərliyinə, cənab nazir Ramil Usubova, bu insanın əmələrinin araşdırılmasına və mənim “itən” mülkiyyətimin özümə qaytarılmasına kömək etsin” , – deyə Tofiq Eyvazov bildirib.

Məsələ diqqətimizdədir, araşdırmamız davam edir…

Rüfət Əhmədzadə

QAFQAZXEBER.AZ